“Taxıl sazişi”nin müddəti uzadılmasa...

post-img

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, dünən İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl sazişinin uzadılması və taxıl və gübrə tədarükünə dair sazişin Rusiya hissəsinin icrası ilə bağlı iki gün davam edən danışıqlar yekunlaşıb. Türkiyə mediasının xəbərinə görə, Ukrayna, Rusiya Federasiyası və Birləşmiş Millətlər Təşkilatı arasında “Taxıl sazişi”nin uzadılması barədə müzakirələr müsbət məcrada davam edib. Sazişin qarşıdakı dövrdə də işlərin texniki səviyyədə, dördtərəfli formatda davam etdirilməsi tərəflər arasında razılaşdırılıb. Eyni zamanda Ukrayna limanlarında qalan Türkiyənin ticarət gəmilərini və ekipajlarını təxliyə etmək barədə razılığa gəlinib. Bu əməliyyat həm də Ukraynada qalan digər ölkə gəmilərinin təxliyəsi üçün nümunə yol açacağını şərtləndirib.

Dünən Türkiyənin milli müdafiə na­ziri Hulusi Akar və Azərbaycanın mü­dafiə naziri, general-polkovnik Zakir Həsənov Konya şəhərində keçirilən “Anadolu Qartalı–2023” beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər. Təlim çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxış edən Hulusi Akar Rusiya–Ukrayna müharibəsinin yaratdığı beynəlxalq ərzaq böhranının həlli üçün Türkiyənin təşəbbüsləri ilə yaradılan taxıl dəhlizi məsələsini qiy­mətləndirib və Türkiyənin dəstəyi ilə im­zalanan “Qara Dəniz Taxıl Təşəbbüsü” ilə 30 milyon tondan çox taxıl məhsulla­rının ehtiyacı olan ölkələrə daşındığını bildirib.

Hulusi Akar deyib:”Protokolun müd­dəti mayın 18-də başa çatır. Bu müddət bitməmiş müqavilənin davam etməsi üçün səylərimizi davam etdiririk. Tür­kiyə, Rusiya və Ukrayna müdafiə nazir­lərinin müavinləri dünən və bu gün BMT müşahidəçiləri ilə birlikdə işlərini davam etdirirlər. Müqavilənin müddətinin uza­dılmasını arzulayırıq. Bu hamımıza fay­da verir”.

Xatırladaq ki, ötən il iyulun 22-də İs­tanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər pa­keti imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanılıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb. “Taxıl müqaviləsi”nin vaxtının bu ayın 18-də başa çatacağı qərara alınıb. 

Türkiyə Prezidentinin rəsmi nü­mayəndəsi İbrahim Kalın tərəfindən gö­rüş ərəfəsində “Habertürk” telekanalına taxıl sövdələşməsinin uzadılacağına şansların olduğu və bu istiqamətdə la­zımi səylərin göstərildiyi bildirilib. 

ABŞ Dövlət Departamenti isə Qara dəniz üzrə “Taxıl sazişi” təşəbbüsünün davam etdirilməsinin zəruriliyini qeyd edib və tərəfləri onun uzadılmasına ça­ğırıb. Bununla bağlı “İnterfax Ukraina” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanatında gəmilərin Ukrayna limanlarına daxil ola bilməsi və daha çox ərzağın dünya bazarlarına çıxarılması üçün bu təşəbbüsün uzadıl­masına ehtiyac duyulduğunu vurğula­yıb. ABŞ dövlət katibi Antoni Blinken də Rusiyanın Ukrayna ilə müharibədə ac­lıqdan silah kimi istifadə etməyi dayan­dırmağının zəruriliyini diqqətə çatdırıb. 

Yeri gəlmişkən, 2022-ci il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr yuxarıda qeyd etdiyimiz kimi, 120 gün müddətinə bağlanılıb, ötən ilin noyabrında isə həmin müddətə uzadılıb. Bu il martın 18-də Rusiya sazi­şin müddətini 60 gün uzadacağını elan edərək, bunun BMT ilə imzalanmış me­morandumun icrasını qiymətləndirmək üçün kifayət qədər vaxt olacağı barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlu­matında isə sövdələşmənin uzadılması ilə bağlı növbəti qərarın “Rosselxoz­bank”ın SWIFT sisteminə yenidən qo­şulmasından, kənd təsərrüfatı texnika­sının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyət­lərin aradan qaldırılmasından, sığorta müqaviləsinin ləğvindən asılı olacağı vurğulanıb. 

Sonda bir məqamı da xatırlatmaq istərdik. BMT-nin Ərzaq və Kənd Təsər­rüfatı Təşkilatının (FAO) proqnozuna dair məlumatda bu il dünyada 2 milyard 785 milyon ton səviyyəsində proqnoz­laşdırılan ümumi buğda istehsalı indiyə qədərki ikinci ən böyük istehsal həcmi ola bilər.

Bildirilir ki, aprel ayında Avropada əksər ölkələrdə yüksək miqdarda ya­ğıntıların olması torpağı “doyuzdurub” və bu, 2023-cü ildə buğda məhsulu üçün perspektivləri yaxşılaşdırıb.

Bunun nəticəsində FAO-nun Avropa İttifaqı üzrə hasilat proqnozu bir qədər artırılaraq 139,5 milyon tona çatdırılıb. Eyni zamanda İspaniya və Portuqaliya­da yağıntı çatışmazlığının nəticələri ha­silatın perspektivlərinə müəyyən qədər kölgə salıb.

“Rusiyada yağıntıların bərabər pay­lanması sayəsində, ümumilikdə, zə­milərin vəziyyəti yaxşıdır. 2023-cü ildə istehsal təxminən 83 milyon ton təşkil edəcək ki, bu da 2022-ci ilin rekord göstəricisindən aşağıdır”, – təşkilatın məlumatında deyilir.

FAO-nun 2022–2023-cü illər möv­sümü üçün qlobal taxıl istehsalı üzrə hazırkı proqnozu ötən ayın proqnozu ilə müqayisədə 7,7 milyon ton artırılıb. Hazırda o, 2 milyard 785 milyon ton təş­kil edir ki, bu da ötən ilki rekordla müqa­yisədə yenə də 1 faiz azdır.

 

“Xalq qəzeti”

Siyasət