Hayların növbəti sülhdənqaçma oyunu

post-img

Ermənistan yenə öz ampluasındadır. Rəsmi İrəvan mayın 14-da Brüsseldə iki ölkənin rəhbər şəxslərinin gözlənilən görüşü ərəfəsində Azərbaycanla şərti sərhəddə hərbi təxribat törədib. Ona görə öz ampluasındadır yazırıq ki, qarşı tərəf hər dəfə mühüm danışıqlar ərəfəsində bu cür hərəkətlərə yol verir. Məqsəd aydındır: güc tətbiq etməklə danışıqlar prosesini pozmaq və bununla da Azərbaycana təzyiq göstərmək. Hayların bu taktikadan istifadəsinin az qala 25 yaşı var. 1999-cu il noyabrın 18-19-da İstanbulda ATƏT-in Sammiti keçirilib. Bu sammit ərəfəsində Azərbaycanla Ermənistan sülhə çox yaxın olublar. Ancaq həmin ilin oktyabrın 27-də hayların parlamentində terror aktı törədildi və razılaşma əldə etmək mümkün olmadı. Bu faktı Hayastanın ilk prezidenti Levon Ter-Petrosyan 2011-ci ilin aprelin 15-də BBC-nin rus xidmətinə müsahibəsi zamanı da etiraf etmişdi.

Ter-Petrosyandan sonra Ermənis­tana rəhbərlək edən şəxslər danışıqlar prosesinin nəticəsiz olmasını təmin et­mək üçün bütün oyunlara baş vurdular. Bu mənada, gözlənilən yüksək səviyyəli görüş ərəfəsində Ermənistanın sülhdən qaçmaq üçün yeni təxribat törətməsi bi­zim üçün təəccüblü olmamalıdır. Çünki Ermənistanda rejimlər dəyişsə də, hayla­rın xisləti dəyişmir.

Nə baş verib?

Müdafiə Nazirliyinin yaydığı məluma­ta görə, Ermənistan tərəfinə təxribatla­rına son qoyulması və qəsdən vəziyyəti gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, növbəti dəfə atəşkəsi pozub. Belə ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər ra­yonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı si­lahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədiblər. Qarşı tərəfin atəşi nə­ticəsində Azərbaycan Ordusunun müd­dətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Mahmudlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Təxribat törədilən istiqamətdə Azərbay­can Ordusunun bölmələri tərəfindən zə­ruri cavab tədbirləri görülüb.

MN qəsdən törədilən bu təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdü­yünü bəyan edib.

Dünən gün ərzində nazirlik bir neçə dəfə açıqlama yayıb. Qeyd edilib ki, ma­yın 11-i səhər saatlarından etibarən qarşı tərəf vəziyyəti daha da gərginləşdirərək Zod istiqamətində yerləşən mövqelə­rindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərə­findən zəruri cavab tədbirlərinin görüldü­yü bildirilib.

Yayılan növbəti açıqlamada qar­şı tərəfin təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatan­lardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam etdiyi vurğulanır.

Qarşı tərəfin dezinformasiyası

Səhər saatlarında Ermənistan tərəfi onlara məxsus tibb maşınının atəşə tu­tulması barədə məlumat yayıb. Bu mə­lumat MN tərəfindən dərhal təkzib edilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən, guya, tibb maşınına atəş açılması barədə Ermənistan mət­buatında yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.

Hərbçimiz şəhid oldu

Ermənistanın qəsdən törətdiyi təxri­bat nəticəsində ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadə şəhid olub. Əməliy­yat şəraitinin bölmələrimizin nəzarəti al­tında olduğu qeyd olunub.

“İrəvanın əməlləri ciddi şəkildə qınanılmalıdır”

Xarici İşlər Nazirliyinin yaydığı bə­yanatda Ermənistanın sərhədyanı böl­gələrdə Azərbaycana qarşı hərbi təxri­batları artırdığı bildirilib. Qeyd edilib ki, Ermənistanın təxribatlarının hər zaman olduğu kimi, sülh sazişi üzrə danışıqla­rın intensivləşdiyi, eləcə də, liderlər ara­sında gözlənilən danışıqlar fonunda baş verməsi rəsmi İrəvanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənis­tanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi şəkildə beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qı­nanılmalıdır.

Ombudsman: Ermənistanın hərbi təxribatını kəskin şəkildə pisləyirik

İnsan Hüquqları üzrə Müvəkkili (Om­budsman) Səbinə Əliyevanın yaydığı müraciətdə Azərbaycanın sülh çağırış­larına məhəl qoymayan Ermənistanın in­san hüquqlarının kobud şəkildə pozulma­sına yönəlmiş hərbi təxribatlara hələ də davam etməsi təəssüflə qeyd olunur: “Er­mənistanın növbəti hərbi təxribatı nəticə­sində həlak olmuş hərbçimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına də­rin hüznlə başsağlığı verir, regionda sülh quruculuğu prosesində maraqlı olmayan, öz işğalçı siyasətini davam etdirən, in­san hüquqlarını kobud şəkildə pozan Ermənistanın hərbi təxribatını kəskin şəkildə pisləyirik. Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının ək­sinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, bey­nəlxalq hüququn və beynəlxalq humani­tar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaq­larının yaranması üçün təxribatlar törə­dir. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına dərhal son qoyulmasını, regionda sülhün bərpası üçün qəti tədbirlərin görülməsini tələb edirik”.

Danışıqlar Ermənistana eskalasiya üçün lazımdır

Şübhəsiz ki, Ermənistanın bu təx­ribatçı hərəkəti mayın 1-dən 4-dək ABŞ-da aparılan danışıqlarda qeydə alı­nan irəliləyişi ləğv etmək məqsədini da­şıyır. Qarşı tərəf bazar günü Brüsseldə üçtərəfli formatda, iyunun 1-də Kişineuda beştərəfli formatda keçirilməsi nəzərdə tutulan danışıqları pozmaq niyyətində­dir. Təcrübə göstərir ki, danışıqlar pro­sesi Ermənistana yalnız eskalasiya və müharibə üçün lazımdır. Eskalasiya isə danışıqlar zamanı əldə olunan hansısa irəliləyişi ləğv etmək üçün istifadə olunur.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

– Ermənistanın siyasi subyekt kimi nə çəkisi, nə də rolu var. Biz Ermənistanla danışıqlar aparırıq, ancaq bu ölkə öz sözünə heç vaxt sadiq qalmır. Biz baş verən ha­disələrdə üçüncü tərəflərin roluna nəzər yetirməliyik. Etiraf etməliyik ki, istər Vaşinqton danışıqları, istər­sə də Brüssel formatında keçirilən görüşlər Rusiyanın maraqları ilə toqquşur. Rusiya Ermənistanın güc strukturlarında, orduda olan “be­şinci kolon”undan, yəni, öz adam­larından hər dəfə çox məharətlə istifadə edir. Nəticədə mayın 10-u axşamdan başlayan və mayın 11-də davam edən təxribata bənzər hadisələr olur. Məqsəd odur ki, ya Qərbin təşəbbüsü olan danışıqlar prosesi reallaşmasın, ya da neqativ fonda keçirilsin. Bu dəfə də həmin ssenari icra olunur. Brüsseldə göz­lənilən danışıqlar fonunda sərhəd­də ənənəvi təxribat törədildi. Nikol Paşinyan mayın 14-dəki danışıqla­ra qatılacağını bildirsə də, hər hal­da, tərəflərin görüşü üçün neqativ fon yarandı.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət