Azərbaycanın gücü Qoşulmama Hərəkatının Bakı sammitində bir daha sübut olundu

post-img

Azərbaycanın beynəlxalq arenada yürütdüyü xarici siyasət kursunda tərəfsizlik, dünyada sülhün və dövlətlər arasında qarşılıqlı əməkdaşlığın bərqərar olmasını hər zaman əsas tutub. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatında fəaliyyəti xüsusi diqqət çəkir. Sirr deyil ki, Azərbaycanın bu təşkilata üzvlüyü ilə Qoşulmama Hərəkatının fəaliyyətində və beynəlxalq nüfuzunda irəliləyişə doğru ciddi proses başladı.

Bu gün Qoşulmama Hərəkatının BMT-yə alternativ gücə çevrilməsi məhz Azərbaycanın bu təşkilatda fəaliyyəti ilə birbaşa bağlıdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində Prezident İlham Əliyevin yürütdüyü siyasət təşkilatın beynəlxalq arenadakı mövqelərini gücləndirməyə xidmət edib. Bu baxımdan Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü təşkilatın nüfuzu və beynəlxalq münasibətlərdə ciddi rol oynayacaq.

Belə ki, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının toplandığı Bakıdakı Zirvə görüşü COVID-19-un qarşısının alınması və digər bəşəri problemlərin həlli yollarının araşdırılıb tapılması üçün ideal və son dərəcə uğurlu tribuna idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək kimi ali dəyərlərin olduğunu söyləyən dövlətimizin başçısı çıxışında qurumun BMT-dən sonra qlobal arenada ikinci ən böyük beynəlxalq təsisat kimi səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olduğunu vurğulayıb. Prezident bu mötəbər təşkilatın fəaliyyətinə toxunaraq bəşəriyyətə faciələr yaşadan pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olduğunu və bu təşkilatın səmərəli fəaliyyət göstərdiyini deyib.

Prezident daha vacib bir məqama toxunaraq qeyd etdi ki, Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə bir sıra varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni ciddi maneə kimi dəyərləndirdi. Beləliklə, adıçəkilən qurum bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.

Beləliklə, Qoşulmama Hərəkatı COVID-19-la mübarizədə nüfuzunu və məsuliyyətini dünyaya nümayiş etdirdi.

Bununla yanaşı, ölkəmiz humanizm prinsiplərinə sadiq qalaraq əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi.

Bundan başqa dövlətimizin başçısı Ermənistanın işğalı nəticəsində Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr sırasında olduğunu və postmünaqişə dövründə 300 azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu və yaralandığını bildirdi.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün və xüsusilə 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan vermədikləri üçün prinsipləri ədalət meyarı olan adıçəkilən quruma təşəkkür etməyi də unutmadı.

Prezident İlham Əliyev daha sonra dünyanı bürüyən təhdidlər fonunda Qoşulmama Hərəkatının nüfuzlu qurum olaraq beynəlxalq arenada yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirakının və səmərəli fəaliyyətinin vacibliyinə də toxundu. Prezident təəssüflə qeyd etdi ki, bu gün dünyada neokolonializm meylinin artdığı müşahidə olunur.

Bunun qarşısını almaq üçün Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində birləşməli, bu yöndə ciddi addımlar atmalıdır.

Deputat son olaraq bildirib ki, heç şübhəsiz Bakı sammiti Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayacaq. Bu sammitdə Azərbaycan Prezidentinin verdiyi mesajlar əslində, beynəlxalq siyasi prosesin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bu sammit, eyni zamanda, dövlətimizin gücünün və beynəlxalq arenadakı mövqeyinin möhkəmliyinin real təsdiqi idi. Azərbaycan və onun liderinin siyasi gücü Qoşulmama Hərəkatının Bakı sammitində bir daha sübut olundu. Bu güc milli maraqlarımızın gerçəkləşməsi üçün ən ciddi amildir.

Siyasət