Zəngəzur və Laçında nəzarət-buraxılış məntəqəsi – sülhə açılan qapı

post-img

Azərbaycan Ermənistanla sülh yaratmaq və regional əməkdaşlığı inkişaf etdirməklə bağlı həmişəki mövqeyini Münxen təhlükəsizlik konfransında bir daha ortaya qoydu. Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində çalışmalar gedir: “Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər”.

Eyni zamanda, komminukasıya­ların açılması məsələsi də gündəmin vacib problemlərindədir. Azərbaycan Prezidenti fevralın 18-də Münxendə ABŞ-ın Dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşin­yanla birgə görüşdə bir daha təklif edib ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri­ni Ermənistan–Azərbaycan sərhədində yaratsınlar. Azərbaycan liderinin sözlə­rinə görə, daha əvvəl bu təklif qeyri-rəs­mi kanallar vasitəsilə çatdırılıb. Ancaq Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilməyib: “Amma ilkin təəssüra­tımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbət­tə ki, önəmli amildir. Çünki biz sərhədlə­rin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasi­yaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayo­nu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradıl­malıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermə­nistan tərəfindən cavab gözləyəcəyik”.

Hazırda söhbət faktiki olaraq, Zən­gəzur dəhlizi və Laçın yolunda yaran­mış böhranın aradan qaldırılmasından gedir. Nəzarət-buraxılış məntəqələrinin qurulması bu istiqamətdə açar rolunu oynaya bilər. Amma Rusiya, Azərbay­can və Ermənistan arasında razılaşma­larda, xüsusən 10 noyabr üçtərəfli Bə­yanatında Zəngəzur dəhlizinə nəzarətin Rusiya tərəfinə həvalə olunması yer alıb. İndi Rusiya Zəngəzur dəhlizi ilə Türkiyəyə göndəriləcək yüklərinin Er­mənistan, yaxud Azərbaycan tərəfin­dən yoxlamaya məruz qalmasına necə baxacaq?! Bu məsələ, əlbəttə, RF və Ermənistan arasında həll olunmalıdır. Çünki məlum bəyanatın Azərbaycanın digər ərazilərini Naxçıvan ilə birləşdirən yolun açılmasına dair müddəasının hə­yata keçirilməsinə hər iki ölkə məsul olsa da, buna 2 il ərzində nail olunma­yıb. İndi isə kimlərsə məsələyə etiraz edəsi olsa da, Bakı və İrəvanın razıla­şacağı təqdirdə, hər kəs bu qərarla, şü­bhəsiz ki, hesablaşmalı olacaq. 

Nəzarət-buraxılış məntəqəsi məsələsi Azərbaycan və Ermənistan üçün olduqca vacibdir. Bu halda, Azər­baycan Qarabağa gələn maşın və yük­lərin nədən ibarət olduğunu biləcək, separatçılar üçün silah-sursat daşınma­yacaq, eyni zamanda, su bulandırmaq üçün regiona gələn Ruben Vardanyan kimilərin keçidinə imkan verilməyə­cək. Ermənistana da Laçınla sərhəddə özünün məntəqəsini yaratmaq təklif olunur. Bu halda, İrəvan Laçın yolu ilə Qarabağa qeyri-humanitar yüklərdən başqa hər şey daşıya biləcək. Amma Ermənistan Laçın yolunun Rusiya sülh-məramlılarının nəzarətinə verilməsi, orada Azərbaycan məntəqəsinin olma­ması fikrinin üzərində dayanacaqmı? Hər halda Münxen görüşündə söhbət­sə ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken də iştirak edib. Təbii ki, Ermənistan üçün qərar vermək asan ol­mayacaq. 

Bəli, ötən iki il yarım ərzində edilmiş spekulyasiyalar indi Ermənistana baha başa gəlir. Vaxtilə erməni dırnaqarası siyasiləri və politoloqları Zəngəzur dəh­lizinin açılmasını bütün Ermənistanın itirilməsi kimi təqdim edəndə bilməliy­dilər ki, sonra daha çətin olacaq. 

Bu günlərdə “Şərəfim var” fraksiya­sının katibi Tiqran Abramyan da yazıb ki, “Ermənistan və Qarabağ arasında mümkün Azərbaycan keçid məntəqəsi­nin yaradılması “Arsax”ın sonu olacaq”.

Onun sözlərinə görə, Münxendə Azərbaycan Prezidenti Ermənistanı Qarabağa birləşdirən marşrutun və Zəngəzurdan Naxçıvana gedən yolun eyni rejimdə işləməsi şərtini irəli sü­rüb və tələb edib ki, bu hissələrdə nə­zarət-buraxılış məntəqələri müəyyən edilməlidir: “Əliyev deyir ki, əgər Ermə­nistan Zəngəzur dəhlizinin verilməsinin əleyhinədirsə, o zaman Laçın dəhlizi də statusdan məhrum olmalıdır. İstisna de­yil ki, Azərbaycan əvvəldən dəhliz möv­zusunu kompromis kimi istifadə edib və onun əsas məqsədi Ermənistanı Qara­bağla birləşdirən yolda keçid məntəqə­sinin quraşdırılmasına nail olmaqdır. Bu isə “Arsax” məsələsinin sonu olacaq”.

Bu cür yanaşmalarla, təbii ki, nə kommunikasiyaları açmaq, nə də sülhə nail olmaq mümkündür. Amma Azər­baycanda həmişə bəyan olunub ki, Zəngəzur dəhlizinin açılmasından ən çox Ermənistan qazanacaq. Ona görə də Paşinyan artıq “bir addım irəli, iki ad­dım geri” prinsipi ilə hərəkət etməməli­dir. 

Bu gün top, həqiqətən də, Ermənis­tandadır. Görək Paşinyan onu rəqibin, yoxsa özünün qapısına vuracaq. Görək o, Bakının nəzarət-biraxılış məntəqələri ilə bağlı təklifini qəbul edəcəkmi? Bu, hazırda ən prinsipial məsələdir: həm kommunikasiyaların açılışı, həm delimi­tasiya və demarkasiya məsələsi, həm də ümumiyyətlə, sülh müqaviləsinin im­zalanması baxımından. Yaxın günlərdə hər şey məlum olacaq...

 

Fərhad MƏMMƏDOV, 
politoloq

 

Bu məsələyə iki aspektdən yana­şaq: Zəngəzur dəhlizi və Laçın yoli ilə bağlı. Ermənistanın uzun müddətdir Qərb ölkələri istiqamətində həyata ke­çirdiyi təbliğatın əsas hissəsi odur ki, Azərbaycan Zəngəzuru işğal etmək niyyətindədir ki, Zəngəzur dəhlizini açsın. Amma Azərbaycan Prezidenti­nin daha öncə – 2021-ci dekabrında Brüsseldə Zəngəzur dəhlizində nə­zarət-buraxılış məntəqəsi quraşdırma­sı ilə bağlı təklifi dəstəkləməsi Ermə­nistanın bu istiqamətdəki təbliğatının üstündən xətt çəkir. Yəni təsdiq olunur ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur. Bu, birinci məqamdır. 

İkinci məqam odur ki, Azərbaycan kommunikasiyaların açılmasında, elə­cə də regional əməkdaşlıqda maraqlı­dır. Buna görə Azərbaycan faktiki ola­raq, nəzarət-buraxılış məntəqələrinin quraşdırılması ilə bağlı təklifi dəstəklə­yir ki, bu, kommunikasiyaların açılma­sı prosesinə təkan versin.

Eyni zamanda, Laçın yolunda, Ermənistanla şərti sərhəddə məhz Ermənisatan tərəfinə bu təklifin veril­məsi, bu ümumi nəqliyyat kommuni­kasiyaları üzərində ölkələrin suveren­liyinin bərqərar edilməsi istiqamətində olan bir təklifdir. Bu yanaşma, xüsu­silə, Qərb tərəfindən dəstəklənir ki, eksterritorriallıq heç bir yerdə olma­sın. Ələlxüsus da elə bir vaxtda ki, bu eksterritorriallığın üzərində Rusi­yanın nəzarəti olsun. Belə olan halda Laçın yolunda da həm Ermənistan, həm də Azərbaycan tərəfindən bu cür məntəqələrin quraşdırılması məntiqli­dir və bu yanaşmaya uyğundur. Bunun əsas mənası odur ki, əgər biz qarşılıqlı olaraq bir-birimizin ərazi bütövlüyünü tanıyırıqsa, məntəqələr quraşdırılır və Qarabağda yaşayan erməni əhaliyə də açıq mesaj verilir ki, Ermənistan bu ərazini Azərbaycan ərazisi kimi tanıyır. 

İkinci açıq mesaj odur ki, təminat yolları (qaz, işıq, internet) ilə yanaşı, artıq fiziki olaraq yeganə yol sayılan Laçın yolu da Azərbaycanın nəzarətin­dədir və orada hər hansı qeyri-qanuni fəaliyyət həyata keçirilə bilməz. Bu, həm iqtisadi, həm də hərbi kontekstdə başa düşülməlidir. 

Üçüncü çox maraqlı bir məqam odur ki, Azərbaycan tərəfi Laçın yolun­dan humanitar məqsədlərdən kənar istifadə olunduğunu bəyan edir: mina­lar, silah Ermənistan silahlı qüvvələri­nin şəxsi heyəti Qarabağda qanunsuz iqtisadi fəaliyyətin nəticəsi olaraq, mis, qızıl daşınır və s. Ermənistan tərəfi isə bunu təkzib edir. Nəzarət-buraxılış məntəqələri bir daha təsdiq edəcək ki, bu yoldan ancaq humanitar məqsəd­lərlə istifadə edilir. Yəni, burada Er­mənistan artıq öz yalanlarını etiraf etməkdən boyun qaçıra bilməyəcək və onun bu təkliflərə rədd cavabı da məhz Azərbaycan tərəfinin fikirlərin­də, iddialarında düzgün olmasını, Er­mənistanın isə yalan danışmasını bir daha sübuta yetirəcək.

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”



Siyasət