X Qlobal Bakı Forumu: İlk gündə nələr müzakirə olundu?

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu açılış mərasimindən sonra panel iclaslarla davam edib.

AZƏRTAC xəbər verir ki, “TRT World” televiziya kanalının aparıcısı və müxbiri Cəfər Hasneynin moderatorluğu ilə keçirilən “Bölünmüş dünyada dayanıqlılığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda birinci panel iclasında əvvəlcə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Həmçinin Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Latviya Respublikasının Prezidenti Egils Levits iclasda çıxış edərək bildirib ki, dövlətlər və fərdlər üçün əsas məsələ təhlükəsizlikdir. O bildirib: “Xaricdən gələn təhlükələrə, dünyada baş verən münaqişələrə misal olaraq xüsusilə Rusiya-Ukrayna müharibəsini göstərmək olar. İlk dəfədir ki, beynəlxalq tədbirimiz bu müharibəyə reaksiya verib. Biz icazə verməməliyik ki, dünyada müharibələr yaransın. Dünyada baş verən münaqişələr ölkələrin bir çox planını dəyişdi”.

Eyni zamanda, dünyada baş verən iqlim dəyişikliyinin təhlükəli xarakter aldığını vurğulayan Egils Levits qeyd edib: "İqlim dəyişikliyi hazırda dünyamızda əsas problemlərdən biridir. Onun aradan qaldırılması üçün səylər göstərilməlidir. Qanunun aliliyinin və dünya sülhün təməli olan beynəlxalq hüququn təmin edilməsi mühümdür".

Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi Rusiya-Ukrayna müharibəsindən danışıb, beynəlxalq tribunal yaratmağın vacibliyini bildirib. “Biz hazırda dünyanı dəyişmək üçün buradayıq. Ədalətli və sülh dolu bir dünya üçün çalışmalıyıq”, - deyə K.Kennedi vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa qeyd edib ki, insan hüquqlarına riayət olunması üçün beynəlxalq qanun standartları hazırlanılmalıdır. Bu qanunlara əməl etmək xaosdan qorunmağın vacib yoludur. NATO-nun qüvvələri ilə bağlı fikirlərini bölüşən sabiq Prezident qeyd edib ki, Latviyada da hərbi qüvvələr var və müəyyən standartlara uyğundur. Bu qüvvələr müharibələr və ya xaos üçün istifadə olunmur. “Şərqi Avropanın insanları ruslara nifrət etmir. Latviyada qarışıq ailələr çoxdur və biz hər kəsdən daha xoşbəxt millətik. Rusiya-Ukrayna müharibəsi iki ölkənin maddi qazanclarını məhv etdi”, - deyə Mərkəzin həmsədri vurğulayıb.

Norveçin sabiq Baş naziri (1997-2000 və 2001- 2005) Kyell Magne Bondevik çıxışında diqqətə çatdırıb ki, hazırkı vəziyyət İkinci Dünya müharibəsindən sonra baş verənlərdən daha fərqlidir. Bu səbəbdən ölkələr arasında daha güclü regional əməkdaşlıqlar vacibdir. Bu əməkdaşlığın daha çox birlik gətirə biləcəyini vurğulayan Kyell Magne Bondevik deyib: “Bizi NATO qoruyur. Bununla bağlı şübhə yoxdur. Həmçinin Avropa İttifaqının, qeyri-hökumət təşkilatlarının və dinin də rolu böyükdür. Din sülhün təməlinə çevrilə bilər. Buna görə də din nümayəndələrinin missiyası çox böyükdür. Biz bilirik ki, demokratiya və müharibə bir-birinə qarşıdır. Demokratiya sülhün qurulmasının tərəfdaşıdır. Biz sülhün təmin edilməsi üçün çalışmalıyıq”.

İsveçrə Konfederasiyasının sabiq Prezidenti (2007-2011) Mişelin Kalmi-Rey isə çıxışında deyib: “Biz sülh üçün çıxış yolları axtarırıq, dünyanı böhrandan əvvəlki vəziyyətə gətirməyə çalışırıq. Yeni dünya nizamı yavaş-yavaş qarşımıza çıxır. Sülh bizə nə verə bilər? Bizim bunu əvvəlcədən görməyimiz çətindir”.

Beynəlxalq münasibətlərdə dünya nizamının və beynəlxalq hüququn çox vacib olduğunu diqqətə çatdıran Mişelin Kalmi-Rey vurğulayıb ki, Ukraynada başlayan müharibədən sonra BMT-nin artıq supergüc olmadığı göründü. Bu müharibə dəyərlərin münaqişəsi deyil, klassik müharibədir. Sülhün təmin edilməsi heç də asan olmayacaq, bunun üçün uzun zaman lazımdır.

Ukraynanın sabiq Prezidenti (2005-2010) Viktor Yuşşenko ölkəsinin müharibədə qələbə qazanacağına əminliyini bildirib. Deyib ki, indi əsas məsələ əməkdaşlıqdır. “Bizə dünyada yeni təhlükəsizlik sisteminin qurulması vacibdir”, - deyə o vurğulayıb.

x x x

İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti Benedetto Zaççirolinin moderatorluq etdiyi “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; qida təhlükəsizliyi; nüvə təhlükəsizliyi” mövzusunda ikinci panel iclasında Timor-Leste Demokratik Respublikasının Prezidenti, 1996-cı il Nobel Sülh Mükafatı laureatı Jose Ramos Horta çıxış edərək hazırda su çatışmazlığı, iqlim dəyişikliyi məsələlərinə diqqətin artırılmalı olduğunu bildirib. O deyib ki, COVID-19 pandemiyası Pakistan, Şri-Lanka, həmçinin bir sıra Afrika ölkələrinə çox pis təsir göstərib.

Timor-Leste Prezidenti qeyd edib ki, pandemiyadan sonrakı dövrdə qiymətlər qalxıb və bu hal dünya iqtisadiyyatına mənfi təsir edib. Daha sonra başlayan Rusiya-Ukrayna müharibəsi isə kasıb ölkələrin iqtisadiyyatı üçün daha pis nəticələrə səbəb olub. Jose Ramos Horta dünya ölkələrini böhran vəziyyətinin aradan qaldırılmasına dəstək verməyə çağırıb.

Sonra çıxış edən BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi qida təhlükəsizliyi mövzusunda reallığa və həllərə baxılmalı olduğunu vurğulayıb. Deyib ki, bunun üçün daha yaxşı mühit lazımdır. “Qida təhlükəsizliyi çox vacibdir. Bunun üçün əlimizdən gələni etməliyik. Həmçinin bununla əlaqədar kənd təsərrüfatı da çox önəmlidir. Biz aclıqla mübarizə aparmalıyıq. Daha çox gənc kənd təsərrüfatı sahəsində çalışmalıdır, onlara bu istiqamətdə yol açmalıyıq”.

"Liberal International" təşkilatının Prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri (2013-2017), Mərakeşin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi (2015-2017) Hakima El Haite çıxışında ekologiyanın çirklənməsinin qlobal məsələ olduğunu vurğulayıb. Deyib ki, bu problemi təkcə bir ölkə həll edə bilməz. “İqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün vəsait ayrılmışdı və bununla bağlı bir çox görüşlər planlaşdırılmışdı. Lakin COVID-19 pandemiyası səbəbindən bu görüşlər və planlar ləğv edildi. Əgər iqlim dəyişikliyinin qarşısı alınmazsa, dünyada temperatur artacaq, su çatışmazlığı, torpağın korlanması, suyun şorlaşması kimi halların müşahidə edilməsi tezliyi artacaq”, - deyə o xəbərdarlıq edib.

Hakima El Haite qeyd edib ki, hazırda iqlim dəyişikliyi səbəbindən 500 milyon insan aclıqdan əziyyət çəkir. Afrikada susuzluq bir çox problemlər yaradıb. Bakı Forumu qlobal çağırışların gündəmə gətirilməsi üçün ideal platformadır.

Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli 2006-cı ildə Qazaxıstanın atomsuz bir dünya qərarı aldığını bildirib. Qeyd edib ki, Qazaxıstanın bu qərarı dünyada əks-səda doğurub. Qazaxıstan həmişə sülhün tərəfdarı olub. Qazaxıstanın hər il 7 milyon ton buğda ixrac etdiyini diqqətə çatdıran D.Kıdırəli deyib: “Qazaxıstan buğda ixracına ehtiyacı olan ölkələrə yardım edir. Bununla yanaşı, ekosistem məsələsi də gündəm mövzusudur. Türkiyədə baş verən zəlzələ gözlənilməz idi. Biz bu cür təbii fəlakətlər qarşısında hazır olmalıyıq. Eyni zamanda, Xəzər dənizinin suyunun azalması ilə bağlı fikirlər var. Bu problemləri aradan qaldırmaq üçün birlikdə çalışmalıyıq”.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev paneldə müzakirə edilən məsələlərin dünya üçün qlobal əhəmiyyət daşıdığını bildirib. Qeyd edilib ki, iqlim dəyişikliyi digər aspektlərə də təsir edir. Bu vəziyyətlə bağlı daha çox problemlə üzləşirik. “Ərzaq çatışmazlığı, susuzluq kimi hallar qaçılmazdır. İqlim dəyişikliyinin yaratdığı riskləri müzakirə etmək vacibdir. Hazırda biz Azərbaycanda digər dövlətlərdən gələn çaylardan asılıyıq və onların suyundan gündəlik həyatımızda istifadə edirik. Bu, gələcəkdə müəyyən problemlər yarada bilər. Problemlə əlaqəli bizə meqaplan lazımdır”, - deyə nazir diqqətə çatdırıb. .

M.Babayev qeyd edib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində reallaşdırılan yaşıl inkişaf əsas planlardan biridir. Həmin ərazilərdə “ağıllı şəhər”lərin salınması ilə yanaşı, orada yaşıllaşdırma işləri də aparılır. İqlim dəyişikliyi riskləri bütün dünya üçün təhdiddir.

Rumıniya Baş nazirinin dövlət müşaviri Laslo Borbeli siyasi karyerasında 2017-ci ildən çox çətin vəziyyətlə üzləşdiyini qeyd edərək deyib: “Həyatımızın hər bir parçası bir-biri ilə əlaqəlidir. 2015-ci ildə ekologiya ilə bağlı 5 böyük saziş imzalanıb və həmin sazişlər əsasında bir çox planlar həyata keçirilib. Rumıniyada bu sahədə müəyyən irəliləyişlər müşahidə edilir”.

Monteneqronun sabiq Baş naziri (2010-2012) İqor Luksiç isə bildirib ki, iqlimdən gələn risklər üçün tədbirlər görmək lazımdır. Sabiq Baş nazir diqqətə çatdırıb: “Nüvə təhlükəsizliyi məsələsinin önəmi də artıb. Bu məsələləri nəzərə almaq vacibdir. Necə dayanıqlı olaq? Hansı tədbirləri görməliyik? kimi suallara cavab tapmaq lazımdır”.

x x x

Forumun ilk gününün üçüncü panel iclası isə “Çoxtərəfliliyin yenidən kəşfi: qoşulmamanın yeni dövrü?” mövzusunda olub. İclasa Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluq edib.

Dünyanı narahat edən problemlərdən bəhs edən moderator diqqətə çatdırıb ki, iqlim dəyişikliyi, ərzaq problemi, nüvə təhlükəsizliyi indi hamını narahat edir. Multilateralizmin yeni yanaşmalar və tərəfdaşlıq tələb etdiyini diqqətə çatdıran İv Löterm bildirib ki, indi əsas məqsəd çoxtərəfliliyə nail olmaqdır. Onun sözlərinə görə, bunun üçün sıfırdan başlamaq lazımdır və bu istiqamətdə əməli işlər görülməlidir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, multilateralizm Azərbaycanın konsepsiyalarından biridir. Bu, digər ölkələr üçün də vacibdir. Beynəlxalq əlaqələrin institutlaşması üçün əməli işlər görmək lazımdır. Ölkənin hərbi vəziyyətindən asılı olmayaraq, beynəlxalq iqtisadi əlaqələrdə, tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə vacibdir.

Azərbaycan Prezidentinin köməkçisi ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi uğurlu fəaliyyətindən söz açaraq deyib: “Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq fundamental əsaslar üzərində işlədi, dünyanı narahat edən qlobal problemlərə diqqət yönəltdi. Biz fəaliyyətimizdə obyektivliyi, dəqiqliyi, şəffaflığı əsas götürdük. Qoşulmama Hərəkatı çərçivəsində multilateralizmi inkişaf etdirdik”.

Hikmət Hacıyev Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın dünyanın ən böyük problemlərindən biri olan COVID-19 pandemiyası dövründə səsini ucaltdığını, nəticədə həmrəyliyi bərpa etdiyini deyib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin təklifi ilə bu məsələ BMT-nin Xüsusi Sessiyasında müzakirə olunub. Azərbaycan vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı da səsini ucaltdı və onun səsini beynəlxalq arenada eşitdilər.

Dünyada əks-cəbhə və blokların yaranmasına da toxunan H.Hacıyev pandemiya və digər qlobal məsələlərdə Azərbaycanın səylərini davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmiz dünyanın qlobal çağırışları kontekstində çox fəaldır.

Dünyada artıq yeni eranın başlandığını diqqətə çatdıran BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır BMT-nin fəaliyyətinə toxunaraq qeyd edib: “BMT bir çox sahələrdə fəaliyyət göstərir. Bu qurumun digər sahələrdə fəaliyyəti uğurlu olsa da, təəssüf ki, bunu siyasi məsələlərin həllində demək mümkün deyil. Bəzi ölkələr Təhlükəsizlik Şurasında qalmaq istəyirlər, bəziləri isə istəmir. Bəzilərinin isə ümumiyyətlə buna ehtiyacı yoxdur. Ölkənin veto hüququ varsa, sözünü Təhlükəsizlik Şurasında deyə bilirlər. Bu imkanlar nəticə verə bilir”.

Volkan Bozkır vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çox uğurludur. Çünki Azərbaycan buna öz məsələsi kimi baxır. Əgər hansısa institutun fəaliyyəti uğurludursa, bu, BMT-yə də təsir göstərir. Biz bunu Azərbaycanın simasında gördük.

Çıxışında multilateralizmdən bəhs edən Serbiyanın sabiq Prezidenti Boris Tadiç dünyanın qlobal çağırışları kontekstində BMT-nin fəaliyyətini uğursuz hesab edib. O, hazırda geosiyasi çürümə prosesinin baş verdiyini vurğulayıb. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın gördüyü işlərdən məmnunluğunu bildirən natiq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Hazırda soyuq müharibə gedir. Bu, çox təhlükəli və çətin prosesdir. Ukraynadakı müharibə səbəbindən bir çox ölkələr ərzaq çatışmazlığı və enerji problemindən əziyyət çəkir. Belə vəziyyətdən çıxa bilmək üçün düşünüb əməli addımlar atmaq lazımdır. Bu istiqamətdə yeganə yol sülhün təmin olunmasıdır”, - deyə Boris Tadiç vurğulayıb.

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze əməkdaşlıq və regional sabitliyin Gürcüstan və Azərbaycan üçün çox lazım olduğunu deyib. Bildirib ki, hazırkı şərait nəinki region, bütün dünya üçün çox kritikdir. BMT-nin fəaliyyətinə toxunan N.Burcanadze qeyd edib ki, bu qurum müharibə və münaqişələrin qarşısının alınması üçün heç bir səy göstərmir. BMT Baş Assambleyasının vacib platforma olduğunu qeyd edən N.Burcanadze deyib: “BMT fəaliyyətini səmərəli etməlidir ki, dünyanın çağırışlarına cavab verə bilsin. Eyni zamanda, regional təşkilatlar da fəaliyyətini gücləndirməlidir”.

Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç dünyanın yeni toqquşmalarla qarşı-qarşıya olduğunu qeyd edib və düşmən tərəfləri bir araya gətirə bilən vahid qüvvəyə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, kompromis üçün digər yanaşmaları sınamaq lazımdır. İnsanların rifahı, sülh və sabitlik naminə bunu etmək vacibdir.

BMT Baş Assambleyasının sabiq Prezidenti, Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç də dünyada vahid gücə ehtiyacın olduğunu təsdiqləyib. O qeyd edib: “Əgər irəli addımlamaq istəyiriksə, əsas oyunçular arasında lider olmalıdır ki, ümumi razılığa, barışığa gətirə bilsin. Bir-birinə qarşı olan bloklar bir araya gəlməlidir.

Azərbaycanın çox gözəl və nəcib işlərə imza atdığını qeyd edən V.Yeremiç bunun ölkəmizin liderliyinin, dəqiq mövqeyinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubis isə çıxışında bildirib ki, ümumi dəyərlər naminə əməkdaşlığı inkişaf etdirmək zəruridir. Bunun üçün bu və ya digər yollar axtarmaq, standartlardan kənara çıxmaq, yeni metod və üsullarla işləmək lazımdır. Vurğulanıb ki, BMT iflic olubsa, Baş Assambleya istəyən ölkələrə siyasi mandat verməlidir. Beynəlxalq institutlar hazırkı mövcud problemlər kontekstində fəaliyyətlərini düzgün qurmalıdırlar.

Sonra çıxış edən BMT-nin Cenevrə Nümayəndəliyinin baş direktorunun şəxsi köməkçisi David Çixvaidze multilateralizmin əhəmiyyətinə toxunub, bu məsələdə iki əsas amili qeyd edib. Bildirib ki, multilateralizmdə struktur və təfəkkür obrazı diqqətdə saxlanılmalıdır. BMT-də islahatların aparılmasının vacibliyini vurğulayan David Çixvaidze deyib: “Ən vacib məsələlərdən biri Ukraynada müharibə başa çatdıqdan sonra necə hərəkət edəcəyimizdir”.

İtaliya Prezidentinin keçmiş diplomatik müşaviri, Malta Hərbi Ordeninin Vatikandakı səfiri Antonio Zanardi Landi Azərbaycanın uğurlu sədrliyi sayəsində Qoşulmama Hərəkatından son dövrlərdə tez-tez danışıldığını bildirib. Qeyd edib ki, hansısa işi görmək üçün böyük məsuliyyət və çalışqanlıq tələb olunur. Bu gün dünyanın müxtəlif nöqtələrində münaqişə ocaqları yaranması sülhə və sabitliyə təhdiddir. BMT Baş Assambleyası qərarlar verəndə son dərəcə məsuliyyətli olmalıdır. O, Avropanı narahat edən Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Panel iclasları müzakirələrlə davam edib.

x x x

Qeyd edək ki, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu öz işinə martın 11-də yekun vuracaq.

Rəsmi xronika