“Exaudi” saytında Azərbaycan həqiqətləri haqqında müsahibə dərc edilib

post-img

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov “Exaudi” saytına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, səfir ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin açılmasının Azərbaycan ilə Vatikan arasında əlaqələrin tarixi bir məqamını təcəssüm etdirdiyini, uğurlu münasibətlər kontekstinə siyasi dialoqdan tutmuş mədəniyyətin və onun irsinin qorunmasına, elm və təhsil sahələrinin aid olduğunu bildirib. Deyib ki, ötən il Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib, bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Müqəddəs Tax-Taca rəsmi səfərləri olub, həmçinin Papa II İohan Pavel və Papa Fransisk Azərbaycana səfər ediblər.

İ.Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin inkişafına Heydər Əliyev Fondu tərəfindən mühüm təkan verildiyini qeyd edib. Xatırladıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son illərdə bir neçə dəfə Müqəddəs Taxt-Taca səfər edib. Onun təşəbbüsü ilə Vatikanda mədəni və bədii irsin mühüm nümunələrinin bərpası layihələri həyata keçirilib.

Səfir multikulturalizmin dövlət siyasətinin bir hissəsini təşkil etdiyini, Azərbaycanın dünyəvi ölkə olduğunu və Konstitusiyanın bütün dinlərin nümayəndələri üçün bərabər hüquqlara zəmanət verdiyini bildirib. Azərbaycandakı müxtəlif dinlərə mənsub insanların dinc yaşadığını qeyd edib.

Diplomat Laçın yolunun yalnız humanitar məqsədlər üçün açıq qaldığını, erməni tərəfinin iddialarının yalan olduğunu deyib, əsl həqiqətlərdən danışıb, azərbaycanlı ekofəalların təşkil etdikləri aksiyanın isə ölkəmizin ərazilərindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarının qarşısının alınmasına yönəldiyini qeyd edib. Azərbaycanın Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, qalan silahlı qüvvələrini ərazilərimizdən çıxarmağa, bütün mina xəritələrini təhvil verməyə və birgəyaşayış prosesinə başlamağa çağırdığını vurğulayıb.

Otuz birinci ildönümü qeyd olunacaq Xocalı faciəsi haqqında məlumat verən səfir bildirib ki, bu soyqırımı nəticəsində 613 dinc sakin ermənilər tərəfindən öldürülüb.

 
Nihad Budaqov 

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Qan yaddaşı