Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

post-img

"Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Strasburq şəhərində yerləşən tarixi “Motsart” konsert salonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa Şurası yanında akkreditə olunmuş diplomatik korpus, Avropa Şurası Katibliyinin əməkdaşları, Strasburqun akademik dairələri və yerli ictimaiyyətin nümayəndələri, habelə Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Anım mərasimində Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov insanlığa qarşı cinayət olan Xocalı soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən qadın, uşaq və ahılların amansızlıqla qətlə yetirildiyini və bu qanlı hadisənin Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, onun bir sıra təşkilatlar tərəfindən sənədləşdirildiyini diqqətə çatdırıb.

Səfir bu qətliamı törədənlərin hələ də ədalət mühakiməsinə cəlb olunmadığını xatırladaraq, onların məsuliyyətə cəlb olunmasının vacibliyini bildirib. F.İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb və Strasburqdakı anım mərasiminin bu kampaniya çərçivəsində təşkil olunduğunu qeyd edib.

Daimi nümayəndənin çıxışının ardınca mahir musiqi ifaçıları Fəridə Rüstəmova (skripka), Nargiza Alimova (fortepiano) və Bernxard Lönxerin (violençel) təqdimatında anım gününün ruhuna uyğun hüznlü konsert proqramı baş tutub. Anım konsertində görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Aqşin Əlizadə, Səid Rüstəmovla yanaşı, Qabriel Fore, Kamil Sen-Sans və Sergey Raxmaninovun əsərləri təqdim edilib.

Bundan əlavə, tədbir iştirakçılarına “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində hazırlanmış broşürlər paylanılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq





Qan yaddaşı