Xocalı soyqırımı qurbanlarının xatirəsi Gürcüstan Müsəlmanları İdarəsində anılıb

post-img

Xocalı soyqırımı qurbanlarının xatirəsi Gürcüstan Müsəlmanları İdarəsində (GMİ) də ehtiramla yad olunub.

AZƏRTAC xəbər verir ki, Tbilisidəki Alulbeyt Dini Mədəniyyət Mərkəzində Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının (AAŞ) sədri və üzvləri, ölkənin müxtəlif bölgələrindən elm, din və ictimaiyyət xadimləri iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr və dualar oxunub.

Sonra 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilərin Xocalıda törətdikləri insanlıqdan uzaq vəhşiliklərdən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə GMİ-nin şeyxi hacı Ramin İgidov, AAŞ-nın sədri İsak Novruzov və başqaları çıxış edərək Xocalı soyqırımının ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı veriblər.

Çıxışlarda XX əsrin faciəsinin dəhşətlərindən, törədilən bəzi qətliam və terror hadisələrindən, Quranda soyqırımı anlayışı və günahsız insan qətlinə Allah tərəfindən vəd olunmuş cəzalardan, bəzi böyük dövlətlərin ikili standartlarından, oxşar hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət almanın önəmindən bəhs olunub.

Tədbirin sonunda Azərbaycan səfirliyinin Xocalı ilə bağlı məktəblilər arasında təşkil etdiyi rəsm müsabiqəsinin qaliblərindən olan Həsən Nəbiyev Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən mükafatlandırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi





Qan yaddaşı