Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində andiçmə mərasimi

post-img

May ayının 12-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, mərasimlərdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilmiş, Dövlət Himni səsləndirilmişdir. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, Dövlət başçısının tapşırığı əsasında cari ilin aprel ayının 23-də Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan 3 rəngli Dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsini xüsusi vurğulamışlar.

Vətənə, dövlətə, xalqa və dövlətçiliyə sədaqət andı içərək müqəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarını əminliklə ifadə etmişlər.

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 



Ordu