2026-cı ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac isə 30,5 faiz artaraq 200,6 milyon ABŞ dollarına çatıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəşr etdirdiyi “İxrac icmalı”nın mart sayında ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu növ məhsulların ixracında ən yüksək artım şəkərin payına düşüb. Belə ki, cari ilin ilk 2 ayında Azərbaycandan 13,5 milyon ABŞ dolları dəyərində 20,3 min ton şəkər ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 10,4 milyon dollar və ya 4,3 dəfə, həcm baxımından isə 15,7 min ton və ya 4,4 dəfə artıb. Şəkər ixracı ölkənin yanvar-fevral ayları üzrə ümumi məhsul ixracında 0,37 faiz, qeyri-neft sektoru üzrə ixracda isə 2,33 faiz paya malik olub. Hesabat dövründə dünya bazarına göndərilən pambıq iplik 2,6 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 2,1 dəfə, alüminium və onlardan hazırlanan məmulatlar 37,4 faiz, pambıq lifi 33,3 faiz, meyvə-tərəvəz 32,7 faiz, spirtli və spirtsiz içkilər 10,9 faiz, çay isə 5,1 faiz artıb.
Nəşrin məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında aqrar məhsullar üzrə ixrac 34,6 faiz artaraq 160,9 milyon, aqrar-sənaye məhsulları üzrə ixrac isə 22 faiz artaraq 52,5 milyon dollar təşkil edib. Bütövlükdə isə, hesabat dövründə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2 faiz çoxalaraq 213,4 milyon dollara çatıb.
İlin ilk 2 ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (60,7 milyon dollar) birinci olub. Yeri gəlmişkən, bu qiymətli metalın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz artıb. Siyahıda meşə fındığı (57,4 milyon dollar) ikinci, mis filizləri (44,6 milyon dollar) üçüncü yerdə qərarlaşıb. Fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında isə meşə fındığı (28,1 milyon dollar) birinci olub. Siyahıda ilk üçlüyü qızıl (27,6 milyon dollar) və mis filizləri (24,1 milyon dollar) tamamlayıb.
“İxrac icmalı”nda 2026-cı ilin yanvar-fevral aylarında ölkəmizin ixrac coğrafiyası haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, yanvar-fevral aylarında Rusiya Federasiyasına 149,1 milyon, Türkiyəyə 83,4 milyon, Gürcüstana 77,2 milyon dollar, İsveçrəyə 67,7 milyon, Ukraynaya isə 29 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub.
Fevral ayında Rusiya Federasiyasına 72,1 milyon, Türkiyəyə 52 milyon, Gürcüstana 45,6 milyon, İsveçrəyə 29,1 milyon, Qazaxıstana isə 13,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mallar göndərilib.
Nəşrin məlumatına əsasən, cari ilin yanvar-fevral ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin ölkəmizdəki nümayəndəliyi,“AGRARCO” MMC, “Prime Cotton” MMC,”Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “PRİME LM” Məhdud Məsuliyyətli Cəmiyyəti, “P-AQRO” MMC, “KHAN-EL” MMC, “MORS TRADİNG” MMC və “STP ALÜMİNİUM” MMC şirkətləri təmsil olunublar.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə “AzerGold” QSC başçılıq edir. Bununla yanaşı, “SOCAR POLYMER” MMC, “AZƏRALÜMİNİUM” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Socar Cape” MMC, “Sənayecihaz” EİM, “İstisu” Mineral Su Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Qaradağ Şüşə Zavodu” ASC də ixrac əməliyyatlarında fəal iştirak ediblər.
“İxrac icmalı”nın məlumatına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur. Ümumilikdə isə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir qurumun ümumi qazancının 65 faizini təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracına 710,4 min dollarla Birləşmiş Krallıq başçılıq edib. Siyahıda sonrakı yerləri Lüksemburq (545,4 min dollar), İsveç (374,4 min dollar), Türkiyə (162 min dollar) və Pakistan (152,5 min dollar) tutub.
M.YAQUBZADƏ
XQ

