Müvəqqəti atəşkəs mövcud gərginliyi aradan qaldıra bilərmi?
ABŞ/İsrail – İran arasında 39 gündür davam edən hərbi münaqişə, şübhəsiz, bütün dünyanın diqqətini Yaxın Şərqə yönəldib. Hərbi əməliyyatlar lokal müstəvidən çıxaraq, qlobal enerji bazarlarına və beynəlxalq logistika marşrutlarına birbaşa təsir edən genişmiqyaslı böhrana çevrilib. Mövcud mənzərə onu deməyə əsas verir ki, baş verənlər Yaxın Şərqin siyasi xəritəsini və qlobal güc iyerarxiyasını yenidən formalaşdıra biləcək köklü dəyişikliklərin carçısıdır. Təbii ki, gərginliyin dəqiq nə vaxt yekunlaşacağını proqnozlaşdırmaq çətindir, lakin bəzi nüansları, xüsusilə son günlər tərəflər arasında müzakirə olunan 45 günlük müvəqqəti atəşkəs planını diqqətdən qaçırmaq olmaz.
Nüfuzlu "Axios" portalının yaydığı məlumata görə, ABŞ və İran hazırda 45 günlük müvəqqəti atəşkəs imkanlarını müzakirə edirlər. Nəşr qeyd edir ki, müzakirələrin intensivliyinə baxmayaraq, tərəflərin gərgin ritorikası yaxın 48 saat ərzində konkret razılığın əldə olunma ehtimalını azaldır. ABŞ Prezidenti Donald Tramp son açıqlamasında Tehrana verdiyi vaxtı növbəti dəfə dəyişərək, son möhlətin çərşənbə axşamı saat 20:00-da başa çatacağını bildirdi. Ağ Ev sahibinin İran qarşısında qoyduğu seçim olduqca kəskindir: Tehran ya Hörmüz boğazını gəmilərin hərəkəti üçün tam açmalı, ya da ölkənin enerji infrastrukturunun məhv edilməsi riski ilə barışmalıdır. Trampın sərt paylaşımından dərhal sonra İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Əbdüllahi cavab bəyanatı ilə çıxış edərək bildirib ki, İran infrastrukturuna yeni zərbələr endiriləcəyi təqdirdə ABŞ və İsrail üçün "cəhənnəm qapıları" açılacaq. Bu bəyanat bir daha təsdiqləyir ki, rəsmi Tehran geri çəkilmək niyyətində deyil və keçən hər gün bu qərarın daha da sərtləşdiyini nümayiş etdirir.
Digər tərəfdən, Ağ Ev hərbi təzyiq rıçaqlarını əlində saxlamaqla münaqişədən maksimum siyasi qazancla çıxmağa çalışır. Vaşinqtonun strateji hədəfi bölgədə İranın nüfuzunu minimuma endirmək, mümkün olarsa, tamamilə neytrallaşdırmaqdır. Bu mürəkkəb mənzərədə Donald Tramp, hələ ki, diplomatik kanalları qismən açıq saxladığını nümayiş etdirir. Xatırladaq ki, Tramp münaqişə çərçivəsində İrana ilkin olaraq martın 22-də 48 saatlıq vaxt vermiş, daha sonra danışıqların gedişatından asılı olaraq bu müddəti əvvəlcə 5 gün, martın 26-da isə aprelin 6-na qədər daha 10 gün artırmışdı. ABŞ Prezidenti iqtisadi təzyiq yolu ilə olsa belə, münaqişəni öz şərtləri daxilində yekunlaşdırmaqda israrlıdır.
* * *
Hazırda ABŞ/İsrail–İran gərginliyi artıq bir çox istiqamətlərə, xüsusən də logistika və enerji daşıyıcılarına ciddi təsir göstərib. Bu iki sahə müasir iqtisadiyyatın lokomotividir. Əgər enerji və nəqliyyat qiymətləri qalxırsa, bu, istər-istəməz digər sahələrdə də bahalaşmaya səbəb olur. Gərginlik fonunda Hörmüz boğazı və Qırmızı dəniz marşrutlarının təhlükə altına düşməsi qlobal iqtisadiyyatı enerji inflyasiyası ilə üz-üzə qoyub. Dünya neft ticarətinin təxminən 25 faizinin keçdiyi boğazda risklər Brent markalı neftin qiymətinin qısa müddətdə 100 dollar barel həddini aşmasına səbəb olub ki, bu da istehsalatda birbaşa xərc artımına gətirib çıxarıb. Ötən gün İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı bildirib ki, İranın enerji infrastrukturuna hücumun nəticələri yalnız İran və regionla məhdudlaşmayacaq, qlobal enerji və iqtisadiyyata dağıdıcı təsir göstərəcək.
Siyasi icmalçı Tofiq Abbasov isə hesab edir ki, təklif olunan müvəqqəti atəşkəs, sadəcə, zaman qazanmaq cəhdidir. Politoloqun qənaətinə görə, artıq regionda strateji təşəbbüs və üstünlük İranın tərəfinə keçib. Daxili obyektlərin hədəf alınması və ya iqtisadi-energetik infrastrukturun sıradan çıxarılması ilə bağlı hədələr İran tərəfindən ciddi qəbul edilmir. Tehranın mesajı aydındır: “Əgər qarşılıqlı hörmətə əsaslanan dialoq istəyirsinizsə, aldatma və manipulyasiya metodlarından əl çəkməlisiniz”.
ABŞ-ın daxili siyasi konyunkturunun, xüsusilə Donald Trampın qərar qəbuletmə mexanizmlərindəki rolunun birbaşa yəhudi lobbisinin və Təl-Əvivin maraqları tərəfindən diktə olunduğunu deyən T.Abbasov belə bir şəraitdə Tehranın Vaşinqtona bel bağlaması və ya hansısa illüziyalara qapılmasının mümkünsüz olduğunu bildirib: “Maraqlıdır ki, İranın qonşuları ilə münasibətləri fonunda vaxtilə böyük səs-küyə səbəb olan “İbrahim sazişi” bu gün öz aktuallığını itirib. Çünki İran bu formatın regional maraqlara cavab vermədiyini və ABŞ-ın ərəb müttəfiqlərini deyil, yalnız İsrailin maraqlarını prioritet seçdiyini nümayiş etdirdi. Hazırda Qətər, Oman və Bəhreyn kimi ölkələrdə müşahidə olunan siyasi “oyanış” və yenidənqiymətləndirmə prosesləri məhz bu reallıqdan qaynaqlanır. Yekun olaraq qeyd etmək olar ki, İran strateji üstünlüyünü qorumaq üçün geri addım atmayacaq və bu, onun regional güc olaraq suveren haqqı kimi dəyərləndirilir”.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovun fikrincə, Trampın “3-4 həftəlik” planı hazırkı vəziyyətdə ən çox elə Vaşinqtonun özünə zərər verir. ABŞ-ın logistika xətti 13 min kilometr məsafədədir və aviasiyanın, hərbi bazaların resurslarını belə uzaq məsafədən bərpa etmək həm baha başa gəlir, həm də vaxt tələb edir. Digər tərəfdən, ABŞ Konqresinin 60 günlük limiti gündəmdədir. 1973-cü ildə qəbul edilmiş Müharibə Səlahiyyətləri Qətnaməsinə əsasən, ordu 60 gündən artıq hərbi əməliyyatlarda iştirak edə bilməz. Hazırda Konqres Trampın müharibə siyasətini dəstəkləmir. Bu səbəbdən o, vaxt tamamlanmadan prosesi yekunlaşdırmağa çalışır.
Digər tərəfdən, hesablamalara görə, münaqişənin gündəlik xərci orta hesabla 1 milyard dollardır. ABŞ-ın atdığı yüksək dəqiqlikli raketin qiyməti onun vurduğu obyektin dəyərindən qat-qat bahadır. Bu isə müharibənin iqtisadi səmərəliliyini sual altına qoyur. Nəticə etibarilə, ABŞ ilə İran arasında 45 günlük atəşkəs müzakirə olunsa da, tərəflərin şərtləri bir-birinə ziddir. Güman olunur ki, Tramp növbəti mərhələdə münaqişəni nə yolla olur-olsun sonlandırmağa və bunu “9-cu dayandırılmış münaqişə” kimi aktivinə yazmağa çalışacaq.
Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl hesab edir ki, hazırda gərginliyin mərkəzində Hörmüz boğazı dayanır: “Bu dar su yolu qlobal iqtisadiyyatın “boğaz nöqtəsi”dir. Dünya neft ticarətinin təxminən beşdəbiri məhz buradan keçir. İranın bu boğazı bağlamaq və ya nəzarəti sərtləşdirmək ehtimalı, faktiki olaraq, qlobal iqtisadi sistemə birbaşa təzyiq aləti kimidir”. Politoloqun fikrincə, Tehran bu kartdan son ana qədər istifadə etməyə çalışacaq, lakin onu tam bağlaya bilməz: “Çünki bu, artıq təkcə ABŞ-ı deyil, Çin, Hindistan və Avropa kimi böyük enerji istehlakçılarını da birbaşa qarşısına almaq deməkdir. Belə bir addım beynəlxalq hüquq müstəvisində də sərt reaksiyalara səbəb olar və hərbi müdaxilə ehtimalını ciddi şəkildə artırar.
Bu nöqtədə Türkiyə üçün yaranan vəziyyət xüsusi diqqət tələb edir. Ankara nə İranla açıq qarşıdurma, nə də regionda nəzarətsiz eskalasiyada maraqlı deyil. Türkiyənin strategiyası bir tərəfdən NATO üzvü kimi Qərblə koordinasiya, digər tərəfdən isə İranla dialoq kanallarının açıq saxlanılması kimi ənənəvi balans üzərində qurulub.
Hörmüz böhranı dərinləşərsə, Türkiyə üçün 3 əsas strateji istiqamət ön plana çıxacaq. Birincisi, son illər müxtəlif münaqişələrdə qazandığı təcrübəyə əsaslanan diplomatik vasitəçilik missiyasıdır ki, Ankara bu rolu ilə gərginliyi azaltmaq üçün yenidən mərkəzi platformaya çevrilə bilər. İkincisi, enerji təhlükəsizliyi məsələsidir. Hörmüz marşrutuna alternativ olaraq Xəzər hövzəsi və Mərkəzi Asiya resurslarının Türkiyə üzərindən daşınması ölkənin strateji əhəmiyyətini daha da artıracaq. Üçüncüsü isə regional təhlükəsizlikdir: Türkiyə birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışsa da, dəniz nəqliyyatının təhlükəsizliyini təmin edən beynəlxalq mexanizmlərdə və logistik layihələrdə dolayı yolla iştirakını genişləndirəcək.
Nəticə etibarilə, qarşıdakı dövrdə əsas sual atəşkəsin baş tutub tutmaması deyil, onun nə qədər davamlı və nə qədər funksional olacağıdır. Hörmüz “düyünü” açılmadıqca isə Yaxın Şərqdə gərginlik qalmaqda davam edəcək. Bu isə o deməkdir ki, regionda hər an daha böyük toqquşmaya keçid riski saxlanılır”.
Tacir SADIQOV
XQ

