Azərbaycan satirik qrafikasının təməli
Azərbaycan mətbuat tarixində mühüm yer tutan “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 120 ili tamam olur. 1906-cı ildə böyük ədib Cəlil Məmmədquluzadə tərəfindən əsası qoyulan və ətrafına Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev kimi bir çox qələm sahibini toplayan jurnal yalnız ədəbiyyat deyil, həm də təsviri sənət sahəsində yeni məktəbin əsasını qoydu.
Cəlil Məmmədquluzadə jurnalda canla-başla çalışacaq yenilikçi, tərəqqipərvər rəssamlar üçün davamlı axtarışlar aparırdı. Çünki o, əhalinin böyük əksəriyyətinin savadsız olduğu dövrdə qrafik rəsmlərin maarifləndirici gücünü və onların jurnalda çapının vacibliyini yaxşı anlayırdı. Çox keçmədi ki, ədibin bu arzusu reallaşdı və jurnal Ə.Əzimzadə, İ.Axundov, Q.Xalıqov, O.Şmerlinq, İ.Rotter kimi rəssamları özünə cəlb etməyi bacardı.
Rəssamlar jurnalın ədəbi mətnlərini karikatura, şarj və müxtəlif alleqoriyalar vasitəsilə tamamlayaraq, mövzuları daha aydın ifadə edirdilər. Dövrün ictimai-siyasi əhəmiyyətli hadisələrini geniş xalq kütləsi üçün doğma və anlaşıqlı edən məhz həmin rəsmlər idi.
Mirzə Cəlil bu barədə qeyd edirdi ki, nökərlər jurnalın səhifələri ilə samovarı alışdırarkən bu şəkilləri görür, qəh-qəh çəkib gülür, sonra isə mətləbi başa düşərək susur və dərin fikrə dalırdılar. Məhz bunun nəticəsi idi ki, ədib jurnalın uğurunun yarısını rəssamların uğuru hesab edirdi: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”.
Təsviri sənətimizin inkişafındakı rolu Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu ilə eyniləşdirilən novator rəssam Əzim Əzimzadə karikatura yaradıcılığı ilə milli təsviri sənətdə satirik qrafikanın əsasını qoymuşdur. O, xüsusi rəssamlıq təhsili almamasına baxmayaraq, yaradıcılıq təcrübəsini bu sahədə inkişaf etdirmiş, ideya-bədii cəhətdən kamil olan rəsmlər ortaya çıxarmışdır. Rəssam, eyni zamanda, yaradıcılığa öz karikaturalarını “Molla Nəsrəddin” jurnalında dərc etdirməklə başlamışdır.
Əzim Əzimzadənin karikaturaçı rəssam kimi yaradıcılığının kökləri “Molla Nəsrəddin” jurnalında çap olunmuş “İrşadın müştərisi” adlı karikaturası ilə bağlıdır. Bu karikaturanın çapı gənc rəssamın sevincinə səbəb olmuş, bundan sonra onun “Cənab Vittenin İrana səfəri”, “Millət dərdi çəkən dövlətmənd müsəlman”, “Hambala oxşayanlar” və s. kimi karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.
Əzim Əzimzadənin “Molla Nəsrəddin” jurnalı üçün yaratdığı karikaturalar dövrün real həyatını özündə təsirli şəkildə əks etdirirdi. Rəssam qəhrəmanlarını yaradıcı surətdə təsvir etməyə çalışmış, onların ruhunu anlamaqda oxucuya yardım etmişdir. Rəssamın sənət dilinin səlisliyi, kəskinliyi onun bu sahədə hərtərəfli istedadını üzə çıxarmışdır. Beləliklə, özünəməxsus təsvir vasitələrindən istifadə edən rəssam bir növ tipajlar qalereyası yaratmışdır.
1922-ci ildə “Molla Nəsrəddin” jurnalı Bakıda nəşr edildiyi dövrdə Mirzə Cəlil Əzimzadəni də jurnalla əməkdaşlığa dəvət etmişdir.
Jurnalın adını eşidən kimi onun üz qabığındakı Molla Nəsrəddin obrazı gözümüzün qabağında canlanır. Jurnalın tanınmasında müstəsna rol oynayan və yalnız Azərbaycanda deyil, bütün Şərqdə məşhur olan bu karikaturanın müəllifi “Molla Nəsrəddin” jurnalının əsas rəssamlarından olan Oskar Şmerlinq idi. 1906-cı ildən etibarən “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığa başlayan O.Şmerlinq çəkdiyi kəskin satirik karikaturalarla jurnalın populyarlıq qazanmasında və bədii təsir gücünün artmasında yaxından iştirak etmişdir. Rəssamın jurnalın birinci nömrəsinin üz qabığı üçün C.Məmmədquluzadənin sifarişi əsasında çəkdiyi “Müsəlman dünyasının oyanışı” adlı karikaturası “Molla Nəsrəddin” jurnalının əsas ideya xəttini və proqramını ifadə edirdi. Rəssamın jurnalı bəzəyən “Sizi deyib gəlmişəm”, “Niyə məni döyürsünüz?” və s. kimi məşhur karikaturaları jurnalın məqsədini dolğun şəkildə ifadə edirdi. Rəssamın karikaturalarının jurnalın aparıcı ideyaları ilə tam uzlaşması onların tez-tez nəşrin üz qabığında çıxarılmasını şərtləndirirdi ki, bu da rəssamın yaradıcılığına verilən yüksək qiymətin göstəricisi idi.
Rəssam cəmiyyətin ictimai problemlərini, savadsızlığı, geriliyi kəskin tənqid edən karikaturaları ilə cahil insanların özlərini özlərinə güldürürdü. Rəssamın yaradıcılığını yüksək qiymətləndirən Mirzə Cəlil onun haqqında yazırdı: “Keçən günləri yadıma salıb məcmuənin yolunda mərhəmət göstərənləri bir daha yada saldıqda onların içində ən dəyərli köməkçimiz Oskar İvanoviç Şmerlinqə qəlbimin incə bir guşəsindən intəhasız salamlar göndərirəm”.
Jurnalın nəşri prosesində O.Şmerlinqlə çiyin-çiyinə çalışan rəssam İosif Rotterin yaradıcılığı ən az O.Şmerlinq qədər Azərbaycan xalqı, onun mədəniyyəti, ədəbi-bədii mühiti ilə bağlı olub. “Molla Nəsrəddin” məktəbinin ilk əməkdaşlarından olan rəssam, özünəməxsus yaradıcılıq mövqeyi və hadisələrə orijinal yanaşma tərzi ilə jurnalın nüfuzunun yüksəlməsində mühüm xidmətlər göstərmişdir. C.Məmmədquluzadənin təklifini tərəddüd etmədən qəbul edən rəssam, 1906–1914-cü illər ərzində “Molla Nəsrəddin” jurnalının bədii tərtibatını yüksək peşəkarlıqla həyata keçirmişdir.
İosif Rotterin karikaturaları süjet xətti baxımından müstəqil xarakter daşımaqla yanaşı, obrazları satirik gülüşün dili ilə hədəf alan kəskin yazılar qədər dərin təsir gücünə malikdir. Onun bənzərsiz sənətkarlıq qabiliyyəti özünü xarakterik surətlərin yaradılmasında və bədii mətnlərin ideyasını təsvir dili ilə əyaniləşdirmək bacarığında büruzə verirdi. Dövrün mühüm hadisələrinə istinad edən rəssam baş verənləri mühitlə, şəraitlə əlaqələndirir, təsvir etdiyi surətləri sanki öz dili ilə danışdırırdı. Jurnalın dini mövzulu satirik karikaturalarında axirət nemətlərinə qovuşmaq arzusu ilə yaşayan mollalar kəskin tənqid atəşinə tutulur, ifşaedici gülüşün hədəfinə çevrilirdilər. Həmin karikaturaların süjet xəttində özünü göstərən canlılıq cizgilərin ahəngi ilə daha da güclənir və bu rəsmlər İ.Rotterin “satirik rəsm dili” haqqında çox aydın təsəvvür oyadır.
Rəssam təsvir etdiyi hər süjetdə sabit ifadəli obrazlar yaratməş, əksinə, personajlarını olduqca emosional təsvir etmişdir. Əda ilə küçədə yeriyən obrazlar, at üzərində pristav, boylanan kimsələr... Kəskin satira, incə yumor, öldürücü mübaliğə, alçaldıcı kinayə İ.Rotterin karikaturalarının danışan dilidir. Bir sözlə, rəssamın rəsmlərində karikatura sənəti üçün tələb olunan bütün şərtlər öz əksini tapır. “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından keçən 120 illik zaman kəsiyi bir daha sübut edir ki, bu nəşr təkcə öz dövrünün salnaməsi deyil, həm də Azərbaycanın mədəniyyət abidəsidir.
Bu böyük məktəbin təməlində isə heç şübhəsiz, Cəlil Məmmədquluzadənin ideyalarını sənətin dili ilə xalqa çatdıran rəssamların ustadlığı dayanır. Milli qrafika sənətimizin sütunu olan Əzim Əzimzadə, İsmayıl Axundov, Əmir Hacıyev, Qəzənfər Xalıqov, Xəlil Musayev, Hüseyn Əliyev və b. rəssamların yaradıcılığında rast gəldiyimiz, “Molla Nəsrəddin” jurnalı üçün çəkilmiş qrafik rəsmlər özünün ən kamil ifadəsini tapmışdır.
“Molla Nəsrəddin”çi rəssamlar sadəcə rəsm çəkməmiş, onlar böyük ideyaları rəsm dilində təqdim edən “silahdaşlar”a çevrilmişlər. Bu rəssamların yaratdıqları “Molla Nəsrəddin” rəssamlıq məktəbi Azərbaycanda satirik qrafikanın əsasını qoymaqla, təsviri sənətdə yeni ideyaları formalaşdıran mühüm bir mərhələ təşkil edir.
Şəmsiyyə ZALOVA,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü

