Hacan Hacısoy – 80
Tanınmış neftçi-alim və diplomat Hacan Hacısoyun anadan olmasının 80 illiyini ölkənin elmi-mədəni ictimaiyyəti və Gürcüstanda yaşayan soydaşlarımız sevgi-sayqı və qədirbilənliklə qeyd edir.
Hacan Hacısoy (Hacan Qulu oğlu Hacıyev) 1946-cı ildə Gürcüstanın Kaxeti bölgəsinin Qaraçöp mahalında anadan olub. Orta məktəbi doğma kəndində bitirib, ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda (1964-1969) alıb. Texnika elmləri doktoru, professordur. Azərbaycan Respublikasının Gürcüstanda ilk fövqəladə və səlahiyyətli səfiri (1996-2004-cü illər) olub. O, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunda fəaliyyətini davam etdirir. 100-dən çox elmi məqalə, 3 monoqrafiya və 5 ədəbi-bədii kitabın müəllifidir.
Maraqlıdır ki, bir neçə şeir və poemalar kitabının müəllifi olan bu təvazökar insan heç bir yerdə özünü şair kimi tanıtmasa da, kövrək misraları onu dərin duyğu-düşüncə sahibi və bənzərsiz poetik qələm sahibi kimi təqdim edir:
Qoy hədər getməsin bircə anın da,
Ey könül, usanma dözümün olsun.
Deyirəm, bu yollar kəhkəşanında,
Bir kiçik cığır da özümün olsun!
“Yurdum – yuvam...” (şeirlər və poemalar, Bakı: Pedaqogika, 2011) kitabının annotasiyasında oxuyuruq: “Müəllifin heç nəyə iddiası yoxdur. O, öz daxili aləminin, söz dünyasının göstəricisi, duyğularının ifadəsi kimi, bu şeirləri sizin diqqətinizə təqdim edir”.
Ancaq onun poetik topluları ilə tanış olan hər kəs poeziya aləmində özünəxas ədəb-ərkanı olan “çiynində söz yükü daşıyan bir yolçu” görür, başqa sözlə, narahat şair qəlbinin döyüntülərini eşidir. H.Hacısoy poeziya aləminə gələnəcən dünyanın bir çox haqsızlıqlarını görüb, əsrin faciələrinin şahidi olub. Heç şübhəsiz, millətini, dövlətini sevən bir ziyalı kimi, qəlbindən gələn haqq səsini yazıya almaya, o müdhiş olayları poeziyanın məhkəməsinə verməyə bilməzdi.
Hacan müəllimin uşaqlıq illəri dünyaya göz açdığı Qaraçöp elində keçib. Söykəndiyi Töyrə təpəsinin ab-havası, əfsanəvi Qavrı çayının axar-baxarı ruhuna qida verib. O, doğuya, batıya, quzey, güney Azərbaycana, baxtının tacı Borçalıya məhz “eyvan mahallı Qaraçöp”dən baxıb.
Vətən, Torpaq, Dünya, Zaman və insan mənəviyyatının müxtəlif probləmləri onun şeirlərinin kökü və mayasıdır. H.Hacısoyun “Arasında”, “Örkən doğanaqdan keçir”, “Ömür sünbül üstə dəndir”, “Olmasa”, “Nə vecinədir”, “Arzu” və digər şeirləri, gəraylıları aşıq şeir şəkillərinə məxsus keyfiyyətləri özündə ehtiva edən maraqlı sənət nümunələridir. Bu şeirlərdə folklordan gələn motivlər müasir düşuncə ilə birləşir:
Könül, olma ürəyi dar,
Bir boşalan, bir də dolar!
El qayıdar, bərpa olar,
Köhnə çağlar yurd yerində.
Müəllifin şeirlərində Yol obrazı diqqəti cəlb edir. Bu yollar oxucunu qədim yurd yerlərinə – Borçalıya, Azərbaycana, Xudafərinə, oradan Turana aparıb çıxarır.
Doğma vətəndən, onun qayğı və ağrılarından yazan Hacan Hacısoy ovqatının nikbin anlarında ara-sıra sevgi mövzusuna da üz tutur. “Məni bu sevgi yaşatdı”, “Mənim eşqim”, “İkimiz bir yerdə”, “Bir tamın iki hissəsiyik”, “Qovrulmuşa rəhmin gəlsin”, “Sözümdən yaman qorxuram”, “Hər şirin dilə aldanma”, “Məhəbbət halallıq sevir, Ona haram qatmaq olmaz”, “Allah, bu sevgini günaha yazma” istəyi müəllifin sufi düşüncəsindən, təsəvvüf işığından süzülüb gəlir:
Bütün ucaların ucası budur,
Dilimin kəlməsi, hecası budur.
Könlümün yeganə ricası budur,
Allah, bu sevgini günaha yazma.
Ənənəvi formada yeni məzmun çalarlarını davam etdirən şair “Həmişə bir yerdə, həmişə ayrı” şeirində düşüncələrini antitezalar üzərində qurmağa çalışır. Biri digərinin əksi olan qütblər oxucu düşüncəsini yerindən tərpətməklə ona narahatlıq hisslərini də yaşadır.
H.Hacısoy özünü mühakimə edən, həm də özünə hesabat verən ziyalı, harada düz, harada səhv etdiyini etiraf edən şəxsiyyətdir. Oxucu müəllifin poetik aləmi ilə tanış olduqca kövrək duyğuların doğurduğu etiraf və hesabatların şahidi olur:
Şeirlərində hesabatla kifayətlənməyən müəllif mənəvi aləmin dərin qatlarına enir. “Asılı”, “Məni öz əlimdən qurtar, İlahi” şeirləri lirik qəhrəmanın taleyi haqqında ciddi fikirləri özündə ehtiva edir. Qeyrət və haqsızlıq... Bunlar bir-birini təkzib edən qütblərdir. Hacan özünə qarşı o qədər tələbkardır ki, hətta özündən qurtarmaq üçün İlahiyə müraciət edir.
Hacan Hacısoyun şeir dilində İlahi, Tanrı, Ya Rəsulallah kəlmələrinə də sıx-sıx rast gəlirik. Bu, müqəddəs Həcc ziyarətində olmuş adamın müdriklik səviyyəsinin, həm də din, iman adamı olduğunun göstəriciləridir. Odur ki, “Var ilə yoxun arası” kitabının (Bakı, 2016) bir bölməsi “Allah-Rəsulallah-Müqəddəs kitab, üçü bir vəhdətə səcdə qılıram” adlanır.
Şair Hacan Hacısoyun şeir dili sadədir. Xüsusən lirik şeirlərində şifahi poeziyanın dilinə məxsus təbiilik, axıcılıq diqqəti cəlb edir. Əlvan təşbehlər, atalar sözü, zərb məsələlər, cinaslar təzadlı qarşılaşdırmalardan məqamında istifadə onun şeir dilinə şirinlik gətirir. Məsələn, “Bir sahiləm ləpədöyən” şerində oxuyuruq:
Dəyirmanım düzənlikdə,
Dəhnəsi dayanıb dikdə.
Daş-daşı yedi, dənlikdə,
Dənim olmadı neyləyim.
Bədii yaradıcılığını əsasən kövrək duyğulu, didaktik ruhlu şeirlər təşkil edən şair H.Hacısoyun poemaları Vətən harayının əks-sədasıdır. Dərin yanğı hissi ilə qələmə alınmış “Dərd örnəyi – Vətən” poemasında xəyanət, unutqanlıq və biganəliyə qarşı güclü ittiham var. Daha sonra Xocalı faciəsi, Daşaltı xəyanəti xatırlanır.
Müəllifin ikinci poeması “Yurdum-yuvam...” adlanır. Əsərdə Azərbaycanın ağrı-acısına geniş əhatəli prizmadan yanaşılır. Poemanın məziyyətlərindən danışarkən xalq şairi Nəriman Həsənzadə haqlı olaraq yazır ki, “Poemanızda sanki bütün Azərbaycanının dərd xəritəsini cızmısınız”.
Poemanın ikinci hissəsi Vətənin digər parası “Gözümün ağı-qarası Borçalıya” həsr olunub. Onu da qeyd edək ki, Borçalı müəllifin bədii yaradıcılığında əzəli-əbədi mövzulardan biridir. Bu ağır elin Başkeçid, Qaraçöp, Qarayazı və digər bölgələrinin dəfələrlə vəsf edilməsi fikrimizi bir daha təsdiq edir. Müəllif “Sən bir səhvin qurbanısan, Baxtı qıyqacı Borçalı” yanğısı ilə İran şahının ədalətsiz fərmanını qınayır və Azərbaycanın tarixi abidəsi olan “Sınıq körpü” sərhəd məntəqəsinin adına işarə edərək deyir:
Dərd içində qəm yeməkdi,
Ayrılıq, həsrət deməkdi.
İki yerə bölünməkdi,
Sənin adın - mənim könlüm!
Poemada paralanmış Borçalının qayğı və iztirabları ilə yanaşı, milli qürur və iftixar hissi də aparıcı mövqedədir. Əxlaqi-mənəvi dəyərlərimizi indi də qoruyub saxlayan Qarapapaq kişiləri, xalqımıza görkəmli şəxsiyyətlər bəxş etmiş Borçalı məktəbləri lirik ovqatda tərənnüm edilir.
Fərhad XUBANLI,
pedaqogika üzrə fəlsəfə doktoru
Gürcüstan

