Dünən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Elm Gününə həsr olunmuş toplantı keçirilib.
Məclisdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Elm Günü və elm haqqında söz, akademik elmin vəzifələri mövzusunda çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildən qeyd edilən Elm Günü müstəqil Azərbaycan dövlətinin yaradıcı ziyalılarının, alimlərinin, elm adamlarının xidmətlərinə verdiyi yüksək qiymətin əməli ifadəsidir. Ötənilki Elm Günündən keçən birillik dövrün elm aləmi üçün ən böyük tarixi hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində iştirak etməsi və dərin məzmunlu, proqram xarakterli nitq söyləməsi olub.
Prezidentin tapşırığından irəli gələrək Akademiyada bu istiqamət üzrə fəaliyyətin genişləndirildiyini deyən akademik İsa Həbibbəyli Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilinin linqvistik korpusunun yaradılması sahəsində mühüm addımların atıldığını, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətləri üzərində işlərin tamamlandığını söyləyib. Bundan əlavə, şəxs adlarının yeni soraq kitabının hazırlanaraq aidiyyəti üzrə müvafiq quruma təqdim olunduğunu, Azərbaycan dilinin saflığının qorunması və qrammatikasının yenidən yazılması sahəsində də ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb.
Sonra Elm Gününün fəxri qonağı Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov, Xalq yazıçısı Anar və başqaları çıxış ediblər.
Mərasimdə Xalq rəssamı Fərhad Xəlilovun həyat və yaradıcılığına həsr olunmuş filmə baxış keçirilib.
Sonda yubilyar əməkdaşlar təltif olunublar.
XQ

