Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 150 Bakı şəhəri, 5 may 2023-cü il

“Qida məhsullarının zənginləşdiril­məsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi qaydası”nın təsdiq edil­məsi haqqında

“Qida təhlükəsizliyi haqqında” Azər­baycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tət­biqi və Azərbaycan Respublikası Prezi­dentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yan­var tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qa­nununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edil­məsi haqqında” Azərbaycan Respublika­sı Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.1.6-cı yarım­bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Ka­bineti qərara alır: 

1.“Qida məhsullarının zənginləşdiril­məsi (fortifikasiya) haqqında qərarın qə­bul edilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təs­diq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanma­sı və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 may 

tarixli 150 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya)

haqqında qərarın qəbul edilməsi

 

QAYDASI

 

1.            Ümumi müddəalar

 

1.1. Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi ilə bağlı məsələləri tənzimləyir. 

1.2. Qida məhsullarının zənginləşdirmə tələbləri, metodları və zənginləşdirmə prosesində istifadə olunan inqrediyentlər və nutriyentlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

1.3. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (bundan sonra – İnstitut) elmi əsaslandırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir və qida zənciri subyektləri üçün məcburi xarakter daşıyır.

1.4. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar daxili bazara yerləşdirilməsi məqsədilə istehsal və ya emal edilən və ya ölkəyə idxal olunan qida məhsullarına şamil edilir.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

 

2.            Qida məhsullarının zənginləşdirilməsi haqqında

qərarın qəbul edilməsinin məqsədi

 

 Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar qida məhsullarının qida dəyərinin yüksəldilməsi və zəruri nutriyent qəbulu səviyyəsinin təmin edilməsi, nutriyent çatışmazlığının qarşısının alınması, azaldılması və ya aradan qaldırılması yolu ilə həyat və sağlamlığın qorunması, habelə əhalidə yaranan xəstəliklərin profilaktikası məqsədilə qəbul edilir. 

 

3.    Qida məhsullarının zənginləşdirilməsi haqqında

qərarın qəbul edilməsinin prinsipləri

 

3.1. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar aşağıdakı prinsiplər nəzərə alınmaqla qəbul edilir:

3.1.1. insan həyatının və sağlamlığının qorunmasının üstünlüyü;

3.1.2.  qəbul edilən qərarın gözlənilən nəticəyə mütənasibliyi;

3.1.3.  qərarın qəbul edilmə prosesində şəffaflığın təmin olunması; 

3.1.4. qəbul edilən qərarın insan həyatının və sağlamlığının qorunmasını təmin etmək məqsədilə risklərin təhlilinə əsaslanması.

 

4. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərarın qəbul edilməsi proseduru və qərara dair tələblər

 

4.1. Əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə yaradılan tibbi statistika və məlumat-analitik bankının məlumatları, habelə adambaşına düşən istehlak göstəricilərinə dair məlumatlar əsasında zərurət müəyyən olunduqda, Agentlik və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlı bu Qaydanın 4.2-4.5-ci bəndləri ilə müəyyən edilən prosedura başlanılması barədə qərar qəbul edilir.

4.2. Bu Qaydanın 4.1-ci bəndində qeyd olunan məlumatlar Agentlik tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlı elmi araşdırmanın aparılması məqsədilə İnstituta təqdim edilir. İnstitut tərəfindən elmi araşdırma aşağıdakılar nəzərə alınmaqla aparılır:

4.2.1. əhalidə bir və ya daha çox nutriyent çatışmazlığı ilə bağlı tibbi dəlillər;

4.2.2. nutriyentlərin qəbulunun aşağı səviyyədə olmasına dair məlumatlar;

4.2.3. əhalinin qidalanma vəziyyətinin yaxşılaşdırılması və (və ya) qidalanma vərdişlərində baş verən dəyişikliklər səbəbindən qida qəbulunda nutriyentlərin mümkün çatışmazlıqlarının aradan qaldırılması imkanı;

4.2.4. nutriyentlərin qidalanmada rolu və onların (o cümlədən onların çatışmazlığının) sağlamlığa təsirləri ilə bağlı son elmi sübutlar;

4.2.5. nutriyentlərin insan həyat və sağlamlığı üçün təhlükəsiz olan yuxarı həddi;

4.2.6. çatışmazlığı olan nutriyenti ehtiva edən hər bir qida məhsulunun ümumilikdə əhalinin və ya əhalinin xüsusi qruplarının ümumi qida rasionundakı miqdarı;

4.2.7. çatışmayan nutriyentlərin digər qida mənbələrindən qəbulu səviyyəsi;

4.2.8. qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş tələblər.

4.3. Aparılan elmi araşdırma nəticəsində İnstitut tərəfindən qida məhsullarının zənginləşdirilməsi haqqında elmi əsaslandırılmış təklif formalaşdırılır və Agentliyə təqdim edilir.

4.4. Agentlik tərəfindən bu təklif əsasında zənginləşdirilə biləcək qida məhsullarının, o cümlədən həmin qida məhsullarının zənginləşdirilməsinin iqtisadi sahəyə təsirinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və digər aidiyyəti dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələrindən ibarət tərkibdə işçi qrup yaradılır.

4.5. İşçi qrupun təklifləri nəzərə alınmaqla Agentlik tərəfindən qərar layihəsi hazırlanır. Həmin layihə İnstitutun elmi əsaslandırılmış təklifi ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

4.6. Qida məhsullarının zənginləşdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda çatışmazlığı olan nutriyentin qida məhsulundakı həddi qeyd edilməlidir.

4.7. Qida məhsuluna inqrediyentin və digər maddənin əlavə edilməsi çatışmazlığı olan nutriyentin qida məhsulunda ən azı müəyyən edilmiş minimum miqdarda olması ilə nəticələnməlidir.

Nazirlər kabinetinin qərarları