Mixail Qusman: Heydər Əliyev böyük şəxsiyyətlərə xas olan bütün keyfiyyətləri özündə cəmləşdirmişdi

post-img

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-a müsahibəsində Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb, gənc nəslin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu, bu dahi siyasi xadimlə birinci və sonuncu müsahibəsi barədə söhbət açıb.

-Mixail Solomonoviç, sizin yeniyetməlik və gənclik illəriniz o vaxt Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanda keçib. 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gələndən sonra şəxsən sizin həyatınızda və respublikanın həyatında nələr dəyişdi?

-Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında danışanda “lider” sözü mənim yaşıdım olan insanlara daha çox uyğun gəlir. Biz Heydər Əliyevin liderliyi illərində böyümüşük. Onun Azərbaycan KP MK-nın birinci katibi seçildiyi gün yadımdadır. Mənim 19 yaşım vardı. O vaxt hamı başa düşürdü ki, Azərbaycanda dəyişikliklərə ehtiyac var. Respublikaya kimin rəhbərlik edəcəyini bilən adamların əhatə dairəsi çox məhdud idi.

Sonradan, 2001-ci ildə Heydər Əliyev mənə lütfkarlıq göstərərək “Formula vlasti” proqramına müsahibə verərkən danışırdı ki, o vaxt SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov onu dəvət edib və deyib ki, onu respublikada ən ali vəzifəyə irəli çəkmək fikri var. Heydər Əliyev bu təklifdən imtina etmişdi. Onun 46 yaşı vardı, bütün meyarlar üzrə çox cavan idi, hərçənd artıq general, respublika DTK-nın sədri idi. O, həmin təklifdən imtina edərək demişdi ki, öz gələcəyini güc orqanlarında görür. Heydər Əliyev özü deyirdi ki, özünü partiya işinə hazır hesab etmirdi. Cəmi bir neçə gündən sonra Yuri Andropov ona yenidən zəng vurub dedi ki, onu Brejnev çağırır, bu, çox böyük etimaddır, ölkə rəhbərliyi hesab edir ki, məhz Heydər Əliyev Azərbaycana rəhbərlik edə, respublikanın simasını yeniləşdirə, islahatlara başlaya bilər. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günündən həyatın bütün sahələrində tamamilə yeni ab-hava hiss olunurdu. Respublika günbəgün dəyişirdi. Leonid İliç Brejnevin “Azərbaycan iri addımlarla irəliləyir” sözləri mübaliğə deyildi. Çünki o vaxt Azərbaycanın bütün sahələrdə - sosial, iqtisadi, mədəni sahələrdə götürdüyü sürəti heç nə ilə müqayisə etmək olmazdı. Mən dəfələrlə demişəm ki, Leonid İliç Brejnev Moldovaya, Ukraynaya, Qazaxıstana rəhbərlik edib lakin həmin respublikaların heç biri haqqında buna oxşar sözlər deməyib. Amma Azərbaycan haqqında deyib, çünki bu, mütləq həqiqət idi.

Mənim yaşıdım olan gənclər Azərbaycanla birlikdə böyüyüb. Heydər Əliyev bizim üçün sözdə deyil, qəlbən lider olub.

-“Formula vlasti” verilişi üçün sizin Heydər Əliyevlə məşhur müsahibəniz hamımızın yadındadır. Bu, onunla ilk şəxsi görüşünüz idi?

-Mən Bakıdakı 1 nömrəli məktəbdə oxuyurdum. Bizim məktəbdə qayda-qanuna riayət olunmasına nəzarət edən drujinaçı dəstələri vardı. Belə dəstələrdən birinin komandiri mən idim. Bir dəfə Bakıda məktəblilərin toplanışı keçirilirdi. O vaxt mən səkkizinci sinifdə oxuyurdum. Heydər Əliyev o vaxt DTK sədrinin müavini idi. İctimai asayişin qorunmasında fəal iştirakıma görə mənə fəxri fərman təqdim etdi. Heydər Əliyevin imzaladığı bu fərmanı indiyə qədər saxlayıram. Sonra, ondan müsahibə götürəndə bu fəxri fərmanı göstərdim, əlbəttə kameraya çəkilmədən. O dedi ki, səni daha nə iləsə təltif etmək lazımdır. Sonralar bu təltifi İlham Heydər oğlu reallaşdırdı. Azərbaycanın bir neçə dövlət təltifinə layiq görülməyimlə fəxr edirəm. 2001-ci ildə Heydər Əliyevlə tamdəyərli və məndən ötrü fövqəladə əhəmiyyətli söhbətimiz oldu. O vaxt biz bir saatdan çox danışmışdıq. Sonradan, material üzərində işləyərkən bu müsahibəni ixtisar etməli oldum, hərçənd başa düşürdüm ki, onun hər kəlməsi qızıla bərabərdir. Bu müsahibənin məndən ötrü faciəli davamı olub. İki ildən sonra mən yenə müsahibə götürmək xahişi ilə Heydər Əliyevə müraciət etdim, o da razılıq verdi. Müsahibə aprelin 22-nə təyin edilmişdi. 2003-cü il idi. Aprelin 21-də Heydər Əliyev indiki Heydər Əliyev sarayına (o vaxt “Respublika sarayı” adlanırdı), Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illiyinə həsr edilmiş tədbirə gəldi. Bu məktəbi o özü yaratmışdı. Orada çıxış edərkən özünü pis hiss etdi, yıxıldı, lakin ayağa qalxaraq çıxışını davam etdirdi və vidalaşdı. Mən gözümü ekrandan çəkə bilmirdim. Bu, onun xalq qarşısında son çıxışı idi. Təbii ki, bizim müsahibə baş tutmadı. Ona görə 2001-ci ildə götürdüyüm birinci müsahibə mənim üçün çox dəyərlidir.

-Mixail Solomonoviç, siz tarixi Vətəninizdə - Azərbaycanda tez-tez olursunuz. Müasir Azərbaycan barədə təəssüratlarınız necədir?

-Heydər Əliyev Moskvadan Azərbaycana qayıdanda Respublika bərbad vəziyyətdə idi. O, Azərbaycan rəhbərliyinə qayıdanda ölkə xəzinəsi boş idi. Həmin illərdə ölkə iqtisadiyyatı ilə məşğul olan insanlar mənə söyləyirdilər ki, iqtisadiyyat yaman gündədir. Bəli, neft buruqları işləyirdi, lakin bu nefti haraya satmaq, hasilatı necə artırmaq lazım olduğu məlum deyildi. Ölkə Qarabağda ədalətsiz müharibənin vurduğu yaraları yenicə sağaltmağa başlamışdı. Öz doğma torpaqlarından qovulmuş bir milyon qaçqının faciəsi də göz qabağında idi. Bütün bunların müqabilində Heydər Əliyev ölkəni, necə deyərlər, sıfırdan başlayaraq yenidən yığmalı oldu. Mən hesab edirəm ki, müasir Azərbaycanın banisi və qurucusu məhz Heydər Əliyevdir. O, ölkənin sükanını İlham Heydər oğluna verdi. Bu, artıq formalaşmış, lakin iqtisadi baxımdan son dərəcə zəif, xarici aləmlə münasibətlərini təzə-təzə tənzimləyən ölkə idi. İlham Heydər oğlu respublikanın Prezidenti kimi, əsası Heydər Əliyev tərəfindən qurulmuş, onun memarlıq konstruksiyaları əsasında yeni ölkə qurmağa başlamalı oldu. Mənə belə gəlir ki, İlham Heydər oğlu bu vəzifənin öhdəsindən parlaq şəkildə gəlib. Azərbaycanın bugünkü uğurları, onun beynəlxalq aləmdə tanınması və əlbəttə, ən böyük nailiyyəti - 44 günlük müharibədə Qələbəsi, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin işğaldan azad edilməsi – bütün bunlar Heydər Əliyevin vəsiyyətlərinin yüksək dərəcədə uğurlu şəkildə reallaşması deməkdir.

-Siz məşhur “Formula vlasti” verilişinin müəllifi və aparıcısısınız. Bir çox dövlət başçıları sizin verilişin qəhrəmanları olub. Heydər Əliyevi necə xatırlayırsınız?

-Məndən ötrü Heydər Əliyev şəxsiyyət kimi vacibdir. 20 ildən çoxdur ki, mən hakimiyyətdə olan insanlardan soruşuram: hakimiyyət nə deməkdir? Hakimiyyətdə olan insanların fenomeni nədən ibarətdir? Taleyin qismətindən hakimiyyətin zirvəsinə çatmış 400-dən çox insan mənim müsahiblərim olub. Uzun illərdir ki, mənə bu qəhrəmanlar barədə suallar verirlər. Mən həmişə birincilər sırasında Heydər Əliyevin adını çəkirəm, çünki onun şəxsiyyəti heyrətamiz dərəcədə çoxcəhətlidir. Böyük şəxsiyyət, miqyaslı şəxsiyyət üçün zəruri olan bütün keyfiyyətlər onda cəmləşmişdi: sarsılmaz iradə, parlaq dərin zəka, fenomenal analitik təfəkkür, xüsusi duyum, eyni zamanda, cəlbedici olmaq, istənilən müsahibi heyran etmək və əsla qəddar olmadan son dərəcə sərt olmağı bacarmaq. İnanın ki, liderdə bu keyfiyyətlərin cəmləşməsi inanılmaz dərəcədə nadir haldır. Çox vaxt ölkə özü onun liderindən daha genişmiqyaslı, əhəmiyyətli olur, liderin şəxsi keyfiyyətləri ölkəyə rəhbərlik etməsi üçün çatışmır. Çox nadir hallarda buna əks vəziyyət yaranır – rəhbərin şəxsiyyətinin miqyası ölkənin miqyasından böyük olur. Azərbaycana münasibətdə Heydər Əliyev məhz belə insan idi. Hətta bilirəm ki, bir dəfə Amerika nümayəndə heyəti ilə söhbət zamanı Heydər Əliyev demişdi ki, o, Sovet İttifaqının dağılmasına imkan verməzdi, amma sonra əlavə etmişdi ki, ondan sonra İttifaq onsuz da dağılacaqdı. Onun mənə verdiyi müsahibəyə bu yaxında yenidən baxmışam. Bu müsahibəyə tez-tez qayıdıram, telefonuma yazmışam. Onun hər bir fikri qüsursuz, dəqiqdir. Böyük insan idi!

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Müsahibə