Tanınmış bəstəkarın müəllif konserti

post-img

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovun növbəti müəllif konserti onun sevimli müəllimi – Azərbaycanda simfonizmin banisi Cövdət Hacıyev və atası – uşaq müsiqisisinin klassiki sayılan Oqtay Zülfüqarovun irsinə sadiqliyini bir daha göstərdi. 

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti, AMEA-nın müx­bir üzvü, professor Firəngiz Əlizadə konsertdən öncəki çıxışında bunu xü­susi vurğuladı və bəstəkarın çoxşaxəli yaradıcılığından danışdı. Qırx ildən ar­tıq müddətdə onun həyat verdiyi əsər­lərin uğurlu taleyini, müəllifin özününsə sadə, təvazökar xasiyyətini qeyd etdi. 

Bəstəkarlar İttifaqının katibi, Əmək­dar incəsənət xadimi, professor Zemfira Qafarova da musiqişünaslar ailəsinin layiqli təmsilçisi Cahangir Zülfüqarovun sənətinə böyük dəyər verdiyini diqqətə çatdırdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lətifəxanım Əli­yeva isə ABİ-nin dəstəyilə bəstəkara həsr etdiyi, yeni nəşr olunmuş broşür­dən söhbət açdı. 

Tədbirin bədii hissəsi maraqlı keç­di. Fleyta və simfonik orkestr üçün bəstələnmiş “Ümid adası” adlı Qravü­raları Xalq artisti Rauf Abdullayevin di­rijorluğu ilə ifa edən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Or­kestrinin lent yazısı səsləndirildi. Həmin yazıda fleytada solo ifa bəstəkarın qızı, Beynəlxalq müsabiqə laureatı Əminə Zülfüqarovaya məxsusdur. 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Atatürk Universite­tinin professoru, fəlsəfə elmləri doktoru Həqiqət Məhərrəmovanın ifasında “Sarı gəlin”, “Ağ alma” – Piano üçün 2 Fan­taziya” tamaşaçılara xüsusi zövq verdi. 

Azərbaycan Dövlət Uşaq Filarmo­niyası “Şəms” Uşaq Xoru kiçik yaş qrupunun, solistlər Məryəm Əliyeva ilə Fidan Bağırovanın ifaları hər kəsə xoş təsir bağışladı. “Vətən hissi” mahnısı C.Zülfüqarovun nəvəsi Emili Zəkiyyə­nin solistliyi, eyni zamanda, xorun tər­kibində bəstəkarın digər nəvəsi İnarə Zülfüqarovanın iştirakı ilə gözəl səs­ləndi. Azərbaycanda uşaq musiqisinin klassiki Oqtay Zülfüqarovun “Elegiya” əsərinin budəfəki ifasının özəlliyi isə ondan ibarət idi ki, onu ustadın nəticə­si – Əfrasiyab Bədəlbəyli adına 11 illik musiqi məktəbinin VI sinif şagirdi Əf­rasiyab Məmmədov pianoda ifa edirdi. C.Zülfüqarovun uşaqlıq və gənclik dost­ları Rauf İmanov və Məbud Məhhərə­movun şux xatirələri də görüşə rəng qatdı. 

Müəllif fleyta və 2 piano üçün bəstələdiyi “Oazis” əsərini fleytada qızı Əminə Zülfüqarova və nəvəsi Əfrasi­yabla birgə pianoda ifa etməklə tədbi­rin son akkordlarını vurdu. Sonra qısa nitqlə hamıya öz təşəkkürünü bildirdi.

“Xalq qəzeti”

Mədəniyyət