Yubilyar ədibin yaradıcılığına elmi baxış

post-img

Dünən AMEA Ədəbiyyat İnstitutunda Azərbaycan Milli Kitabxanası ilə birgə Xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim, professor Elçin Əfəndiyevin 80 illik yubileyi münasibətilə “İki əsrin görkəmli sənətkarı” mövzusunda elmi sessiya keçirilib.

AMEA Humanitar və ictimai elmlər böl­məsi qururumlarının rəhbərləri, əməkdaş­ları, yazıçının tədqiqatçıları əvvəlcə Milli Kitabxananın Elçinin yaradıcılığı barədə təşkil etdiyi sərgi ilə tanış olublar.

Elmi məclisi giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbib­bəyli müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin Əfəndiyevin zəngin və çoxcəhətli yaradıcılığı ilə dün­ya şöhrətli sənətkar zirvəsinə yüksəldiyini vurğulayıb. O, Elçinin çağdaş Azərbaycan ədəbi-ictimai fikir tarixində hərtərəfli şəx­siyyət – istedadlı yazıçı, məhsuldar dra­maturq, dəyərli ədəbiyyatşünas, həm də fəal ictimai xadim kimi tanındığını bildirib. 

AMEA rəhbəri Elçinin əsərlərinin hə­yatın ziddiyətlərini, milli idealları, Azərbay­can gerçəkliyinin özünəməxsusluqlarını təbii, dolğun və yüksək sənətkarlıqla əks etdirdiyini söyləyib. O, görkəmli yazıçının yaradıcılığında Abşeron hekayələrinin xü­susi yeri olduğunu qeyd edərək, “Balada­daşın ilk məhəbbəti” əsərinin Azərbaycan hekayə janrının seçilən nümunələrindən biri olduğunu deyib. İsa Həbibbəyli Xalq yazıçısı Elçinin ədəbiyyata xidmət etmək­dən heç zaman yorulmadığını, bu gün də yeni ədəbi nümunələri və samballı el­mi-nəzəri mülahizələri ilə ədəbiyyatımızı və sahə elmini zənginləşdirdiyini bildirərək ədibə yeni yaradıcılıq uğurları arzu edib. 

Sonra Azərbaycan Milli Kitabxanası­nın direktoru, professor Kərim Tahirov, AMEA Əlyazmalar İnstitutunun baş direk­toru, akademik Teymur Kərimli və filologi­ya elmləri doktoru, professor Qəzənfər Paşayev Elçin yaradıcılığının özəlliklərin­dən söz açıblar.

Elmi sessiyada AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Elçinin he­kayə poetikası”, filologiya elmləri doktoru Sara Osmanlının “Yazıçı tənqidinin özəl­likləri”, professor Nizami Tağısoyun “Elçi­nin “Baş” romanının kompozisiya-struktur polifonizmi”, dosent Nərminə Ağayevanın “Zamanın Elçin teatrı və Elçin teatrının za­manı” və fəlsəfə doktoru Gülnar Osmano­vanın “Elçin nəsri mif və folklor konteks­tində” mövzusunda məruzələri dinlənilib.

Sonda çıxış edən Xalq yazıçısı Elçin yaradıcılığına həsr edilmiş elmi məclisin təşkilinə və keçirilməsinə görə məmnun­luğunu bildirib, təşəkkürünü ifadə edib. O, gənclik illərinin Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu xatırlayaraq, bu elmi müəssisənin Azərbaycan ədəbiyyatşü­naslığının inkişafında, onun nəzəri baza­sının genişlənməsində böyük xidmətləri olduğunu qeyd edib.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

Mədəniyyət