Elm xəbərləri

post-img

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və İtaliyanın Milli Tədqiqat Şurasının (MTŞ) “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CİS əsasında tədqiqi” layihəsi çərçivəsində 3 günlük təlim təşkil edilib.

Coğrafiya İnstitutunda ödənişsiz olaraq SNAP proqram təminatından istifadə etməklə “Məsafədən zond­lama: ətraf mühitin monitorinqi üçün peyk müşahidə mənbələri” mövzu­sunda təşkil edilən dərsləri italiyalı professor Gian Luigi Liberti aparıb. Təlimlərin sonunda iştirakçılara serti­fikat təqdim olunub. 

***

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudov Avropa Təbiət Elmləri Akademiyası (ATEA) Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə “Fenomen” (“Leonardo da Vinçi”) ordeninə və “Avropada ilin alimi” beynəlxalq mükafatına layiq görülüb. Tarixçi-alimə “Fenomen” ordeni dünya elmi və təhsilindəki xidmətlərinə, “Avropada ilin alimi” beynəlxalq mükafatı isə 2022-ci ildəki uğurlarına görə verilib.

Yaqub Mahmudov tarixşünaslıq­da ilk dəfə olaraq XV–XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə ge­niş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb. Onun əsərləri indiyədək 15 dilə – türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, Ukrayna, urdu və rumın dillərinə tərcümə edilib.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl 7 beynəlxalq akade­miyanın, o cümlədən İtaliyanın Bey­nəlxalq İqtisadi və Sosial Elmlər, Bonifasiana və Avropa Təbiət Elmləri Akademiyalarının həqiqi üzvü seçilib, həmçinin ATEA-nın “Qotfrid Vilhelm Leybnits” medalı və “Fəxri Legion” ordeni ilə təltif edilib.

***

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın XVI “Caspian Agro” və XXVIII “InterFood Azerbaijan” sərgiləri ilə tanış olmalarına dair məlumat yer alıb.

Bundan əlavə, oxucular “Heydər Əliyev və Azərbaycan xalq mədəniy­yəti” mövzusunda konfrans, “Heydər Əliyev: xalqa həsr olunmuş ömür” ki­tabının təqdimatı, AMEA-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş elmi sessiya, İctimai Elm­lər Bölməsinin Elmi şurasının iclası, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin yüksək elmi nəticələri, “Əlyazmalar İnstitutu Heydər Əliye­vin əsəridir” sərlövhəli məqalə, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərlər. 

Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”





Elm