Kitaba məhəbbət aşılayan festival

post-img

Bakı İdman Sarayında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan İkinci Uşaq Kitab Festivalı uşaqlarımızın gələcəyə kitabla addımlamağı məramına xidmət edən növbəti tədbirdir. Aprelin 8-dən başlanmış festivalın son günlərində də kitab həvəskarlarının ardı-arasının kəsilməməsi uşaqların mütaliəyə böyük marağından xəbər verir. Minlərlə kitabın endirimli qiymətlərlə satışının təşkil olunduğu festivala ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar xüsusi rəng qatır. Həmçinin, iştirakçılar tanınmış uşaq yazarları ilə görüşüb, onların imzalı kitablarını əldə edə biliblər. 

Festivala 24 nəşriyyat öz stendləri ilə qa­tılıb. Ötən il ilk dəfə təşkil olunan analoji təd­birdə 20 minə yaxın insan iştirak etmişdisə, bu dəfə ziyarətçilərin çox olmasını nəzərə alıb bu rəqəmin iki dəfədən artıq olacağını demək olar. 

Festivalın təşkilatçılarından olan Gənc­lər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirdi ki, vestivalın təşkilində əsas məqsəd uşaqlarımızın, gənc­lərimizin cəmiyyət, dövlət və gələcək üçün faydalı şəxsiyyət kimi formalaşmasıdır. Kitab təbliğatını uşaqlardan başlamaq bu günümüz üçün çox vacibdir. Gələcəyimiz olan gənc nə­sil kitaba yaxın olmaqla Azərbaycanın, eləcə də dünya ölkələrinin mədəniyyət, elm və tarixi ilə daha daha yaxından tanış olmaq imkanı qazanır. Təhsilli, açıqgözlü, kitabı, mütaliəni sevən uşaqların yetişməsi güclü dövlətimizin qarantıdır. 

Festivalda məktəblilərin qrup halında iş­tirakı da təqdirəlayiqdir. Kitablarla bağlı fikir mübadiləsi edən uşaqlar axtardıqlarını tap­dıqları üçün məmnun görünürdülər. Ailələri ilə buraya gələn balaca dostlarımız nağıl və fantastik əsərlərin toplandığı, o cümlədən en­siklopedik biliklər aşılayan kitablara daha çox maraq göstərirdilər. 

Festival Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İcti­mai Birliyi tərəfindən təşkil olunub.

Q.LEYLA, “Xalq qəzeti”

Mədəniyyət