Daşkənddə “Azərbaycanı tanıyaq” layihəsinin təqdimatı keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənd şəhərindəki “British School” beynəlxalq məktəbinin müəllim və şagird kollektivi üçün «Azərbaycanı tanıyaq» layihəsi təqdim edilib. 

Qonaqlara AMM-nin fəaliyyəti, mərkəzdəki Heydər Əliyev, Azərbaycan tarixi və Azərbaycan-Özbəkistan Dostluq muzeyləri haqqında məlumat verilib. Müəllim və şagirdlər Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq sənətkarlığı, musiqisi, adət-ənənələri, tarixi abidələrimizi əks etdirən eksponat və maketlərlə tanış olublar. 

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqları xalqlarımızın milli bayramı - Novruz münasibəti ilə təbrik edib. O, Azərbaycan-Özbəkistan dostluğu, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, poeziyası, incəsənəti, dövlətimizin qazandığı nailiyyətlər haqqında danışıb. 

Direktor Azərbaycanın qədim yaşayış məskəni Qobustan və Azıx mağarası, xalqımızın zəngin mədəni irsə, tarixi abidələrə, milli mətbəxə malik olduğunu qeyd edib, ölkəmizin hər bir xarici turist üçün cəlbedici olduğunu bildirib. O, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistan işğalından azad edilən tarixi şəhərimiz, mədəniyyət paytaxtımız Şuşa haqqında məlumat verib, bu tarixi şəhərin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu qeyd edib. 

Tədbir iştirakçılarına Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azərbaycanı kəşf et” adlı sənədli film təqdim edilib. Sənədli filmdə müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin paytaxtı Bakı ilə yanaşı, Qəbələ, Şəki, Gəncə, Naxçıvan və Şuşanın görməli yerləri, turizm imkanları, tarixi abidələri, mətbəx mədəniyyəti öz əksini tapıb.

Sonda bədii proqram təqdim edilib.

Mədəniyyət Mərkəzinin rəqs ansamblı milli rəqslərimizi təqdim edib, Özbəkistanın "Özbəyim yoşları" musiqi qrupu, tanınmış saz ustası İlham Abdullayev Azərbaycan musiqilərini səsləndiriblər.

Qulu Kəngərli 
Daşkənd

Mədəniyyət