Qadınlar kitab kimidir

post-img

Tanınmış, istedadlı şair-publisist  Elnur Uğur Abdıyevin "Qadınlar kitab kimidir" şeirini Əməkdar artist Xatirə Süleymanovanın qiraətində "Facebook"da dinlədim və bəyəndim.

Qadınlara sevgidən, hörmətdən yoğrulan, duyğusal, ülvi hisslərlə sətirlərə köçən bu şeir dinləyicilərin qəlbini oxşayır. 

Şair doğru vurğulamış: Qadınlar kitab kimidir. Həyatın ağrı-acısını,  şirinliyini içində daşıyan bir kitab kimi. Hər qadın fərqli bir əsərdir. Kimisi incə duyğulu, kövrək, həzin şeir kimi, kimisi hikmətli dərin mənalı düşündürücü roman kimi, kimisi sirli, hər kəsə açılmayan xatirə dəftəri.

Şairə görə, bir qadını anlamaq üçün onu  bir səhifəsini belə ötürmədən diqqətlə oxumalısan. Ani baxışlar, səthi düşüncələr qadının ruhuna toxuna bilməz. Onun daxili dünyasını– qəlbindəki duyğuları, arzuları, həyəcan və qorxuları, xatirələri görmək üçün hər səhifəsini sevgi ilə çevirməlisən.

Şair inqilabi romanlara bənzədir qadınları. Mübarizə kitabı kimi– həyatla savaşan, qalib gələn güclü və iradəli...

Şeirdə “Oxu” deyə müraciət şairin qadınları anlamağa çağırışı, iç səsidir. Son misrada Qadın — Tanrının ən böyük möcüzəsidir"  deməklə şair qadına olan hörmətin ən uca zirvəsini əks etdirir.

Şeir sosial səbəkə izləyiciləri tərəfindən də rəğbətlə qarşılanıb. Onlardan biri–Pikə Rəhimova yazır: "Çox və çox bəyəndim. Həm şeir, həm səsləndirmə... Əsas ürəklər gözəldir bu gördüyünüz zəhmətdə.Təşəkkür edirəm bu möhtəşəmliyə görə. Zövq aldım".

Elnur Uğura yeni-yeni yaradıcılıq uğurları arzulayır, sözü gedən şeiri oxucuya təqdim edirəm:

Qadınlar kitab kimidir,

Sevməyə başlamadan,

Oxumağı bacarmalısan.

Detektiv romanlara bənzəməz qadınlar,

Bir-iki günə bitirmək həvəsilə

Oxumağa başlasan,

Elə ilk səhifədə yıxılacaqsan.

İnqilabi romanlara bənzəyir qadınlar,

Hər səhifəsində əzm var!

Başlayanda fəlsəfə ilə açılar səhifə,

Sonra üz tutar təbiətə.

Sevgi yazar hər hərfini,

Bu kitabda səhifə-səhifə səhvini

Oxuyar kişilər.

Bəzən bir vərəqini oxumaz, ötürər,

Bitirəndən sonra anlayar ki,

Həmin ötürdüyü səhifədə

Bitəcəkmiş elə bu əsər.

Qadınlar kitab kimidir,

Nolsun, üzləri müxtəlifdir,

Müəllifi ki sevgidir,

Bu inqilabi əsərin!

Qadınlar kitab kimidir,

Oxuduqca anlayırsan — dərin!

Yaşamağa səsləyir qadın həyatı.

Özü üçün yox,

Özgəsi üçün bəsləyir qadın həyatı!

Qadınlar —

Elə buna görə inqilabi romandılar!

Özləri üçün yaşamırlar.

Oxu,

Oxu,

Oxu!

Bu Allahın əmri deyil,

Bu qəlbinin səsidir.

Oxu,

Qadın —

Tanrının ən böyük möcüzəsidir!

 Zülfiyyə ZİYA

 XQ

 

Mədəniyyət