“Vedomosti”: Kiriyenko Ermənistanla münasibətlərə cavabdeh olan Kozakı əvəzləyib

post-img

RF Prezidenti Administrasiyası (PA) rəhbərinin birinci müavini Sergey Kiriyenko və onun tabeliyində olan departamentlərin əməkdaşları Ermənistan mövzusunu gündəmə gətiriblər. Bu barədə “Vedomosti” PA ilə işləyən mənbələrə istinadən xəbər verir. Bu istiqamət Kremlin daxili siyasət blokuna Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakdan verilib.

Qəzetin mənbələrindən birinin məlumatına görə, hazırda Ermənistanda informasiya gündəmi ilə bağlı iş gedir. Başqa bir mənbənin izah etdiyi kimi, Ermənistan hakimiyyəti getdikcə daha çox Qərbə doğru sürüklənir ki, bu da Rusiya dövlət siyasəti nöqteyi-nəzərindən qəbuledilməzdir. 

“Vedomosti” yazır ki, Ermənistan üçün tapşırıqlar daxili siyasət idarəsinə (Andrey Yarinin rəhbərliyi ilə), sosial proseslərin monitorinqi və təhlili departamentinə (Aleksandr Xariçev), ictimai layihələr departamentinə (Sergey Novikov) həvalə edilib. Bildirilir ki, Kiriyenkonun MDB-nin digər ölkələri ilə məşğul olmasından hələlik söhbət getmir.

Aprelin 4-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın hələlik namizəd statusuna malik olmasa da, Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva İrəvanın Aİ-yə üzv olmaq istəyindən narahatdır. Bu həftə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri kəsmək və ya korlamaq fikrində olmadığını bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya