Azərbaycan- Çin münasibətlərinin başlanğıcı müstəqilliyimizin ilk illərindəki mürəkkəb bir dövrə təsadüf edir. O zaman Çin kimi qüdrətli bir ölkə ilə iqtisadi əməkdaşlığın vacibliyini siyasi uzaqgörənliklə duyan Ulu öndər Heydər Əliyev bu ölkəyə böyük nümayəndə heyəti ilə səfər etdi və məhz onun Çin Xalq Respublikası ilə möhkəm təməllər üzərində qurduğu siyasi, iqtisadi əlaqələr bu gün keyfiyyətcə yeni mərhələyə daxil olub. İki ölkə arasında münasibətləri arzulanan, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Prezident İlham Əliyevin Çinə son səfəri, yüksək qonaqpərvərliklə qəbul olunması, keçirilən görüşlər qeyd olunanların təsdiqidir.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi dünyada maraqla izlənildi. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərə toxunaraq imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatı şərh edərək bildirdi ki, bu sənəddə ikitərəfli əlaqələrin geniş gündəliyi öz əksini tapıb. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyir. Tayvanda qeyri-qanuni seçkilərdə ölkəmizin qəti mövqeyi bunun sübutudur. Müsahibədə Azərbaycanla Çin arasında münasibətlərin qurulmasında çox əhəmiyyətli rol oynamış Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən də söhbət açıldı. Qeyd olundu ki, Ulu öndərin 1994-cü ildə Çin Xalq Respublikasına səfərindən sonra ölkələrimiz arasında sağlam əlaqələr dərinləşdi.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatından söhbət açaraq vurğuladı ki, təşkilatla yaxınlığımız həm adıçəkilən qurum, həm də Azərbaycan üçün olduqca faydalı olar. Çünki Xəzərin qərb sahilində yerləşən Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsi kimi Çinlə strateji tərəfdaşdır və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığımız bizə bir çox imkanlar açır. Prezident Si Cinpin tərəfindən Zirvə toplantısına dəvət olunduğunu və bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyəni söylədi.
Deputat son olaraq vurğulayıb ki, ümumiyyətlə, Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində iki ölkə arasında mövcud əlaqələri dəqiq şəkildə təhlil etməklə həm də mühüm mesajlar verdi. Bir daha qeyd olundu ki, Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.