Ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının üzvü, Əlilliyi olan Şəxslərin Komitəsinin sədri Asia Abdel Mutaleb Yaghinin və Cibuti Respublikasının Əlilliyi Olan Şəxslər üzrə Milli Agentliyinin Baş Direktoru Doualeh Said Mahamoudun rəhbərlik etdikləri nümayəndə heyətləri DOST Agentliyində olublar.
Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri barədə onlara məlumat verilib.
DOST Agentliyində hər iki nümayəndə heyəti ilə keçirilən görüşlərdə Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST xidmətləri barədə ətraflı məlumat verib. DOST mərkəzlərində ötən dövrdə 3,4 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib. DOST konsepsiyasına dair təqdimat edilib, əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Azərbaycan Milli QHT Forumu ilə birgə təşəbbüsü ilə keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində milli sənətkarlıq nümunələrindən ibarət sərgi nümayiş etdirilib.
Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırlanmış əl işlərindən ibarət guşə də yer alıb. 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı konfrans iştirakçıları Mərkəzin təlim studiyalarında təlimçi və benefisiarların ərsəyə gətirdiyi əl işlərinə baxıblar.
Ekspozisiyada bədii tikmə və oymaçılıq, təsviri incəsənət, dulusçuluq, floristika, xalçaçılıq nümunələri sərgilənib.