“Qarabağ” kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində nümayiş olunub

post-img

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Qarabağ" adlı kolleksiyası yeddinci Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) təqdim olunub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İsveç paytaxtının ən tanınmış mərasim mərkəzlərinin birində Grand Hoteldə keçirilən sərgisi, həmişəki kimi çoxlu sayda yerli və beynəlxalq modasevənlər, İsveç ictimaiyyəti və bu ölkədə akkreditə olmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə baş tutub.

Stockholm International Fashion Fairdə qonaqlara ümumilikdə dünyaca tanınmış beş dizaynerin işi nümayiş edilib.

Azərbaycanın qədim geyim ənənələri və milli ornamentlərindən istifadə etməklə, xalqımızın zəngin tarixini və yeni dəb tendensiyalarını özündə birləşdirən Gülnarə Xəlilovaya məxsus ümumilikdə 9 libasdan ibarət “Qarabağ” kolleksiyası sərgisi iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, “Qarabağ” kolleksiyasının 7-ci Stokholm Beynəlxalq Moda Sərgisində nümayişi Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.

Rauf Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri











Mədəniyyət