Ombudsman: Azərbaycanlılara qarşı törədilmiş soyqırımını dünyaya çatdırmalıyıq

post-img

Bu gün 31 Mart soyqırımı qurbanlarının, ümumiyyətlə, bir əsr ərzində dəfələrlə təkrarlanan soyqırımı qurbanlarının xatirəsi yad edilir. Quba Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə Qubada soyqırımına həsr olunmuş beynəlxalq konfrans keçirilir. Biz azərbaycanlılara qarşı törədilmiş soyqırımını dünyaya çatdırmalıyıq. Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməmişdir. Yalnız 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Quba soyqırımı məzarlığı aşkarlandıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradıldığını bildirən Ombudsman deyib ki, soyqırımının dünyada tanıdılması hər zaman dövlət başçısının diqqət mərkəzindədir.

“Biz Azərbaycan həqiqətlərini bütün regional və beynəlxalq platformalarda səsləndirməliyik. Təəssüf hissi ilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş torpaqlarımızda da kütləvi məzarlıqlar aşkar olunur. Bu barədə Ombudsman tərəfindən bir ay öncə hazırlanmış hesabat işıq üzü görüb və yayılıb”, - deyə o əlavə edib.

Son xəbərlər