Qədim Basqalda baharın gəlişi qeyd olunub

post-img

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Basqalın mənəvi dəyərləri sırasında Novruz bayramı özünəməxsus yer tutur. Novruz bayramı hər il İsmayıllının Basqal qəsəbəsində özünəməxsus şəkildə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, havanın bir qədər soyuq olmasına baxmayaraq, baharı qarşılamaq, Novruzu qeyd etmək üçün böyükdən-kiçiyə hər kəs qəsəbənin bazar meydanında tonqalın ətrafında toplaşıb. Milli ornamentlər və Novruz bayramına aid atributlar ilə bəzədilmiş Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunda qız-gəlinlərin hazırladıqları şəkərbura, paxlava, Basqal halvası, şirin çörəklər, boyanan yumurtalar, cücərdilən səmənilər, şux bayram rəqsləri, aşıqların, folklor qruplarının çıxışları bayrama xüsusi rəng qatıb. Novruzun personajları olan Kosa və Keçəlin hazırladıqları səhnəciklər uşaqlarda xoş əhvali-ruhiyyə yaradıb.

Bayram tədbirində rayon icra hakimiyyətinin, hüquqi-mühafizə orqanlarının rəhbərləri, kənd və qəsəbələrdən gələn qonaqlar və yerli sakinlər iştirak ediblər. Daha sonra Novruz atributlarının nümayiş olunduğu sərgiyə baxış keçirilib, folklor qruplarının çıxışına tamaşa edilib. Hər daşı - torpağı tarix qoxuyan İsmayıllının qədim Basqal qəsəbəsində bayram tonqalında Ardıc ağacının budaqlarından istifadə edilir.

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz, insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bir sözlə, Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Son xəbərlər