ICESCO qlobal həmrəylik çərçivəsində Qoşulmama Hərəkatı ilə sıx əməkdaşlıqda maraqlıdır

post-img

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) qlobal həmrəylik çərçivəsində Qoşulmama Hərəkatı ilə sıx əməkdaşlıqda maraqlıdır.

AZƏRTAC təşkilatın baş ofisinin mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, bu fikirləri martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmiş ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin eksperti, professor Sidra Tariq Cəmil söyləyib.

Zirvə görüşünün əhəmiyyətindən bəhs edən S.Cəmil qeyd edib ki, o, Bakıda keçirilən bu mötəbər tədbirdəki çıxışında ICESCO-nun təhsil, mədəniyyət, sivilizasiyalararası dialoq, elm və texnologiya sahələrində səylərini vurğulayıb, həmçinin təşkilatın həyata keçirdiyi layihə və proqramların Qoşulmama Hərəkatının ruhuna və pandemiyadan sonrakı qlobal bərpa prosesinə uyğun olduğunu qeyd edib. O, ümidvar olduğunu bildirib ki, COVİD-19-dan sonrakı dünya dialoq və diplomatiya vasitəsilə əməkdaşlıq imkanlarından faydalanacaq. Bu dialoq sülh və harmoniyaya nail olmaq, birlik və mədəni müxtəlifliyin təşviqində çox mühüm amildir.

ICESCO-nun nümayəndəsi qeyd edib ki, onun təmsil etdiyi təşkilat səmərəli tərəfdaşlıq perspektivləri təklif edən qlobal həmrəylik çərçivəsində Qoşulmama Hərəkatında müxtəlif üzv dövlətlərin uyğun strukturları ilə daha sıx əməkdaşlıq qurmaqda maraqlıdır. Bu istiqamətdə həyata keçiriləcək birgə layihələr qlobal sülhə və sabitliyə töhfə verə bilər.

Son xəbərlər