Milli Məclisdə TÜRKPA-nın komissiya iclası keçirilib

post-img

Martın 6-da Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra giriş nitqi ilə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli TÜRKPA-nın ölkələrimiz arasında dostluğun və qardaşlığın dərinləşməsinə xidmət etdiyini vurğulayıb, Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycanın haqq işini həmişə dəstəklədiyinə görə bu quruma təşəkkürünü ifadə edib. Eyni zamanda, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olmasına görə qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Son illər TÜRKPA-ya üzv olan ölkələrin dövlət başçılarının dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdiyini deyən Əli Hüseynli bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb. O, TÜRKPA-ya üzv olan ölkələrin qarşısında duran qanunvericiliklərin yaxınlaşdırılması, ətraf mühit və sağlamlığın qorunması kimi aktual məsələlərə toxunub.

Sonra tədbirin moderatoru və komissiyanın sədri Əhliman Əmiraslanov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması” mövzusuna həsr edilmiş 8-ci iclasının mövzusu və gündəliyi ilə bağlı fikirlərini bölüşüb. O, gündəliyin əsas mövzusuna dair hesabat məruzəsinin və tövsiyə qərarının hazırlanması ilə bağlı, eyni zamanda, iclasın gündəliyində yer alan “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsi haqqında məlumat verib.

Əhliman Əmiraslanov TÜRKPA-ya üzv dövlətlərin qanunvericiliklərinin yaxınlaşdırılması məsələsindən danışıb, indiyədək qurumun daimi komissiyalarında ümumilikdə 7 model qanunun qəbul olunduğunu diqqətə çatdırıb.

Sonra TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması Komissiyasının sədr müavini Recep Şeker və TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er çıxış edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Açılış nitqlərindən sonra iclasın gündəliyi təsdiq olunub. Gündəlikdə yer alan “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiyanın hesabat məruzəsini TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini və TBMM-in üzvü Recep Şeker təqdim edib. Ötən əsrdən başlayaraq planetdə antropogen fəaliyyətlərin sürətli inkişafının ekosistemdə yaratdığı fəsadlardan bəhs edən məruzəçi biomüxtəlifliyin qorunması, səmərəli istifadəsi ilə bağlı TÜRKPA-da və üzv dövlətlərdə görülən işlərdən danışıb, hesabat sənədinin məqsədi və məzmunu ilə bağlı məlumat verib.

Təqdimatdan sonra AMEA-nın vitse-prezidenti, Azərbaycanın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru Zeynal Əkpərov, Türkiyə Böyük Millət Məclisinin üzvü Ömer Fethi Gürer, Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva, AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Nurlan Bekenov, Qırğız Respublikası Joqorku Keneşinin üzvləri Tazabek İkramov və Marlen Mamataliyev məsələ ilə bağlı çıxışları dinlənilib. Daha sonra komissiyanın hesabat layihəsi təsdiq olunub və assambleyanın plenar iclasında məsələ üzrə məruzəçi TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini Recep Şeker seçilib.

“TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiyanın tövsiyə qərarının layihəsini təqdim edən Əhliman Əmiraslanov bildirib ki, TÜRKPA biomüxtəlifliyin qorunması və dayanıqlı istifadəsi üçün beynəlxalq çərçivə olan Bioloji Müxtəliflik haqqında Konvensiyanı dəstəkləyir. Biomüxtəlifliyin pozulmasının yaratdığı problemlərə toxunan Əhliman Əmiraslanov türk dövlətləri arasında digər sahələrdə olduğu kimi, biomüxtəlifliyin qorunması sahəsində də əlaqələrin daha da inkişaf etdirilməsinin və bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılmasının zəruriliyini qeyd edib. O, tövsiyə qərarında TÜRKPA-ya üzv ölkələr arasında bioloji müxtəlifliyin qorunması sahəsində əməkdaşlığın gələcək perspektivlərinə dair görülə biləcək fəaliyyətlərin vurğulandığını diqqətə çatdıraraq sənədin müvafiq sahədə səmərəli əməkdaşlığı artıracağına inamını ifadə edib.

İclasda tövsiyə qərarı təsdiq olunub və sənədin assambleyanın plenar iclasında təqdim etmək üçün məruzəçi TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov seçilib.

Sonra Ə.Əmiraslanov bildirib ki, uzun illər Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində ermənilər milli-mədəni irsimizi məhv etməklə yanaşı, həmçinin ekologiyamıza da böyük ziyan veriblər, sözün əsl mənasında ekoloji terror törədiblər. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra da ermənilər ekoloji terroru davam etdirirlər və azərbaycanlılar bu ekoloji terrora son qoyulması üçün 85 gündür Xankəndi-Şuşa-Laçın yolunda etiraz aksiyası keçirirlər. O, TÜRKPA-ya üzv dövlətləri Ermənistanın ekoloji terror törətməsini qınamağa çağırıb.

İclasın gündəliyindəki “Reproduktiv sağlamlığın qorunması haqqında” Model Qanun layihəsini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib.

Model qanun layihəsinin ehtiva etdiyi sahənin aktuallığından danışan Adil Vəliyev reproduktiv sağlamlığın qorunması sahəsində problemlərə toxunub, insanların reproduktiv sağlamlığının qorunmasına dövlət qayğısının artırılmasının zəruriliyini diqqətə çatdırıb. Milli Məclisin şöbə müdiri model qanun layihəsində reproduktiv sağlamlığın qorunması məsələlərinin necə tənzimlənməsi, sənədin əsas məqsəd və hədəfləri barədə məlumat verib.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov məsələ ilə bağlı çıxış edib, suallarını səsləndirib.

Səslənən suallara aydınlıq gətiriləndən sonra model qanun layihəsi təsdiqlənib.

Sonda parlamentarilər komissiyanın 9-cu iclasının mövzusunu müəyyən ediblər. Bildirilib ki, komissiyanın növbəti iclası Qazaxıstanda keçiriləcək.







Son xəbərlər