Naxçıvan “yaşıl enerji” zonasına çevrilir

post-img

Əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanın münasib iqlim şəraiti burada bərpaolunan enerji istehsalı üçün yaxşı imkanlar yaradır. Bu da muxtar respublikanın region üçün strateji əhəmiyyətini getdikcə artırır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan edib. 

Artıq muxtar respublikanın həyatında yeni dövr–energetika əsri başlayıb. Son hesablamalara görə, Naxçıvanın, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpao­lunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 qiqavat təşkil edir. Son za­manlar ölkəmizin işğaldan azad olunmuş ərazilərində 53,6 meqavat gücündə 11 kiçik su elektrik stansiyası istismara ve­rilib. Hazırda isə 70,5 meqavat gücündə 7 belə stansiyanın inşası davam etdirilir. Bundan əlavə, il ərzində ümumi gücü 76,8 meqavat olan 9 stansiyanın da tikintisinə başlanılacaq. 

Azərbaycanın energetika naziri Pər­viz Şahbazovun dediyinə görə, əlverişli günəş radiasiyasına malik Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi üçün xüsusi inkişaf konsepsiyası hazırlanıb. Bu konsepsiyaya əsasən, muxtar respub­likada külək və günəş enerjisi üzrə 1500 meqavatlıq istehsal güclərinin xarici in­vestisiya hesabına yaradılması və onun ən azı 1000 meqavatının Türkiyə və Av­ropa istiqamətində ixracı nəzərdə tutulur. Hazırda özəl investisiyaların alternativ və bərpaolunan enerji mənbələrinin yaradıl­masına cəlb edilməsi istiqamətində işlər aparılır. 

Uzun illər Azərbaycanla enerji sahə­sində əməkdaşlıq edən bir sıra xarici ölkələrin qabaqcıl şirkətləri alternativ və bərpaolunan enerji resurslarımıza da böyük maraq göstərirlər. Bu da Azərbay­canda yaradılmış əlverişli investisiya mü­hitinin mövcudluğu və ölkəmizdə hökm sürən siyasi sabitliyin nəticəsidir. Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası­nın bərpaolunan enerji potensialı da xarici şirkətlərin diqqətini getdikcə daha çox cəlb etməyə başlayıb. Elə Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvan şəhərində xüsusi sessiyanın keçirilməsi də təsadüfi deyildi. 

Yeri gəlmişkən, sessiyanın gedişində “Total Energies” və “Nobel Energy Ma­nagement” şirkətləri ilə ümumi gücü 900 meqavat olan günəş və külək enerjisi la­yihələri üzrə əməkdaşlıq sənədləri imza­lanıb. Həmin güclərin 650 meqavatının məhz Naxçıvanda yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, yaxın illərdə Naxçıvanın “yaşıl enerji” şəbəkəsi xey­li genişləndiriləcək. Bununla yanaşı, iş­ğaldan azad olunmuş ərazilərdə istehsal olunan “yaşıl enerji”nin qardaş Türkiyəyə, eləcə də Avropaya məhz Naxçıvan ərazi­sindən ixracı nəzərdə tutulur. 

Energetika naziri Pərviz Şahbazov bu yaxınlarda bəyan edib ki, “Cəbrayıl” enerji qovşağının yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməyə imkan yaradacaq. Bununla da, Naxçıvan “yaşıl enerji”nin istehsalı və is­tehlakı ilə bərabər, ixracının da həm mən­bəyi, həm də marşrutuna çevriləcək. Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə “yaşıl enerji” mərkəzi kimi inkişafı strateji əhəmiyyətə malikdir. 

Ölkəmizdə reallaşdırılan “yaşıl enerji” layihələrinin əsas iştirakçılarından birinə çevrilən BP şirkətində də muxtar res­publikanın bərpaolunan enerji potensialı yüksək qiymətləndirilir. Belə ki, şirkətin regional prezidenti Qəri Counz jurnalist­lərə müsahibəsində Naxçıvanın günəş enerjisi baxımından çox böyük potenisalı olduğunu bildirib. Bunu region üçün çox böyük fürsət kimi dəyərləndirən şirkət rəhbəri, həmçinin deyib ki, burada günəş panellərinin quraşdırılması və geniş ixrac potensialı yaratmaq üçün əlverişli şərait mövcuddur. 

Göründüyü kimi, Naxçıvanın bərpao­lunan enerji sahəsində yüksək potensialı bölgənin beynəlxalq əməkdaşlıq məkanı­na çevrilməsi üçün yaxşı imkan yaradır. “Nobel Energy” şirkətində hesab edirlər ki, Naxçıvan şəhərində 400 meqavat gücün­də günəş elektrik stansiyasının tikintisi və burada hasil ediləcək elektrik enerjisinin Türkiyəyə ixracına, qismən də yerli istifa­dəsinə dair imzalanmış anlaşma memo­randumu dayanıqlı enerji həllərinin inkişaf etdirilməsi və ətraf mühitə nəzarətin təşfiq olunması baxımından mühüm bir hadisə­nin tərənnümüdür. 

Xatırladaq ki, Anlaşma memorandu­mu, iyun ayının 3-də Naxçıvan şəhərin­də “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən xüsusi tədbirdə, Azərbaycan Respublika­sının energetika nazirinin müavini Elnur Soltanov və “Nobel Energy” şirkətinin baş icraçı direktoru Vüqar Səmədli tərəfindən imzalanıb.

Qeyd edək ki, Naxçıvanda yerləşəcək günəş elektrik stansiyasının tikintisi hö­kumətin ölkə ərazisində “yaşıl enerji zo­naları” yaratmaqla təmiz enerjinin təşviqi və karbon emissiyalarının azaldılması is­tiqamətində sistemli səylərinin bir hissəsi kimi həyata keçiriləcək. Energetika Nazir­liyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, bu memorandum iqtisadi artımı və davamlı inkişafı təmin etmək üçün bər­paolunan enerji potensialından istifadəyə dair ortaq öhdəliyi əks etdirir. 

Günəş elektrik stansiyasında təmiz və etibarlı elektrik enerjisi istehsal etmək üçün qabaqcıl günəş texnologiyasından istifadə ediləcək. Layihə regionun zəngin günəş resurslarından istifadə etməklə Türkiyənin dövlət elektrik şəbəkəsinə, elə­cə də yerli enerji təchizatına töhfə vermək məqsədi daşıyır.

Təsadüfi deyil ki, imzalanma məra­simində çıxış edən “Nobel Energy”nin baş icraçı direktoru Vüqar Səmədli deyib ki, bu anlaşma rəhbərlik etdiyi şirkətin transformasiya strategiyasının əsas is­tiqamətlərindən olan ətraf mühitə təsirləri azaltmaqla yanaşı, bütün maraqlı tərəf­lərə əlverişli və etibarlı enerji əldə etməyə kömək etmək həllərinin təmin edilməsinin təzahürüdür. “Bu, bərpa olunan enerji po­tensialından istifadə etməklə iqtisadi bö­yümə və davamlı inkişafa təkan vermək üçün hökumətlə birgə olan öhdəliyimizi əks etdirir. Biz dayanıqlı inkişafı güclən­dirmək, yeni imkanlar yaratmaq və da­vamlı müsbət təsir göstərmək üçün uğurlu tərəfdaşlığa doğru olan bu səyahətimizin növbəti addımlarını səbirsizliklə gözləyirik. Bu sahə böyük potensiala malikdir və biz bu transformasiya yolunda birgə addımla­mağı səbirsizliklə gözləyirik”,–V. Səmədli əlavə edib. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat