Neft həftəsi ölkəmizin enerji potensialının nümayişinə çevrilib

post-img

Bakı Enerji Forumunda Xəzər regionunda kəşfiyyat və hasilat imkanları, təhlükəsizliyin gücləndirilməsi ilə dayanıqlı inkişafın təmin edilməsi, uğurlu enerji keçidində insan kapitalının rolu, enerji sektorunda texnoloji innovasiyalar, yaşıl enerji və xalis sıfır emissiya mövzuları geniş müzakirə olunub.

Forumun ikinci günündə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edərək ulu öndər Heydər Əliyevin neft-qaz sənayesinin inkişafındakı xidmət­lərindən ətraflı danışıb. X.Yusifzadə dahi şəxsiyyət Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində ölkəmizin neft-qaz sənayesinə xüsusi qayğı göstərdiyini, bununla bağlı qarşıda duran məsələlərin həllinə həssaslıqla yanaşdığını bildirib.

SOCAR-ın birinci vitse-prezidenti daha sonra o dövrdə ümummilli liderin təşəbbüsü və səyi ilə dünyada məşhur olan üzən qazma qurğularının, habelə digər istiqamətlərdə işləməyə imkan verən texnologiyaların əldə edildiyini vurğulayıb. 

Xatırladaq ki, Azərbaycanın müstəqilliyinin ilk illərində yeni yataq­ların kəşf edilməsi prioritet istiqamət­lərdən biri idi. Məhz həmin vaxt qazma qurğularının sayının 11-ə çatdırılması, 75 növdə 400-dən çox gəminin alınma­sı bunun bariz ifadəsi idi. Bəli, bu təd­birlərdən sonra yataqların kəşfi sürət­ləndi. Həmin yataqlarla bərabər, bir sıra kiçik platformalar da aşkar olundu.

Yeri gəlmişkən, dahi şəxsiyyət hələ sovet dövründə Azərbaycanın, necə deyərlər, gec-tez müstəqil olacağını hiss etdiyi üçün, neft sənayesinin in­kişafını daim diqqətdə saxlayırdı. Belə ki, o zaman neft sənayesində müəyyən layihələr gerçəkləşdirilmiş və sözüge­dən sahədə səmərəli fəaliyyət üçün əlverişli şərait yaradılmışdı. Dünyada məşhur olan “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının “Günəşli” hissəsinin 1979-cu ildə, “Çıraq” hissə­sinin 1985-ci ildə, “Azəri” hissəsinin isə 1987-ci ildə kəşf edilməsi məhz bunun parlaq ifadəsi idi. 

X.Yusifzadənin sözləri ilə desək, “Azəri-Çıraq-Günəşli” sovet dövrün­də kəşf edilsə də, tam dərinliklərində iş aparılmamışdı. Ölkəmiz müstəqil olandan sonra isə yataqların birgə iş­lənilməsi ilə bağlı xarici mütəxəssisləri dəvət etmək məsələsi qarşıya çıxmış­dı. Lakin həmin vaxt bu təşəbbüsün əleyhinə çıxanlar Azərbaycanın sovet dövründən neft sənayesində təcrübə­sinin olduğunu deyənlər idi. Əlbəttə, bu məqamı heç kim danmırdı. Amma dün­yada belə bir təşəbbüsdən, yəni xarici mütəxəssislərin təcrübəsindən yarar­lanmaq kimi zəruri fəaliyyət də hamı­ya bəlli idi. Şübhəsiz ki, belə bir məsul vaxtda son qərar dahi rəhbər Heydər Əliyev tərəfindən verildi və və xarici şirkətlər respublikamıza dəvət olundu. Tez bir zamanda tender elan edildi, əsasən ABŞ, İngiltərə, Türkiyə şirkət­lərinin ölkəmizə gəlmələri gerçəkləş­dirildi. Danışıqlar Bakıda, İstanbulda, ABŞ-ın Hyuston şəhərində aparıldı və müsbət nəticələr əldə olundu. 

X.Yusifzadə forumda o hadisələri xatırlayaraq deyib: “İlham Əliyev hə­min dövrdə Dövlət Neft Şirkətində çalı­şırdı. Onun xarici dilləri bilməsi, xaricdə təhsil alması işin gedişinə çox kömək etdi. Vaşinqtonda görüş zamanı qar­şı tərəf bildirdi ki, Azərbaycan Rusiya ilə Xəzər dənizinin statusu məsələsini həll etməlidir. Hələ o vaxt 1994-cü il idi. Həmin vaxt mən Heydər Əliyevə zəng vurdum və qarşı tərəfin istəyini məruzə etdim. Heydər Əliyev İlham Əliyevi Va­şinqtona göndərdi, bu məsələni həll etdi. Biz ümumi razılığa gəldik. Beləlik­lə, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləs”inin imzalanmasına nail ol­duq. Rusiya ilə Xəzər dənizinin statusu ilə bağlı məsələni isə 2002-ci ildə həll etdik”.

Beləliklə, Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında 1994-cü ildə “Azə­ri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə Hasilatın pay bölgüsü sazişinin imzalanması yenicə müstəqil­lik qazanmış ölkəmiz üçün tarixi hadisə idi. Bu müqavilə ümummilli lider Hey­dər Əliyevin gərgin zəhməti hesabına gerçəkləşdi. Ulu öndər həmin sazişə təkcə Azərbaycana firavanlıq, sosial rifah gətirəcək iqtisadi sənəd kimi bax­mırdı. O, “Əsrin müqaviləsi”ni, həm də Azərbaycanın istiqlalını qoruyacaq sa­ziş kimi dəyərləndirirdi.

“Əsrin müqaviləsi” Azərbaycanın taleyində həlledici rol oynadı. Dünya­nın aparıcı dövlətləri tərəfindən ölkə­mizin etibarlı tərəfdaş olduğu yüksək dəyərləndirildi. Saziş imzalandıqdan sonra xarici şirkətlər tərəfindən daha 35 sazişə imza atıldı. Müqavilənin ic­rası nəticəsində isə Azərbaycanda neft hasilatı ən aşağı səviyyədən–1997-ci ildə 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdırıldı. Beləliklə, neft hasilatı 5,6 dəfə yüksəldi.

Bakı Enerji Forumunda neft səna­yesinin uğurlarını ifadə edən son iqti­sadi göstəricilər də diqqətə çatdırılıb. Belə ki, cari il mayın 1-dək “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edildiyi, indiyədək həmin yataqdan 41 milyon ton konden­sat hasil olunduğu vurğulanıb. 

Yeri gəlmişkən, sözügedən yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetr, kon­densat ehtiyatları isə 240 milyon ton qiymətləndirilir. Həmçinin “Azəri-Çı­raq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlanılandan bu il mayın 1-dək 573 milyon ton neft hasil edildiyi, bugünədək isə yataqlar blokundan 208 milyard kubmetr qaz hasil olunduğu deyilir. 

Onu da qeyd edək ki, indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb. Respublika­mızda çıxarılan 654 milyon ton neftin 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına daşınıb.

Azərbaycan Avropa bazarının qaz təchizatında da fəal iştirak edir. Res­publikamız 2027-ci ilə qədər adıçə­kilən bazara “mavi yanacaq” tədarükü­nü iki dəfə artırmağı nəzərdə tutur. 

Samir HEYDƏROV,

iqtisadçı-ekspert

Qeyd edim ki, ötən il respublika­mızdan Avropaya 9,3 milyard kub­metr qaz ixrac olunub. Bu göstərici 2021-ci ildə 8 milyard kubmetr təşkil edib. Ölkəmiz bu il həmin həcmi 12 milyard kubmetrə çatdırmağı plan­laşdırıb. Ümumiyyətlə, Azərbaycan 2027-ci il üçün bu rəqəmi 20 milyard kubmetrə çatdırmağı qərarlaşdırıb. 

Bütün bu proqnozlar verilərkən real potensiala–nəhəng “Şahdəniz” və “Abşeron” yataqlarının ehtiyatla­rına əsaslanılıb. 

Onu da xatırladım ki, hazırda ölkəmizin strateji tərəfdaşı olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçirilir. Gələn ilin sonuna qədər böyük dərinlikdən ilk qazın alınacağı gözlənilir. 

Bütün bunlarla bərabər, mövcud yataqlarda hasilatın yüksəlməsi he­sabına qaz hasilatı və ixracının həc­minin artması, yaxın illərdə isə yeni yataqlarda hasilat planlaşdırılır. Ha­zırda Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və bu ildən isə Rumıniyaya ixrac edilir. Cari ilin sonuna qədər bir­ləşdirici boru kəmərlərinin istifadəyə verilməsi ilə qazın Macarıstan və Slovakiyaya çatdırılması da nəzər­də tutulur. Ümumilikdə, qaz tədarük edilən ölkələrin sayının 10-a çatdırıl­ması gözlənilir. 

Prezident İlham Əliyev Sofiya­da “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Ma­carıstan) və “Eustream” (Slovaki­ya) və Azərbaycan Respublikası­nın Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində Avropa ilə bir sıra layihələr, məsələn, neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra “yaşıl hidrogen”ə qədər layihələr imzalandığın bildirib. Bütün bunlardan əlavə, respublikamızla adları çəkilən ölkələr arasında güclü ötürmə xətləri qurulacağını və bu­nunla da tamamilə yeni vəziyyət ya­ranacağını, bir sözlə, Azərbaycanın Avrasiyanın enerji xəritəsini yenidən cızacağını vurğulaması da ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanın­masının təsdiqidir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”





İqtisadiyyat