SOCAR “MVM Group” macar şirkəti ilə müqavilə imzaladı

post-img

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Maca­rıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Mat­rai ilə görüşündə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ener­ji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təh­lükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsi­nin əhəmiyyətindən və Avropaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı görülən işlərdən danışılıb.

Görüş çərçivəsində Yunanıs­tan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, ötən ilin dekabrın­da Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsin­də strateji tərəfdaşlıq haqqında Saziş”in, habelə cari ilin aprel ayında “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumı­niya, Macarıstan və Slovakiyanın təkmil­ləşdirilmiş ötürücü şəbəkə sistem ope­ratorları və SOCAR arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin təbii qaz ticarəti, maye tə­bii qaz (LNG) təchizatı, qaz anbarlarının istifadəsi istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda SOCAR ilə Maca­rıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasın­da 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başla­nılması nəzərdə tutulur.

Yeri gəlmişkən, Azərbaycan–Maca­rıstan əlaqələri getdikcə genişlənir, iqti­sadi sahədə yüksək nəticələr əldə edilir. Prezident İlham Əliyevin bu ölkəyə cari ilin yanvar ayında səfəri çərçivəsində im­zalanan sənədlər də ikitərəfli əməkdaş­lığın davamlı şəkildə möhkəmlənməsini şərtləndirir. 

Dövlətimizin başçısı martın 6-da Ma­carıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edərkən bu barədə ətraflı da­nışıb. Ölkə rəhbəri M.Nadınin bu səfəri­nin əldə olunan razılığa əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləş­dirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. 

Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla Macarıstanın iqtisadi inki­şaf naziri arasında keçirilən görüşdə də iki ölkə arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait olduğu və bu potensialın reallaşdı­rılması məqsədilə zəruri tədbirlər görül­düyü vurğulanıb. 

Bütün bunlar onu göstərir ki, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr yük­sək səviyyədədir, müxtəlif sahələr üzrə əməkdaşlıq münasibətləri strateji tərəf­daşlıq ruhunda inkişaf edir. Ümumiyyət­lə, bu dost dövlət Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.

Bu gün ölkələrimiz arasında iqtisadi əlaqələrdə davamlı inkişaf özünü qaba­rıq büruzə verir. Geniş iqtisadi potensiala malik bu dövlətlərin iqtisadi əməkdaşlığı­nın daha da genişlənməsində imzalan­mış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkətin fəaliyyət göstərməsi, bu ölkənin respublikamı­za 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycanın isə dost ölkəyə18,1 milyon ABŞ dolları həcmində investisiya yatır­ması bunun məntiqi nəticəsidir.

Son illər ərzində iki ölkə arasında ti­carət əlaqələri də dinamik şəkildə geniş­lənib. Belə ki, 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. Ötən il isə bu göstərici 47,4 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Bunun­la da hesabat ilində əmtəə dövriyyəsi 2021-ci illə müqayisədə 34,81 faiz artıb. 

Hazırda Macarıstan şirkətləri tərəfin­dən işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərinə böyük maraq göstərilir, bununla bağlı ölkəmizə müvafiq layihələr təqdim edilir. Döst dövlət düşməndən təmiz­lənən torpaqlarımızda minatəmizləmə əməliyyatında da dəstəyini əsirgəmir. Macarıstanın bu məqsədlə Azərbaycana 25 min avro ianə etməsi də bunun bariz ifadəsidir. 

Macarıstan Azərbaycan ilə enerji sahəsində də əməkdaşlığa böyük əhə­miyyət verir və Avropanın enerji təhlükə­sizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Bu ölkə Cə­nub Qaz Dəhlizi (CQD) layihəsini dəstək­ləyir və ona qoşulmasının əhəmiyyətini yüksək dəyərləndirir. 

Bütün bunlar onu göstərir ki, iqtisa­di-geostrateji üstünlüklərdən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələ­sinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Ma­carıstan ilə münasibətlərin inkişafına xü­susi önəm verir.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat