Əkinə yararlı torpaqlar qiymətləndiriləcək

post-img

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu il Azərbaycanda torpaqların deqradasiyasının neytrallığı ilə bağlı həyata keçirəcəyi 4 illik layihə ölkədə əkinə yararlı torpaqların mövcud vəziyyətinin qiymətləndirilməsinə imkan yaradacaq.

FAO-nun Azərbaycandakı nü­mayəndəsinin köməkçisi Bariz Mehdi­yev mətbuata açıqlamasında daha son­ra 2 milyon ABŞ dolları dəyərində həmin layihənin Qlobal Ekoloji Fond tərəfindən maliyyələşdirildiyini bildirib.

“Layihə artıq təsdiq edilib. Onun ic­rasında əsas məqsəd torpaqların deq­radasiyasının neytrallığı ilə bağlı göstə­ricilərin müəyyənləşdirilməsidir. Layihə çərçivəsində pilot fəaliyyətlər icra edilə­cək. Azərbaycan hökuməti bunun üçün Abşeron yarımadasını seçib, amma bu, o demək deyil ki, başqa ərazilər seçilə bilməz. Hökumətlə aparılacaq danışıq­lar nəticəsində işğaldan azad edilmiş ərazilərdə də pilot fəaliyyətlər icra edilə bilər. Təbii ki, bunun üçün həmin əra­zilərin minalardan təmizlənməsi başa çatdırılmalıdır”, – deyə FAO rəsmisi qeyd edib.

O, eyni zamanda əlavə edib ki, SSRİ dövründə Azərbaycanda torpaqların 53 faizinin əkinə yararlı olması müəyyən edilsə də, bu, dəqiq göstərici deyil və inventarizasiya işlərinin aparılmasını tələb edir. Həmin rəqəm ötən əsrin 50-ci illərində aparılmış inventarizasiyanın nəticəsidir. Həmin dövrün metodikası ilə indiki dövrün metodikası eyni deyil. O vaxt peyk təsvirləri yox idi. Həmin la­yihə bu istiqamətdə mövcud vəziyyəti qiymətləndirməyə imkan verəcək. Nəti­cədə, Azərbaycanda torpaqların əkinə yararlılıq göstəricisi dəyişə bilər.

 

“Xalq qəzeti”

İqtisadiyyat