Son illər ölkə iqtisadiyyatının aparıcı sahələrindən olan kənd təsərrüfatında istehsal və emal sahələrinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu məqsədlə aqrar sahədə bir sıra zəruri islahatlar həyata keçirilib. Bunun nəticəsidir ki, ölkədə mühüm növ kənd təsərrüfatı məhsullarının istehsalında artım tendensiyası müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 10 milyard 984,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Kənd təsərrüfatının ümumi istehsalı əvvəlki ilə nisbətən 3,4 faiz artıb. Aqrar sahənin inkişafında beynəlxalq təcrübədən geniş istifadə, eləcə də əməkdaşlıq çərçivəsində reallaşdırılan bir sıra müştərək layihələr iqtisadiyyatın şaxələndirilməsinə, kənd təsərrüfatı sektorunun davamlı inkişafına mühüm töhfələr verir. Bu baxımdan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq diqqəti xüsusilə cəlb edir.
Ötən müddətdə BMT-nin ixtisaslaşdırılmış qurumu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bir sıra dəstək layihələri icra olunub. Hazırda bu sahədə fəaliyyətini uğurla davam etdirən FAO Azərbaycanda kooperativlərin dəstəklənməsi layihəsini həyata keçirməyi planlaşdırır.
Qurumun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyevin dediyinə görə, layihə təşkilatın texniki yardım proqramı çərçivəsində icra olunacaq. Ölkəmizdə aqrar sahədə kooperativləşmənin hökumət tərəfindən dəstəkləndiyini vurğulayan B. Mehdiyev qeyd edib ki, layihə çərçivəsində kooperativlərin investisiyalara, bazara və istehsal vasitələrinin alınması kimi məsələlərə çıxış imkanlarını artacaq.
“Dövlət tərəfindən kooperativlərlə bağlı yeni dəstək mexanizmlərinin tətbiqi planlaşdırılır. Fermerlərin və aqrar sektorda fəaliyyət göstərən digər sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperativlər bu mexanizmlərdən istifadə edərək subsidiyalar ala bilərlər, maliyyə institutlarına daha rahat çıxış əldə edə bilərlər, – deyə o, əlavə edib. Onun fikrincə, kooperativləşmə, həmçinin kənd təsərrüfatı sahələrində pivot suvarma sistemlərinin qurulması ilə su itkisinin qarşısını ala bilər.
Xatırladaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 1945-ci ildə yaradılıb. Baş ofisi İtaliyanın Roma şəhərində yerləşən FAO-nun əsas məqsədi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirməkdən ibarətdir. BMT-nin adıçəkilən qurumu hazırda dünyanın 191 ölkəsində fəaliyyət göstərir. Həmçinin təşkilatın 130-dan çox ölkədə nümayəndəliyi yaradılıb.
Azərbaycan isə 1995-ci il oktyabrın 20-dən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvüdür. 2007-ci ildə ölkəmizdə FAO-nun layihə əlaqələndirmə ofisi fəaliyyətə başlayıb. 2015-ci ilin payızından etibarən isə qurum Azərbaycandakı fəaliyyətini tərəfdaşlıq və əlaqələndirmə ofisi vasitəsilə həyata keçirir. Ötən müddətdə Azərbaycan hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün FAO-dan dəstək alıb.
2019-cu ildə Bakıda FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının həyata keçirilməsinə başlanılıb. Bu da ölkəmizlə adıçəkilən beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına imkan yaradıb. Hazırda FAO Azərbaycan Respublikası ilə doqquz prioritet istiqamət üzrə əməkdaşlıq edir. Qurumun ölkəmizdə əsas fəaliyyəti qida məhsullarının və tullantıların idarə olunması sahəsində həyata keçirilən layihələrə dəstəyə yönəlib. Ötən müddətdə FAO-nun dəstəyi ilə Azərbaycanda 60-dan yuxarı layihə reallaşdırılıb. Həmin layihələr toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi və digər sahələrin inkişafına yardım məqsədi daşıyıb. Bu da bölgələrdə kənd təsərrüfatı mühitinin, eləcə də qida təhlükəsizliyinin yaxşılaşdırılmasına imkan yaradıb.
Qurumun Azərbaycanda həyata keçirdiyi layihələr aqrar bölmənin heyvandarlıq sahəsinin inkişafına da mühüm töhfələr verib. Bu baxımdan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə heyvandarlığın inkişaf etdirilməsi” layihələrini misal çəkmək olar. Dəyəri 1,3 milyon dollar təşkil edən həmin layihələr kənd təsərrüfatının heyvandarlıq sahəsində məhsul istehsalının artırılmasında əhəmiyyətli rol oynayıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə ölkəmizdə 5 milyard 446,2 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunub. Bu da əvvəlki illə müqqayisədə 3,4 faizlik artım deməkdir.
Bununla yanaşı, qurum Azərbaycanda arıçılığın inkişaf etdirilməsi sahəsində də müəyyən dəstək tədbirləri həyata keçirib. Bu baxımdan Ağdaş və Qax rayonlarından olan 7 arıçıya təsərrüftalarda istifadə üçün müxtəlif vasitələrin verilməsini qeyd etmək olar. Arıçılıq sahəsində həyata keçirilən bu kimi stimullaşdırıcı tədbirlər isə, heç şübhəsiz, təsərrüfat sahiblərinin işini xeyli asanlaşdırır.
Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun aqrar sahədə potensialı olduqca yüksəkdir. Ötən müddətdə həmin ərazilərdə həyata keçirilmiş minatəmizləmə əməliyyatları on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə səbəb olub. Eyni zamanda, hazırda işğaldan azad olunmuş ərazilərə qayıdacaq fermerlər üçün müvafiq tövsiyələr hazırlanır. Dövlətin ayırdığı güzəştli subsidiyalardan yararlanan fermerlər bu ərazilərdə uyğun bitkiçilik məhsullarının əkib-becərilməsi, eləcə də heyvandarlıq sahələrində fəaliyyət göstərə biləcəklər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da işğaldan azad olunmuş ərazilərimizdə aqrar sahənin inkişafına dəstək verməyə hazır olduğunu bəyan edib. Qurum Zəngilan rayonunun Ağalı kəndinə köçən fermerlərin bilik və bacarıqlarının artırılması üçün layihə icra edəcək. Artıq layihə təsdiq edilib və hökumətə təqdim olunub. İki il üçün nəzərdə tutulmuş layihə FAO-nun Texniki Yardım Proqramı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmət Agentliyi ilə birgə icra ediləcək. Layihədən 300-ə yaxın fermer bəhrələnəcək. Layihə çərçivəsində, həmçinin pilot suvarma sistemlərinin nümayişi və tətbiqi nəzərdə tutulur.
Göründüyü kimi, BMT-nin ixtisaslaşdırılmış qurumu ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələr ölkəmizdə prioritet hesab olunan kənd təsərrüfatı, kənd yerlərinin inkişafına və ərzaq təhlükəsizliyi sahələrinə mühüm töhfələr verir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”