BVF Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

post-img

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib. Fond qarşıdakı dövrdə respublikada real ümum daxili məhsulun (ÜDM) artımını 2,5 faiz proqnozlaşdırıb. BVF, həmçinin cari il üzrə ölkədə inflyasiyanın 10,8 faiz ətrafında gözlənildiyini açıqlayıb. 

Beynəlxalq maliyyə təşkilatı tərə­findən respublikamızın gələcək inkişaf gözləntisini ifadə edən bu cür göstəri­ciləri vurğulaması təsadüfi deyil. Çünki hazırda Azərbaycanın malik olduğu re­surslar iqtisadi yüksəlişin dinamikliyini şərtləndirir və bu potensial böyükmiq­yaslı infrastruktur layihələrinin həyata keçirilməsinə, xüsusilə işğalçıdan tə­mizlənən ərazilərdə bərpa-quruculuq işlərini sürətlə davam etdirməyə imkan verir.

Prezident İlham Əliyev ölkəmizin nail olduğu inkişaf səviyyəsi haqqın­da bildirib: “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil”.

Həqiqətən də, dövlətimizin başçısı­nın rəhbərliyi ilə reallaşdırılan iqtisadi siyasət nəticəsində respublikamızın enerji təhlükəsizliyi təmin edilib, ölkə əhalisinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının etibarlılığı, eyni zamanda, dayanıqlılığı gücləndirilib.

Prezident İlham Əliyevin rəhbər­liyi ilə gerçəkləşdirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət sayəsin­də Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, düşməndən təmiz­lənən yaşayış sahələrinin yenidən bərpası, müdafiə və ordu quruculuğu, ərzaq təhlükəsizliyinin diqqətdə sax­lanılması istiqamətlərində mühüm la­yihələr yerinə yetirilib. 

Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi mühüm uğur­lar beynəlxalq reytinq təşkilatlarının sənədlərində də öz ifadəsini tapıb. Məsələn, BMT-nin 2022-ci ildə hazır­ladığı “Dayanıqlı inkişaf hesabatı”nda Dayanıqlı İnkişaf Məqsədlərinin icra­sına dair indeks üzrə Azərbaycan regi­onda ən yaxşı nəticə göstərərək, 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. Keçən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyən­liklər və resessiya risklərinə baxma­yaraq, respublikamızda iqtisadi artım davam edib.

Hesabat dövründə 133,8 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 4,6 faiz çox ÜDM istehsal olunub. Qey­ri-neft sektoru üzrə ÜDM-in artımı 9,1 faiz, qeyri-neft sənayesində 7,1 faiz, kənd təsərrüfatı istehsalında 3,4 faiz artım əldə edilib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 4,1 faiz artaraq 13,3 min manata çatıb.

Ötən il xarici ticarət dövriyyəsi təx­minən 56,2 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 57,7 faiz artıb. Strateji valyuta ehti­yatları 5,3 milyard ABŞ dolları artaraq 58,5 milyard ABŞ dolları təşkil edib və xarici birbaşa dövlət borcunu 8 dəfə­dən çox üstələyib. 

Hazırda valyuta ehtiyatları 62,5 mil­yard ABŞ dollarına yüksəlib, artım isə 2 ayda 4 milyard ABŞ dolları təşkil edib. Ötən ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 9,5 faiz azalaraq 6,7 milyard ABŞ dollarına enib və ÜDM-in 8,5 faizini təşkil edib.

Hesabat ili ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnoz­dan 4,8 milyard manatdan çox olub və bu da 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşməyə), sosial və investisiya yönümlü xərclə­rin artımına imkan verib. Bütövlükdə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 31 milyard manat, xərcləri isə 32 milyard manat icra olunub.

Yeri gəlmişkən, yazının əvvəlində BVF tərəfindən cari il üzrə ölkədə infl­yasiyanın 10,8 faiz ətrafında proqnoz­laşdırıldığını ifadə edən göstərici də təbii ki, iqtisadi inkişafdan irəli gəlir. Xa­tırladaq ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib. Xüsusilə ərzaq qiymətləri idxal vasitə­silə daxili ərzaq inflyasiyasına ciddi tə­sir göstərib. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyə balan­sının profisitli olması, valyuta bazarın­da tarazlıq, qəbul edilən makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məh­dudlaşdırıb. 

Bu məqamda onu da qeyd edək ki, respublikada “Antiinflyasiya tədbir­lərinin gücləndirilməsi ilə bağlı təxirə­salınmaz tədbirlər haqqında” Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli sərəncamına əsasən, müvafiq Təd­birlər Planı təsdiq edilib və hesabat ili ərzində aidiyyəti dövlət qurumları tərə­findən görülən tədbirlər inflyasiya pro­seslərinə azaldıcı təsir göstərib.

 

Mirağa ƏHMƏDOV,

iqtisadçı-ekspert:

–Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innova­tiv iqtisadi sistemin formalaşdırılma­sı istiqamətində atılan ardıcıl addım­lar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq sə­viyyəsini tədqiq edən mərkəzlərin diqqətindən kənarda qalmır və yük­sək qiymətləndirilir. 

Beynəlxalq reytinq agentliklərinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcud­dur. Eyni zamanda, hökumət vergi gəlirləri və kapital xərcləri, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azal­masının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyası­nın həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.

Fikrimizin təsdiqi üçün əvvəlcə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən Azərbay­canda iqtisadi artımla bağlı proqno­za diqqət yetirək. Bu barədə əvvəlcə qeyd edim ki, EBRD cari il respub­likada real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,5 faiz artacağını proqnozlaşdırıb. Bu, EBRD-nin “Regional iqtisadi pers­pektivlər” hesabatında vurğulanıb. Sənəddə, həmçinin gələn il Azər­baycanda real iqtisadi artımın 2,7 faiz həddində gözlənildiyi də qeyd edilib. 

Yeri gəlmişkən, bu ilin yan­var-fevral aylarında ölkədə 19 mil­yard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisə­də 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 faiz azalıb, qeyri-neft-qaz sekto­runda isə 4,6 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 mana­ta bərabər olub.

Göründüyü kimi, BVF-nin bu il Azərbaycanda iqtisadi artım proq­nozunu müsbətə doğru yeniləməsi, ÜDM-in artımını 2,5 faiz proqnoz­laşdırması və ölkədə inflyasiyanın 10,8 faiz ətrafında gözlənildiyini açıqlaması respublikamızın iqtisa­di-siyasi, sosial-mədəni, təsərrüfat həyatının bütün sahələrində ge­nişmiqyaslı islahatların cari ildə də davam etdiriləcəyinə, makroiqtisadi sabitliyin qorunub saxlanılacağına, inflyasiyanın mənfi təsirlərinin ara­dan qaldırılması və əhalinin rifah halının yaxşılaşdırılması üçün təsirli tədbirlər görüləcəyinə əsaslanır. 

Bu gün dünyada baş verən mürəkkəb siyasi-iqtisadi hadisələr fonunda qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlinməsi, iq­tisadi inkişafın sürətləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına yönələn proqramların həyata keçi­rilməsi qarşıdakı dövr ərzində də yüksək göstəricilərin əldə ediləcəyi əminliyi yaradır.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

me7.jpg

İqtisadiyyat