Söhbət botu qadağan edilib

post-img

Çin hökuməti “ChatGPT”ni (söhbət çatbotu) qadağan etmək qərarına gəlib. Hökumətdən “Tencent” və “Alibaba” kimi texnologiya nəhənglərinə göndərilən yeni məktubda bu xidmətin dayandırılması tapşırılıb. Elan edilən yeni qərara əsasən, Çindəki texnologiya şirkətlərinə “ChatGPT” və ya oxşar xidmətlərdən istifadə etmək qadağan edilib. Bildirilib ki, ABŞ-da yerləşən “ChatGPT” Çinin suverenliyinə xələl gətirə biləcək yalan məlumatlar yayıb. Xəbəri “cnn.com” saytı verib.

ABŞ-da yerləşən “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT”, müəyyən bir qurum tərəfindən idarə oluna bilməyən, daim öyrənən və inkişaf edən süni intellekt modeli kimi diqqəti çəkir. O, bu yaxınlarda Elon Musk, Vladimir Putin və Çin prezidenti Xi Jinping kimi adlara da "mənfi" şərhlər verib. Buna görə də, Çin hökuməti “ChatGPT” kimi süni intellekt proqramının ölkəyə girişinə icazə verməyəcək. Lakin hökumətin bu məsələdə sərt mövqe sərgiləməsi təəccüblü deyil. Çatbotun həssas suallara cavabları hökumət üçün məqbul görünmür.

Buna baxmayaraq, Çin texnoloji şirkətləri “ChatGPT”-nin öz versiyalarını inkişaf etdirməyə can atırlar. “Alibaba” və “Baidu”, bu proqrama bənzər çatbotların öz versiyaları üzərində işlədiklərini açıqlayıb. 

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT