Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir

post-img

Bakıda, Milli Gimnastika Arenasında artıq üçüncü gündür ki, Avropa qitəsinin ən güclü bədii gimnastları gözəl, zərif və fantastik çevik hərəkətləri ilə gimnastikasevərlərin ürəyini fəth edirlər. Avropa çempionatının keçirildiyi arenada bu zərif qızların bir-birindən möhtəşəm çıxışlarına baxdıqca onların kifayət qədər çətin olan tutmaları, atmaları, tullanmaları, dönmələri necə asanlıqla yerinə yetrimələrinə heyran olursan. Onların arasında ən istedadlılardan olan Azərbaycan gimnastlarının möhtəşəm çıxışları qəlbimizi riqqətə gətirir, onlarla qürur duyuruq. Təsadüfi deyil ki, yarışın birinci günündə qrup hərəkətləri üzrə Azərbaycanın gənclərdən ibarət komandasına “Audience Award” mükafatı verilib. Mükafatın qalibi tamaşaçılar arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Yarışın ilk günündə Avropa çempi­onatında iki bürünc medal qazanmış qrup hərəkətləri üzrə Azərbaycanın gənclərdən ibarət komandasının üzv­ləri mükafatlandırma mərasimində qazanılmış uğurda onları dəstəkləyən tamaşaçıların da böyük payının oldu­ğunu vurğulamış, onlara minnətdarlıq etmişlər. Komandanın üzvü Ayan Sa­dıqova Avropa çempionatında çıxış etməyin onlar üçün böyük şərəf oldu­ğunu deyib. Qeyd edib ki, çoxnövçü­lükdə, eləcə də beş topla hərəkətlərdə bürünc medal qazandıqlarına görə çox sevinirlər. 

Xarici komandalar da Bakıdakı ya­rışdan zövq aldıqlarını xüsusilə vur­ğulayırlar. Andorralı gimnastlar çem­pionatın şüarı – “Ulduz kimi parla”nın yarışa çox yaraşdığını qeyd ediblər: “Şüar çıxış etdiyimiz zal ilə ahəng təşkil edir. Milli Gimnastika Arenasında çıxı­şımız zamanı özümüzü əsl ulduz kimi hiss edirik”.

Qızlar, həmçinin hər bir şəraiti olan möhtəşəm Milli Gimnastika Arenasın­da güclü gimnastların çıxışlarını canlı izləməyin onlarda məmnunluq doğur­duğunu bildiriblər. 

Gənc gimnastlardan ibarət Yuna­nıstan komandasının üzvləri Milli Gim­nastika Arenasında mübarizədən zövq aldıqlarını bildiriblər. Bakıya ilk dəfə səfər etdiklərini bildirən qızlar paytax­tımızda hər şeyin çox gözəl olduğunu diqqətə çatdırıblar. Deyiblər ki, Avro­pa çempionatı yüksək səviyyədə təş­kil olunub. Azərbaycanlı azarkeşlərin dəstəyi xoş təəssüratla xatırlanacaq. 

Portuqaliya komandasının məşq­çisi Silviya Kanelaş Azərbaycan Gim­nastika Federasiyasının yarışları qü­sursuz keçirdiyini bildirib. O qeyd edib ki, bütün ölkələrdə gimnastlar üçün Azərbaycanda olduğu kimi şərait yara­dılmır. 

38 ölkədən gimnastların qatıldığı mötəbər Avropa çempionatının ikinci günündə idmançı fərdi proqramda güc­lərini sınayıblar.

Maraqlı mübarizə şəraitində keçən yarışda Azərbaycanın iki bədii gimnas­tı fərdi proqramda çıxış edib. 

Azərbaycan gimnastları Zöhrə Ağa­mirova və İlona Zeynalova hər iki alətlə kompozisiyalarını təqdim ediblər. 

Zöhrə Ağamirova top (32.550) və halqa (32.150 xal) ilə hərəkətlərin icra­sında finala vəsiqə əldə edib. Gimnas­tımız təsnifat mərhələsində topla 5-ci, halqa ilə isə 6-cı olub. 

Qeyd edək ki, Zöhrə mayın 21-də keçiriləcək ayrı-ayrı alətlər üzrə final mərhələsində mübarizəyə qoşulacaq. 

Sabah qitə çempionatında gimnast­lar fərdi təsnifat proqramında gürzlər və lentlə çıxışlarını nümayiş etdirəcəklər.

Xatırladaq ki, Avropa çempionatı­nın birinci günü Azərbaycanın Gövhər İbrahimova, Səkinəxanım İsmayılza­də, Mədinə Aslanova, İlahə Bahadıro­va, Ayan Sadıqova və Zəhra Cəfəro­vadan ibarət gənclər komandası qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc medal qa­zanıblar.

Qeyd edək ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatın­da 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesa­bı və çoxnövçülük proqramında, qrup hərəkətləri üzrə komandalar isə böyük­lər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayırlar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”







İdman