Fuat Oktay: "Hər birimiz seçkilərin nəticəsinə hörmət etməliyik"

post-img

Türkiyənin vitse-prezidenti Fuat Oktay prezident və parlament seçkilərində iştirak edib.

Fuat Oktay İstanbulda səs verib.

F.Oktay səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib ki, seçicilər səsvermədə fəal iştirak edirlər: “Bu tədbir bir növ demokratiya festivalıdır. Deyilməli olanlar artıq deyilib. İndi qərar xalqındır. Əlbəttə, hər birimiz nəticəyə hörmət edəcəyik”.

Vitse-prezident söyləyib ki, bütün dünya Türkiyədə seçki prosesini diqqətlə izləyir: “Dünyada Türkiyə qədər seçki prosesini şəffaf keçirən başqa ölkə, bəlkə də, yoxdur. Qərbdə seçkilərdə iştirak faizi adətən çox az olur. Bu mənada Türkiyədəki seçkilər həm də nümunədir. Seçkilərin nəticəsinin xeyirli olmasını arzu edirəm”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Dünya