Almaniya Rusiyanın nüvə sektorunun sanksiyalar paketinə daxil edilməsini dəstəkləyir

post-img

Almaniya hökuməti Rusiyanın nüvə sektorunun Avropa Komissiyasının sanksiyalarının 11-ci paketinə daxil edilməsinin tərəfdarıdır. Bunu Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi nazirinin müavini Robert Habek açıqlayıb. O hesab edir ki, Rusiya Federasiyası enerji resurslarından asılılığından istifadə edərək təzyiq göstərir.

Vitse-kansler vurğulayıb ki, nüvə texnologiyası Rusiyanın artıq “etibarlı tərəfdaş” hesab oluna bilməyəcəyi “çox həssas sahədir”. Cənab Habek DPA agentliyinə müsahibəsində deyib ki, Almaniya hökuməti indi Avropa Komissiyasına mülki nüvə sektorunun sanksiyalar paketinə daxil edilməsi zərurətini bildirib.

Ehtimal olunur ki, 11-ci sanksiyalar paketi əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçmə cəhdləri ilə mübarizəyə yönəldiləcək. “Politico” yazır ki, Avropa İttifaqı Pasxa bayramından sonra Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək. Avropa Parlamenti (AP) aprelin sonuna qədər onların təqdim edilməsinə icazə verib. 

Fevral ayında Avropa Parlamenti Rusiyadan uran idxalının dayandırılmasını tələb edən etibarsız qətnamə qəbul etmişdi. Macarıstan Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkə heç vaxt Rusiyanın nüvə enerjisi sənayesinə qarşı sanksiyaları dəstəkləməyəcək. Aprel ayında Polşa və Baltikyanı ölkələr "Rosatom" və onun idarə heyətinin üzvlərinə qarşı sanksiyalar təklif etmişdilər. Robert Habek Rusiyadan atom elektrik stansiyaları üçün uran alan ölkələrə qarşı məhdudiyyətlərin tətbiqinin tərəfdarıdır.

"Xalq qəzeti"

Dünya