Daşkənddə Türk Dövlətləri Universiteti yaradılacaq

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə özəl təhsil müəssisəsi – “Beynəlxalq Türk Dövlətləri Universitetinin yaradılması haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən, universitetdə beynəlxalq standartlara uyğun mühəndislik, tikinti, logistika, informasiya texnologiyaları və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, eləcə də iqtisadi və sosial sahələr üzrə kadrlar hazırlanacaq. Universitetdə bütün Türk dövlətlərindən tələbələrin təhsil alması mümkün olacaq.

Müəssisənin əsas məqsədi yüksək ixtisaslı kadrların hazırlanması, xarici ölkələrin, o cümlədən Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə birgə proqramların həyata keçirilməsi və elmi tədqiqatların aparılması, elmi-tədqiqat təşkilatları ilə əlaqələrin qurulması, professor-müəllim heyətinin xaricdə təcrübə və ixtisaslarının artırılmasının təşkili və elmi-pedaqoji potensialın təkmilləşdirilməsindən ibarətdir.

2025–2026-cı tədris ilində universitetdə təhsil prosesi Türkiyənin 1000 ən yaxşı beynəlxalq reytinq siyahısına daxil edilən və öz sahələri üzrə lider kimi tanınan aparıcı universitetlərin proqramları əsasında təşkil olunacaq.

Universiteti təşkil etmək və fəaliyyətini əlaqələndirmək üçün idarə heyəti yaradılacaq. Qəbul parametrləri müəyyən ediləcək.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Təhsil