ABŞ–Rusiya–Çin üçbucağında çoxqütblü dünya çəkişməsi
Son illərdə təkqütblü, yoxsa çoxqütblü dünya düzəninin formalaşdırılması ətrafında inadlı mübarizə gedir. Bu, ABŞ-da Co Baydenin hakimiyyəti dövründə, xüsusilə, amansız şəkil aldı. Ukraynada müharibənin başlaması isə mübarizənin pik nöqtəsi oldu. Amma Qərb, ABŞ, NATO bu mübarizəni qələbə ilə başa çatdıra bilmədi. Bayden hakimiyyəti başa çatdı, amma təkqütblü dünya formalaşdırmaqla bağlı arzular elə arzu olaraq qaldı.
Donald Trampın ABŞ-da yeni prezident seçilməsi ilə təkqütblü dünya ətrafında illüziyalar da aradan qalxmağa başlayıb. İndi bir çox siyasi dairələrdə bunun açıq etiraf edildiyini görürük. Bu günlərdə “The Guardian” kimi dünya şöhrətli bir qəzet də belə bir etirafda bulunub. Burada dərc olunmuş yazının məntiqi belədir: Tramp çoxqütblü dünyada Rusiya və Çinin rolu ilə barışmalıdır.
Gəlin, bu yerdə əvvəlcə dünyanın qütblərə bölünməsi tarixinə nəzər salaq. Yəni bu gün hamımızın ümumi evi olan dünyanı qan gölünə döndərmiş təkqütblü dünya düzəni dediyimiz nəsnə odur ki, bütün dövlətlər vahid bir hakim ölkəyə tabe olur, onun qayda-qanunları ilə idarə olunur. Bu ideya, əslində, son illərdə ABŞ-da irəli sürüldü və dünya ölkələrinə təqdim olundu. Amma bununla hamı razılaşmadı. Təbii ki, razılaşmayanlara qarşı müvafiq addımlar atıldı, müharibələr törədildi, iqtisadi sanksiyalar və s. işə salındı.
Tarixin gedişi göstərir ki, faktiki olaraq bugünədək dünya çoxqütblü olub. Təxminən, XIX əsrə qədər dünyada 4 böyük dövlət əsas güc mərkəzi rolunda çıxış edib. Bunlar İngiltərə, Fransa, Rusiya və Osmanlı dövlətləri olub. Yəni çoxqütblü dünya mövcud olub. Bir qədər sonrakı mərhələdə Osmanlı öz dövrünü başa vuraraq sıradan çıxıb və getdikcə Rusiya yeni imperiya olaraq öz mövqelərini möhkəmlədib.
Həmin əsrdə baş vermis müstəmləkəçilik meylləri, inqilablar, sənaye çevrilişləri İngiltərə və Fransanı qlobal dominantlığa çıxarsa da, Napoleonun məğlubiyyətindən sonra Rusiyanın öz hüdudlarını genişləndirməsi ilə nəticələndi. Cənubi Qafqaz, bütövlükdə, Qafqaz regionu da Rusiya imperiyasının ərazisinə daxil edildi.
Birinci Dünya müharibəsindən sonra imzalanan Versal müqaviləsi (1919) o vaxtadək güclənməkdə olan Almaniyanın məğlubiyyəti, eləcə də onunla birlikdə Osmanlı və Avstriya–Macarıstan imperiyalarının tarixə qovuşması ilə nəticələndi.
Beləliklə, dünya böyük güc mərkəzinə çevrilmiş Böyük Britaniya və ABŞ tərəfindən yenidən bölüşdürüldü. XX əsrin əvvəllərində Rusiyada baş vermis sosialist inqilabı bu ölkəni yeni böyük dövlətə və təbii ki, nəhəng güc mərkəzinə çevirdi.
İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra isə dünyada SSRİ və ABŞ kimi iki bir-birinə zidd ideologiyalı qlobal güclər formalaşdı. Bu iki rəqib, daha doğrusu, düşmən güc arasında rəqabət ikiqütblü dünyanı “soyuq müharibə” dövrünə, nəhayət, SSRİ-nin dağılmasına gətirib çıxardı. Bununla da Rusiyanın qara günləri başladı. ABŞ nəzarətində olan Avropa ölkələri ilə birgə Rusiyaya qarşı sərt təzyiqləri davam etdirdilər. Və Ukrayna müharibəsi başlandı.
Amma birqütblü dünya ideyasının qarşısına bu dəfə özünün iqtisadi gücü ilə Çin çıxdı. O da ABŞ üçün əsas qlobal təhdidlərdən biri oldu. Rusiya və Çin, əslində, çoxqütblü dünya uğrunda əlbir mübarizəyə qoşulmuş oldular.
Nəhayət, ABŞ-ın təkqütblü dünya ilə bağlı SSRİ-nin dağılmasından sonrakı bütün dövr ərzində apardığı siyasət iflasa uğradı. Beləliklə, bu gün artıq istər rəsmi dairələrdə, istərsə siyasi analitiklər tərəfindən təkqütblü dünya ideyasının baş tutmadığı etiraf olunur. Budur, “The Guardian” qəzeti açıq-aydın bəyan edir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası birqütblü dünya dövrünün bitməsini qeyd edə bilər və Amerika lideri bundan sonra Rusiya və Çinin maraqlarını nəzərə almağa məcbur olacaq.
Nəşr xatırladıb ki, bundan əvvəl dövlət katibi Marko Rubio da amerikalı jurnalist Meqan Kelliyə müsahibə verib və təkqütblülük ideyasının anomaliya olduğunu, soyuq müharibənin başa çatması nəticəsində meydana gəldiyini bildirib. Dövlət katibi qeyd edib ki, dünya Rusiya və Çin də daxil olmaqla “planetin müxtəlif yerlərində bir neçə böyük dövlətin” olduğu çoxqütblü quruluşa qayıdır.
“The Guardian” yazır ki, “Rubio izah etdi: “Biz dünyada yeganə güc idik, ona görə də hər problemi həll etməyə çalışan bir növ dünya hökuməti olduq”. Məqalədə deyilir ki, dövlət katibi demək istəyir ki, artıq “o dövr bitdi”. Qəzet daha sonra bildirir ki, Tramp bundan belə vədinə əməl edəcək və Çinə sülhsevər yanaşma nümayiş etdirəcək, təhlükəsizliklə bağlı məsuliyyəti isə daha çox NATO müttəfiqlərinə həvalə edəcək. Yazıda o da vurğulanır ki, Rubio ABŞ-ın yeni münaqişələrə qarışmaması barədə vəd verdiyini desə də, ABŞ siyasi elitası Donald Trampın Vaşinqton, Moskva və Pekin arasında nüfuz dairələrini bölüşdürəcəyinə çox da inanmır.
Qeyd edək ki, fevralın 5-də Kreml sözçüsü Dmitri Peskov Rubionun çoxqütblülüklə bağlı mövqeyinın Moskvanın baxışı ilə üst-üstə düşdüyünü bəyan edib. Demək, dünya binə olandan bəri çoxqütblü olduğu kimi, yenə də eyni olaraq qalır.
Paşa ƏMİRCANOV
XQ