UNEC-in təntənəli “Məzun Günü 2024” keçirilib.
Bakı Kristall Zalda keçirilən Məzun Günündə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, UNEC-in fəxri məzunları olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, digər dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, sonra Elmi Şuranın üzvləri səhnəyə dəvət olunublar.
Açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov bu ilki Məzun Günündə ilk dəfə olaraq, Zaqatala filialının tələbələrinin də iştirak etdiyini diqqətə çatdıraraq, bütün məzunlara təbriklərini ünvanlayıb: “Əziz məzunlar, bu gün böyük fərəh və iftixarla məzun olursunuz. Universitetdə qazandığınız bilik və bacarıqlarla Azərbaycanın iqtisadi inkişafına, parlaq gələcəyinə öz töhfələrinizi verəcəyinizdən əminəm. Bu əminlik Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyevin böyük həssaslıqla davam etdirdiyi gənclər siyasətinə, eləcə də Birinci vitse-president Mehriban xanım Əliyevanın təhsilə daim diqqət və qayğısına əsaslanır. Bu yolda UNEC ailəsi olaraq, daim sizlərə dəstək olmağa davam edəcəyik”.
Rektor bu il UNEC-dən 3659-u bakalavr, 1605-i magistr olmaqla, 5264 tələbənin məzun olduğunu deyib. Onlardan 6 tələbənin 4 il əvvəl reallaşdırılmağa başlanılan Universitet Daxili İki Diplom proqramının ilk məzunları olduğunu diqqətə çatdırıb.
UNEC-in fəxri məzunu, kənd təsərrüfatı naziri, Məcnun Məmmədov məzunları təbrik edərək, onları ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkənin ilk məzunları adlandırıb. 20 il öncə İqtisad Universitetindən məzun olduğunu deyən nazir, tələbəlik dövrünü həyatın ən dəyərli günləri adlandırıb. Nazir gənclərə daima öz üzərlərində çalışmağı, peşəkarlıq səviyyələrini artırmağı və sevəcəkləri işlə məşğul olmağı tövsiyə edib. Ölkənin gələcək inkişafının məhz savadlı və bacarıqlı gənclərdən asılı olduğunu vurğulayıb.
Çıxışdan sonra rektor Ədalət Muradov UNEC-in fəxri məzunu olan Məcnun Məmmədova bütün qiymətlərinin “Əla” olduğu bakalavr diplomunu əlavəsi təqdim edib.
Məzun Günündə UNEC-in Universitet Daxili İki Diplom proqramının ilk məzunları da səhnəyə dəvət olunublar. Proqramın 6 nəfər məzununa hədiyyələr təqdim edilib.
UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,33) ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Sübhan Əlizadə çıxış edərək, bu illər ərzində ona dəstək olan valideynlərinə, müəllimlərinə və tələbə yoldaşlarına təşəkkürünü bildirib.
Məzunların andiçmə mərasimindən sonra UNEC-in bayrağı III kursu ən yüksək ortalama ilə bitirən tələbəyə təqdim edilib.
Məzun Günü ənənəvi və həyəcanlı “papaqatma” mərasimindən sonra xalq artisti Aygün Kazımovanın ifasında populyar mahnılarla və məşhur DJ-lərin musiqi nömrələri ilə davam edərək, məzunlara sevincli və coşqulu anlar yaşadıb.