Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda paytaxtın Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb. Onun üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dindirmə zamanı N.Vəliyev qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.
Davam etdirilən tədbirlər nəticəsində həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.