“Dahi Şəxsiyyət Heydər Əliyev” layihəsinə yekun vuruldu

post-img

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Dahi Şəxsiyyət Heydər Əliyev” layihəsinin sonuncu mərhələsi Lənkəran rayonunda keçirilib.

1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə təşkilatın üzvü İsmayıl Ağacanlı təşkilatın regionlardakı fəaliyyət istiqamətləri, dövlət gənclər siyasəti, həmçinin layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. O,  Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bu mənəvi irsin hər bir gəncimiz tərəfindən öyrənilməli olduğunu diqqətə çatdırıb. 

Çıxış edən rayon icra hakimiyyətinin əməkdaşı Ruslan Hüseynov qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir.

Lənkəran təhsil sektorunun nümayəndəsi Cəmil Axundzadə çıxışında bildirib ki, Azərbaycan xalqı və xüsusilə gənclərimiz tariximizdə silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edir. 

Layihənin eksperti Elçin Həsənli əlavə edib ki, Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi rəhbərin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücaəti sayəsində Ulu öndərin bu arzusu gerçəkləşdi. İşğalçı erməni qüvvələri üzərində qazanılan tarixi Zəfər qələbəsi ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. 

Qeyd edək ki, layihənin əsas məqsədi Heydər Əliyevin zəngin həyat yolunun, Azərbaycanı inkişafa və qələbələrə aparan güclü dövlətçilik ideyalarının regionlarda yaşayan gənclər arasında təbliğidir.

Sonda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.

Rizvan FİKRƏTOĞLU
XQ





Təhsil