Tələbələr inşaat mühəndisliyi üzrə real layihələr üzərində işləyəcəklər

post-img

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "İnşaat mühəndisliyində layihələndirmə" laboratoriyasının açılışı olub. Laboratoriya işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərində yaxından iştirak edən Türkiyənin "ProYapı" şirkəti ilə AzMİU arasındakı əməkdaşlıq müqaviləsinə əsasən şirkətin dəstəyi ilə yaradılıb.

Universitetdən XQ-yə verilən məlumata görə, açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, "ProYapı" şirkətinin icraçı direktoru Akif Aygen, şirkətin mühəndisləri və universitetin professor-müəllim heyəti iştirak edib.

Bildirilib ki, laboratoriyada AzMİU-nun inşaat mühəndisliyi ixtisasının sonuncu kurs tələbələri qrup şəklində layihə dərslərini hazırlayacaqlar. Bu da inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığı prosesini daha mütəşəkkil təşkil etməyə, eyni zamanda, ölkəmizin inşaat sektorunun daha peşəkar kadrlarla təmin edilməklə canlanmasına töhfə verəcək.  

Laboratoriya xüsusi proqramlarla təchiz edilmiş ümumilikdə 16 kompüterlə təmin olunub. Tələbələr burada real tikinti layihələrini yerinə yetirəcək, inşaat mühəndisliyində layihələndirmə üzrə istehsalatda çalışan peşəkar mütəxəssislərdən dərs alacaqlar.

Rizvan FİKRƏTOĞLU
XQ



Təhsil