"Dantenin yubileyinə gecikən bədbəxtliyə məhkum..." və ya "Sürücüsü olmayan avtobus sərnişinləri"

post-img

Azdramada bir avtobus var. Avtobusun "şoferi" Dionisdir. O görünmür. O tanrıdır. Gözəgörünməz "şofer". Onun kanduktoru da yoxdur. Çünki ödəməyə sərnişinlərin bir zadı yoxdur - olub və olmayan "talantları" və "taleləri"-dən savayı. Onun sərnişinləri bədbəx və öz bədbəxtlikləri içrə uşaq təki "naivnı" sənətçilər. Bu avtobus Kəbədir - minlərlə sənət aşiqlərini teatrdan dublyaja,  dublyajdan uşaq verilişində tülkünü səsləndirməyə, ordan isə "stalovuda" yüz qram dərdi unutmaq üçün vurub evinə aparan sonuncu ümüd yerləri olan Kəbə. Onun gah özü fırlanır, gah da onun ətrafında fırlanır və təvafda öz kor talelərinə daş atır bu qəhrəmanlar. 

Dionisin yanından aşağı gələn təzəcə salınmış yol. Yuxarıdan aşağı. Tanrıdan gələn, və ya Tanrı göstərdiyi yol. Yolun sonu yoxdur. Yolun sonu göz yaşlarıdır. Özü də sarı göz yaşları...

Azdramada bir avtobus var. Avtobus "şoferi" Dionisdir. O görünmür. O Tanrıdır. Şərablar tanrısı həmin Dionis. Bir gün içib ən məst edici şərabdan və Teatrı yaradıb. Sonra onun içinə ən bədbəx xoşbəxtləri yığıb və adlarını AKTYOR qoyub onların. Deyib "bu Sizin taleyinizdir!" - daim teatrla məşğul olacaq və onu sevəcəksiniz. "Darnınız" da, "Bezdarnınız" da. Bu sizin xaçınızdır - dartın özünüzlə hər yerə.


Kəbirlinski...
Bu ocaq...
Bu qoca...
Ümid...
Bircə ümid...
Başqa heç nə...


Sonda isə yenə oyun. Amma səhnədə yox. İnsanın taleyinin üstündə dikdabanla deşə-deşə oynanılan oyun. Komediya effektini yaradacaq kloun zarafatı - klounadada bu "desesmakine" adlanır. Gülüş effekti yaratmaq üçün qarşındakı partnyoru (qəhrəmanı) pis vəziyyətdə qoymaq. Tamaşaçı gülür, amma gülünc vəziyyətində olan üçün bu faciədir, bu sınmaqdır,  bu sondur, bu məhvdir... Deyirlər ümid sonda ölər. Düz deyirlər - Kəbirlinskinin ümidi kimi. Öldü onun ümidi. Söndü həyatı. Söndü!

Bu qoca...
Bu ocaq...
Bu Ərşad...
Bu Anar...

Xülasə - Azdramada bir avtobus var. Avtobusun "şoferi" Dionisdir. O görünmür. O Tanrıdır. Gözəgörünməz "şofer". Bu gün Azərbaycan Teatr tarixinə "sarı həriflərlə"  yazılacaq bir tamaşa oldu. Tamaşa başlayan kimi artıq qalibiyyətdən dəm vururdu. Və qalib də gəldi! Əhsən sizə! Əhsən!


Abdulla Elşadlı



Mədəniyyət