Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Rodrigo Qomez, “Senzala İstanbul” Türkiyə Kapoeyra Dərnəyinin rəhbəri Ali Kök və Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
Mərkəzdən XQ-yə verilən məlumata görə, mərkəzin direktoru Elnarə Ənsari Bakıda keçirilən idman tədbiri çərçivəsində ölkəmizə səfər edən qonaqları müəssisənin fəaliyyəti ilə tanış edib. Qeyd olunub ki, 2021-ci il oktyabrın 22-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan mərkəz tərəfindən bu vaxtadək həssas kateqoriyalara aid 1000 nəfərə yaxın vətəndaşa xidmət göstərilib.
Həmin şəxslərin sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasında digər yaradıcılıq istiqamətləri ilə yanaşı, kapoeyra təlimlərinin əhəmiyyəti vurğulanıb. Mərkəzin 10-dan çox benefisiarının respublika səviyyəli yarışlarda qazandığı uğurlar diqqətə çatdırılıb. Bildirilib ki, aprelin 18-də keçiriləcək beynəlxalq seminar və kəmər imtahanlarında mərkəzin iki benefisiarı da öz bacarıqlarını nümayiş etdirəcək.
Tanışlıq zamanı qonaqlar yaradıcılıq studiyalarında təlim prosesini izləyib, İnklüziv Ansamblın müşayiətilə mərkəz üzvlərinin ifasında musiqi nömrələrini izləyiblər. Yığma komandanın üzvlərilə birgə təlimçi və benefisiarların kapoeyra çıxışı maraqla qarşılanıb.
Qonaqları Ümumdünya Kapoeyra Federasiyasının baş katibi, Azərbaycan Kapoeyra Federasiyasının vitse-prezidenti Elgiz Əlizadə müşayiət edib.
Qonaqlar mərkəzin xatirə kitabına təəssüratlarını qeyd ediblər.
Sonda qonaqlara hədiyyələr təqdim edilib.







