Böyüklük nümunəsi

post-img

Azərbaycan qadını tarix boyu zəngin mənəviyyatı, iti zəkası və sarsılmaz iradəsi ilə seçilərək cəmiyyət üçün daim nümunə olmuşdur. Qadınlarımız yalnız ailə daxilində ana kimi qayğıkeş və müdrik tərbiyəçi rolunu yerinə yetirməklə kifayətlənməmiş, eyni zamanda vətəninə bağlı, xalqa faydalı övladlar yetişdirmişdir. Tarixin çətin və sınaqlı mərhələlərində isə Azərbaycan qadını böyük cəsarət nümayiş etdirərək silaha sarılmış, döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlıqla düşməni heyrətə salmış, adını tarix səhifələrinə qürurla yazdırmışdır.

Bununla yanaşı, qadınlarımız elm və mədəniyyət sahələrində də əhəmiyyətli nailiyyətlər əldə etmişlər. Onlar öz bilik və bacarıqları sayəsində cəmiyyətin inkişafına mühüm töhfələr vermiş, Azərbaycanın adını beynəlxalq müstəvidə layiqincə təmsil etmişlər. Azərbaycan qadını hər zaman yenilikçi düşüncəsi, zəhmətkeşliyi və yüksək intellekti ilə seçilərək tərəqqinin aparıcı qüvvələrindən birinə çevrilmişdir.

XX əsrin görkəmli alimlərindən biri olan Zərifə xanım Əliyeva öz elmi fəaliyyəti ilə Azərbaycan qadınının hansı zirvələrə yüksələ biləcəyini bütün dünyaya nümayiş etdirmişdir. O, oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlarla həm ölkəmizdə, həm də beynəlxalq elmi mühitdə böyük nüfuz qazanmışdır. Onun elmi irsi və əldə etdiyi uğurlar Azərbaycan qadınının potensialını parlaq şəkildə ortaya qoyaraq gələcək nəsillər üçün ilham mənbəyinə çevrilmişdir.

Zərifə Əliyeva Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri, tanınmış alim-oftalmoloq kimi tarixə düşmüşdür və elmi fəaliyyəti xüsusilə göz xəstəliklərinin öyrənilməsi və müalicəsi sahəsində mühüm nailiyyətlərlə zəngindir.

Zərifə xanımın elmi nailiyyətləri elə bir dövrə təsadüf edirdi ki, həmin illərdə Azərbaycanda traxoma geniş yayılmış, minlərlə insanın görmə qabiliyyətinə ciddi zərbə vurmuşdu. O, bu xəstəliyin qarşısının alınmasında və müalicəsində öncül rol oynamış, müasir tibb elminə mühüm töhfələr vermişdir. Eyni zamanda qlaukoma və digər göz patologiyalarının tədqiqi sahəsində də dəyərli araşdırmalar aparmışdır. Onun 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası traxomanın sintomisinlə müalicəsinə həsr olunmuş və əldə edilən nəticələr ölkənin klinik praktikasında geniş tətbiq edilmişdir.

Zərifə xanım 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi kimi elmi mühitdə fundamental rol oynamışdır. Onun tədqiqatları beynəlxalq elmi ictimaiyyətdə də yüksək qiymətləndirilmiş, Azərbaycan elminin dünyada tanınmasına xidmət etmişdir. Bununla yanaşı, o, gənc həkim və alimlərin yetişdirilməsinə xüsusi diqqət yetirmiş, milli kadrların formalaşmasına böyük töhfə vermişdir.

Qeyd olunanlarla yanaşı Zərifə Əliyeva millətin taleyini dəyişmiş Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Qarabağı azad edərək düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən Prezident İlham Əliyevin anasıdır. Deməli, Zərifə xanım elm sahəsində olduğu kimi həm də Azərbaycan cəmiyyətinin mənəvi və ictimai həyatında mühüm yer tutmuş, nümunəvi Azərbaycan qadını kimi tarixdə silinməz iz qoymuşdur. 15 aprel akademik Zərifə Əliyevanın anım günüdür. İllər sürətlə keçsə də böyüklük nümunəsi olan Zərifə xanımın işıqlı xatirəsi qədirbilən xalqımız tərəfindən daim ehtiramla yad edilir və ediləcək, onun elmi irsi və insanpərvər fəaliyyəti gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

Sosial həyat