Şamaxıda yüksək mədəniyyətli insan ideyası yenidən diqqət mərkəzində olub

post-img

10 aprel tarixində Azərbaycanın dilbər guşələrindən biri olan Şamaxı şəhərində keçirilən “Kulturologiya və insan kapitalının inkişafı” mövzusunda Kulturoloji Elmi Oxumalar elmi fikir, yaradıcı təfəkkür, ictimai məsuliyyət və dövlətin mədəniyyət strategiyasının bir nöqtədə qovuşduğu ciddi bir platforma kimi yadda qaldı. Şamaxı şəhərinin Yaradıcılıq Mərkəzində təşkil olunan bu toplantı Şamaxı rayonunun müxtəlif intellektual çevrələrini bir araya gətirməklə yanaşı, mədəniyyətin gələcəyi haqqında düşüncəni bölgə müstəvisində canlı müzakirəyə çevirdi. Tədbirin “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və “Simurq” Kulturologiya Mərkəzi tərəfindən həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrantı əsasında reallaşdırılması onun ideya və təşkilati çəkisini daha da artırdı.

Bu elmi oxumaların əsas məna yükü bir məsələ ətrafında cəmlənirdi: Azərbaycan cəmiyyəti gələcəyə hansı insan modeli ilə addımlamalıdır? Söhbət burada yalnız təhsilli, peşəkar və hazırlıqlı vətəndaşdan getmirdi. Söhbət eyni zamanda yüksək davranış mədəniyyətinə, estetik zövqə, mənəvi həssaslığa, milli kimlik şüuruna, intellektual məsuliyyətə malik insandan gedirdi. Məhz buna görə Şamaxıda keçirilən bu görüş bir proqram tədbiri çərçivəsindən çıxaraq, yüksək mədəniyyətli insan ideyasının ictimai müstəviyə qaytarılması cəhdi kimi böyük maraq doğurdu. Tədbirin rəsmi proqramında da açıq şəkildə görünürdü ki, müzakirəyə çıxarılan bütün mövzular insan kapitalının keyfiyyət məsələsi ətrafında qurulub.

Bu mənada tədbirin ideya sütunlarından biri Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası idi. Həmin konsepsiya 14 yanvar 2026-cı il tarixli sərəncamla təsdiqlənib və ölkənin mədəniyyət siyasətinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirir. Konsepsiyanın özü mədəniyyətin strateji resurs kimi dəyərləndirilməsini, milli-mənəvi irsin qorunmasını, müasir yaradıcılıq mühitinin genişləndirilməsini və insan amilinin önə çıxarılmasını prioritet kimi təqdim edir. Şamaxıda səslənən çıxışlar da bu dövlət baxışının müxtəlif istiqamətlər üzrə şərhinə çevrildi. Burada mədəniyyət milli inkişafın mahiyyət qatlarından biri kimi təqdim olundu. 

Tədbirin açılışında Azərbaycanda kulturologiya elminin banisi, professor Fuad Məmmədovun “Azərbaycan Mədəniyyəti – 2040” Dövlət Konsepsiyası kontekstində Azərbaycan mədəniyyətinin inkişafının strateji məqsədləri haqqında məruzəsi xüsusi maraq doğurdu. Bu çıxışda mədəniyyətin ümumi inkişafın birbaşa strateji hərəkətverici qüvvə olduğu ideyası ön plana çəkildi. Fuad Məmmədovun yanaşmasında diqqəti çəkən əsas məqam mədəniyyətin bəşəri keyfiyyətləri formalaşdıran sistem kimi təqdim olunması idi. Onun “Yüksək Mədəniyyətli İnsan” adlı slayd-şousu da məhz bu məntiqin davamı kimi qəbul olundu. Təqdimatda insanın düşüncə tərzi, davranış ölçüsü, estetik hazırlığı, mənəvi məsuliyyəti və dəyər sistemi vahid kulturoloji baxış içində təqdim edilirdi. Bu yanaşma zala bir sadə həqiqəti xatırlatdı: cəmiyyətin səviyyəsi, ilk növbədə, onun mədəni səviyyəsi ilə ölçülür.

Professorun bu çıxışı son dərəcə prinsipial səsləndi. O, mədəniyyəti gələcəyi quran intellektual mexanizm olduğunu vurğuladı. Beləliklə, yüksək mədəniyyət anlayışı təfəkkürü, davranışı, idarəetməni, təhsili və ictimai münasibətləri müəyyənləşdirən canlı meyar kimi şərh edildi. Bu baxış xüsusilə vacibdir, çünki çağdaş dünyada dövlətlərin rəqabət qabiliyyəti artıq təkcə iqtisadi potensialla ölçülmür; xalqın mədəni səviyyəsi, ictimai nizamı, düşüncə keyfiyyəti də bu rəqabətdə həlledici amilə çevrilir. Fuad Məmmədovun məruzəsi də məhz bu həqiqəti nəzəri çərçivədən çıxarıb ictimai müzakirə predmetinə çevirdi.

Professor Minaxanım Əsədlinin “Azərbaycanda kulturologiyanın tədrisi problemləri” mövzusunda çıxışı tədbirin ən vacib elmi istiqamətlərindən birini önə çəkdi. Onun çıxışında kulturologiya cəmiyyətin özünü tanıma aləti kimi təqdim olundu. Bu, çox mühüm vurğudur. Çünki öz mədəni proseslərini anlamayan cəmiyyətin gələcək inkişaf trayektoriyasını dəqiq müəyyənləşdirməsi də çətinləşir. Minaxanım Əsədlinin çıxışından irəli gələn başlıca nəticə bundan ibarət idi ki, kulturoloji biliklər cəmiyyətin düşüncə intizamını formalaşdıran əsas təməl qatlarından biridir. Mədəniyyət barədə səthi təsəvvürlərlə böyük strateji hədəflərə çatmaq mümkün sayılmır. Bunun üçün elmi baza, ardıcıl tədris, konseptual hazırlıq və peşəkar yanaşma zəruridir.

Bu məruzədə həm də mühüm bir narahatlıq hiss olunurdu: kulturologiyanın tədrisində mövcud boşluqlar gələcək nəsillərin mədəni düşüncə imkanlarına birbaşa təsir göstərir. İnsan öz tarixi-mədəni kodlarını, dəyərlər sistemini, dünya ilə münasibət qurma formasını elmi əsaslarla mənimsəmədikdə, informasiya axınının içində çox asanlıqla səthə sürüşür. Şamaxıda bu məsələni gündəmə gətirmək xüsusi əhəmiyyət daşıyırdı. Çünki bölgələrdə keçirilən belə görüşlər göstərir ki, mədəniyyət siyasətinin real nəticəsi ölkənin hər bir guşəsində elmi düşüncənin hansı səviyyədə yayıldığı ilə ölçülür.

Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Vüsalə Məmmədzadənin “Davranış mədəniyyəti – yüksək mədəniyyətli azərbaycanlıların formalaşmasının ən vacib prioriteti kimi” mövzusunda çıxışı tədbirə sosial-etik dərinlik gətirdi. Bu çıxışın əhəmiyyəti ondadır ki, mədəniyyət anlayışı çox zaman yalnız sənət, ədəbiyyat, musiqi, teatr və tarixi irs kontekstində düşünülür. Halbuki cəmiyyətin gündəlik davranış kodları, ünsiyyət tərzi, ictimai məkan mədəniyyəti, qarşılıqlı hörmət ölçüsü də mədəniyyətin ən canlı və görünən təzahürləridir. Vüsalə Məmmədzadə məruzəsində məhz bu məqamı qabartdı: yüksək mədəniyyətli insanı yetişdirmək üçün bilgi və  davranış mədəniyyəti başlıca prioritetlərdən biri kimi dərk olunmalıdır.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Svetlana Bayramovanın “Azərbaycanlıların milli kimliyinin və meritokratik mədəniyyətinin formalaşdırılması zərurəti haqqında” çıxışı isə toplantının ictimai-fəlsəfi istiqamətini daha da genişləndirdi. Burada söhbət milli kimlikdən gedirdi. Məruzənin məğzində milli kimliyin bilik, ləyaqət, məsuliyyət, peşəkarlıq və vətəndaş şüuru əsasında möhkəmlənməsi ideyası dayanırdı. Meritokratik mədəniyyətə vurğu da təsadüfi görünmürdü. Çünki inkişaf edən cəmiyyətlərdə irəliləyişin meyarı bilik, bacarıq və əməyin dəyəri olur.

Svetlana Bayramovanın çıxışı bu mənada çağdaş Azərbaycan cəmiyyətinin inkişafı üçün vacib olan bir məsələni gündəmə gətirdi: milli özünüdərk ilə sosial ədalət eyni xətt üzərində düşünülməlidir. Milli kimlik həm də ictimai münasibətlərdə keyfiyyət meyarına çevrilməlidir. Bilikli insanın dəyər gördüyü, ləyaqətli insanın irəli çəkildiyi, mənəvi zənginliyin hörmət qazandığı mühit milli inkişafın sağlam dayağı hesab oluna bilər. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kulturoloq-yaponşünas Əbülfəz Babazadənin “Medianın mədəni missiyası: informasiya cəmiyyətində Azərbaycan insan kapitalının estetik, mənəvi və intellektual inkişafının strateji istiqamətləri” mövzusundakı məruzəsi isə tədbirin ən çağdaş və ən həssas çıxışlarından biri kimi seçildi. Çünki bugünkü dövrdə media gündəlik zövqü formalaşdırır, cəmiyyətin nəyi vacib saydığını müəyyənləşdirir, düşüncəyə ritm verir, davranış normalarını dolayısı ilə tənzimləyir, milli intellektual mühitə təsir göstərir. Əbülfəz Babazadə bu prosesləri mədəni missiya prizmasından təqdim etməklə mühüm bir məsələyə diqqət yönəltdi: informasiya bolluğu şəraitində mədəni keyfiyyət məsələsi daha da kəskinləşir.

Professor Səlahəddin Əyyubovun “Universal kulturoloji biliklərin yayılması və Azərbaycanda mədəniyyət haqqında yeni qanunun qəbul edilməsi zərurəti haqqında” mövzusunda məruzəsi toplantıya sistemli dövlətçilik baxışı gətirdi. O, mədəniyyət sahəsinin dayanıqlı inkişafı üçün hüquqi baza və konseptual çərçivənin də vacib olduğunu önə çəkdi. Mədəniyyətin qanunla, mexanizmlə, elmi biliklə, idarəetmə iradəsi ilə möhkəmləndirilməsi isə bu sahənin gələcəyini daha etibarlı edir.

Tədbirin xüsusi təsir bağışlayan məqamlarından biri professor Fuad Məmmədovun müəllifi olduğu “Yüksək Mədəniyyətli İnsan” kitabının bütün iştirakçılara hədiyyə olunması idi. Bu detal zahirən sadə görünə bilər, ancaq onun mənəvi və simvolik yükü xeyli böyükdür. Hər bir iştirakçıya həmin kitabın təqdim edilməsi ideyanın birbaşa insanın düşüncə məkanına daxil olması demək idi. 

Şamaxıda baş tutan görüşün mühüm siyasi-mənəvi çalarlarından biri də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla keçirilən görüş oldu. Həmin görüşdə o, qonaqlar və şəhər ictimaiyyətinin qarşısında, daha fərqli bir rakursdan, mədəniyyət məsələlərinə həssaslıqla yanaşan, insan amilinin dəyərini anlayan, yüksək mədəniyyətli şəxsin cəmiyyətdəki yerinə xüsusi diqqət göstərən bir idarəçi obrazında yadda qaldı. 

Məhz bu məqam toplantının ümumi ovqatına xüsusi rəng verdi. Çünki bəzən bölgələrdə keçirilən tədbirlərdə yerli icra strukturlarının münasibəti ümumi atmosferi müəyyənləşdirən əsas amilə çevrilir. Şamaxıda isə Tahir Məmmədovun sərgilədiyi yanaşma mədəniyyətə formal tədbir kimi baxılmadığını hiss etdirdi. Onun kulturoloji baxışları, insana diqqət mərkəzli münasibəti, xüsusən yüksək mədəniyyətli insan amilinə verdiyi dəyər iştirakçılarda ümid yaratdı ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası bölgələrdə də planlı, ardıcıl və geniş miqyasda həyata keçiriləcək. 

Belə bir mənzərə, təbii ki, cəmiyyətdə nikbin ovqat formalaşdırır. Çünki dövlət sənədlərinin real həyatda işləməsi üçün həm mərkəzdə strateji iradə, həm də yerlərdə onu duyan, anlayan, sahiblənən münasibət lazımdır. Şamaxıdakı görüş bu iki xəttin üst-üstə düşə bildiyini göstərdi. Prezident səviyyəsində təsdiq olunmuş konseptual baxışla yerli idarəetmə mühitində müşahidə olunan mədəni həssaslığın bir araya gəlməsi tədbirin başlıca ümid nöqtəsinə çevrildi. Mədəniyyətin gələcəyi barədə nikbin danışmaq üçün bəzən bir yaxşı qəbul, bir doğru yanaşma, bir də səmimi intellektual dialoq kifayət edir. Şamaxıda həmin üç amilin hər biri duyulur, hiss edilirdi. 

Tədbirin yekununda kulturoloji müzakirələrin aparılması və Bəyannamənin qəbul olunmasının nəzərdə tutulması da göstərdi ki, bu görüşdə səslənən ideyalar müəyyən nəticəyə, ümumi mövqeyə və gələcəyə yönəlmiş niyyətə çevrilib. 

Bu görüşdən sonra aydın görünən əsas həqiqət belədir: Azərbaycan mədəniyyətinin gələcəyi strateji sənədlə, elmi arqumentlə, ictimai müzakirə ilə, media məsuliyyəti ilə, davranış etikası ilə, hüquqi zərurətlə və ən başlıcası insan amili ilə birlikdə düşünülür. Şamaxıda toplaşan elmi və yaradıcı ictimaiyyət də bu həqiqəti təsdiqlədi. Həmin gün bir daha aydın oldu ki, yüksək mədəniyyətli insan ideyası, Azərbaycanın sabahı üçün zəruri inkişaf düsturudur.

XQ













Sosial həyat